Azərbaycanda məhkumlara tətbiq olunacaq eletron nəzarət vasitələrinin siyashısı təsdiqlənib. Baş naizr Artur Rasizadənin təsdiqlədiyi siyahıya görə məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə 4 növ vasitə – elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü tətbiq edilə biləcək.
Azadlıq Radiosu xəbər verir ki, elektron qolbaq şəxsin ayağına bağlanacaq. Həmin vasitə coğrafi yerdəyişməni izləyəcək, monitorinq mərkəzinə bununla məlumat ötürəcək. Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə ediləcək. O, daim şəxsin yanında olacaq, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə verəcək.
Ev nəzarət stansiyası da elektron qolbaqla birgə istifadə edilməlidir. O, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır.
Evdə quraşdırılmalı olan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.