Almaniyanın paytaxtı Berlində Azərbaycan səfirliyi qarşısında bu gün baş tutan növbədənkənar seçkiyə qarşı keçirilən etiraz aksiyası zamanı iştirakçılardan biri, Tural Sadiqlini bıçaqlamağa cəhd ediblər. Bu barədə Mikroskop-a mitinq təşkilatçılarından biri, “Oyan” hərəkatının İdarə Heyətinin üzvü Rəsul Mürsəlov deyib. Onun sözlərinə görə, hadisəni mitinq boyunca onları kənardan izləyən şəxslər törədib.
R.Mürsəlov deyib ki, mitinq zamanı da təxribat cəhdləri olsa da polis mane olub.
“Mitinq bitəndən sonra xüsusilə çağırış etdim ki, qrup halında uzaqlaşaq, çünki yenidən təxribat ola bilər. Bu zaman Tural Sadiqli arxada qaldı, tək qalmasın deyə yanına getdim. Gedəndə gördüm ki, bayaqdan mitinq boyu bizi izləyən 3 nəfər gürcü ona hücum elədi. Birinin əlində bıçaq var idi və təpik atdılar ki, Tural yerə yıxılsın, yerdə bıçaqlasınlar. Polis orada olduğu halda Turalı vurmağa çalışırdılar. Sonradan onların 3-ü də həbs olundu və biz də polis müşayiəti ilə mitinq ərazisindən uzaqlaşdıq”.
Aksiya iştirakçısı hesab edir ki, bu hadisəyə görə məsuliyyəti Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov daşıyır:
“Biz bunları əvvəlcədən hesablamışdıq, bilirdik ki belə ola bilər. Bunlar bizi qorxutmur”.