98 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145-ci, sonuncu iclası keçirilib. Ölkədəki vəziyyətə görə fövqəladə iclas keçirən parlament saat 20:45-də toplanıb.
Parlamentin stenoqram sənədlərinə əsasən həmin gün keçirilən müzakirələrdən çıxarışları təqdim edirik.
Sonuncu iclasa sədrlik edən Məhəmməd Yusif Cəfərov iclasa başlamadan əvvəl tarixi qərarın veriləcəyi toplantının açıq, yoxsa qapalı keçirilməsi barədə iştirakçılara sual verib. Sədrin sualına Məhəmməd Əmin Rəsulzadə belə cavab verib.
“Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək. (Şəfi bəy Rüstəmbəyov, “Azərbaycan” qəzetinin redaktoru ağlayır).
Səs çoxluğu ilə iclasın açıq keçirilməsinə qərar verilib.
İlk çıxış edən Məhəmməd Həsən Hacınski “Azərbaycan kommunist” firqəsinin məktubunu oxuyur və onların təkliflərini səsləndirir. Həmin firqə təklif edir ki, Azərbaycan hökuməti “Kommunist firqəsi”inə təslim etməlidir və söz verirlər ki, onların şərtləri qəbul olunsa, Qızıl Ordu Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər:
“Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: – əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər”.
Adı çəkilən firqənin məktubunda o da qeyd olunur ki, əgər təslim olmasalar məsuliyyət Parlamentin boynundadır.
M.H.Hacınski isə öz fikrində deyir ki, hətta təzyiq altında belə bir millətin müqəddəratını bir firqəyə əmanə etmək olmaz. Həmçinin ölkə sərhədlərindəki vəziyyəti də tənqid edir:
“Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə ictimaiyyətin fikrilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və Azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz”.
Səmədağa Ağamalıoğlu:
“Təslimdən başqa çarə yoxdur, çünkü artıq iş işdən keçib. Məsələ burasındadır ki, millətin əminamanlığını qorumaq lazımdır. Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar. Tarix bunu göstərir ki, bir adam daimi qala bilməz. Doğrudur, bir az ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əliheydər Qarayev, indi də gəl sən otur, görək neyləyirsən. Bizdə kişilik varsa, bunu etiraf etməli və deməliyik ki, sən otur, bəlkə sənin məramnamən bizimkindən daha yaxşıdır, və millətə bizdən də yaxşı xeyir verz bilərsən”
Aslan bəy Səfikürdlü:
“İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən hökuməti veririk öz camaatımıza – yəni fəhlələrə və kəndlilərə ki, onlar da bunu istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük.”
Səfi bəy inanırdı ki, hökuməti Azərbaycan kommunistlərinə vermək lazımdır, əgər onlar Azərbaycanın müstəqilliyini söz verdikləri kimi qorumasalar onda camaat özü azadlığını müdafiə edəcək.
Məmməd Əmin Rəsulzadə:
“Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
Hacıkərim Sanıyev də Rəsulzadənin dediklərini təsdiqləyir və düşünür ki, etimad göstərilən şəxs vəzifəsini yerinə yetirə bilməzsə, onda bu etimad geri götürülür və onlar da bu cür edəcəklər.
Bundan sonra hökumətin Azərbaycan kommunistlərinə verilməsi məsələsi səsə qoyulur və səs çoxluğu ilə qəbul edilir. Bir nəfər təklifin əleyhinə səs verir. 3 nəfər bitərəf qalır, 3 nəfər isə ümumiyyətlə səs vermir.
Daha sonra isə bu parlamentin taleyinin necə olacağı sualı verilir və Ağa Aşurov çıxışında deyir ki, kommunistlər parlament istəmir:
“Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir”.
Müsavat fraksiyasından Muxtar Mahmudov ümumi vəziyyəti izah edir və bildirir ki, bu qərar Şimaldan hücum edən qüvvənin təsiri altında qəbul edilir.
“Deyirlər ki, təzə firqə bəlkə Parlamenti qovub dağıtsın, lakin Parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, Parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır”.
Çıxışının sonunda M.Mahmudov təslim olmağın texniki tərəflərinə toxunur və deyir ki, ordu və s. məsələləri həll etmək lazımdır:
“Gərək bunların hamısını hökumət qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, Parlamentin və hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz”.
Parlamentin taleyinin necə olacağı barədə sual verən Aslan bəy Qardaşov sualını geri götürdüyünü və müzakirəyə ehtyac olmadığını deyir. Sədr saat 23:25-də parlamentin iclasını bağlayır.
Azərbaycan Parlamentinin bu stenoqraması dövlət arxivində saxlanılmadığından, o, mərhum akademik Ziya Bünyadovun Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin arxivindən götürərək, “Elm” qəzetində çap etdirdiyi nüsxə əsasında dərc olunub.