ATƏT Azərbaycanda ötən gün keçirilən növbədənkənar prezident seçkilərinin gedişatında apardığı müşahidələrin nəticəsini açıqlayıb. Qurumun apardığı müşahidələrin nəticəsində qeyd olunur ki, Azərbaycanda seçkilər həqiqi rəqabət şəraitində keçməyib.
Məlumatda bildirilir ki, seçki məhdud siyasi mühitdə və təməl insan hüquq və azadlıqlarının pozulması şəraitində keçib.
Bəyanatda prezidentliyə namizədlərin hazırkı prezidenti birbaşa tənqid etməməsi, hazırkı prezidentin seçkiqabağı təşviqat kampaniyası çox yaxşı təşkil olunduğu halda digər namizədlərin bundan məhrum olması qeyd edilib.
AŞPA müşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viorel Rişard Badea bildirib ki, seçki günü onlar bir sıra qanun pozuntuları müşahidə ediblər, amma bunun seçkilərin nəticələrinə necə təsir etdiyini bilmirlər.
ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar Koryen Yonker isə bildirib ki, əsl demokratik seçkilərin keçirilməsi üçün vacib olan fundamental hüquq və azadlıqlar məhdudlaşdırılıb. Yonker vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl etməli və vətəndaşların demokratik hüquqlarına hörmətlə yanaşmalıdır.
Yekun hesabat iki ay ərzində yayımlanacaq.