Avropa Şurası Parlament Assambleyası aprelin 26-da qurumun bir neçə üzvünün Azərbaycanla münasibətdə korrupsiya hallarına yol verməsi ilə bağlı iddiaların olduğu hesabatı qəbul edib. 123 səslə qəbul olunan hesabat Avropa Şurasının 10 ay davam edən istintaqının nəticəsi kimi hazırlanıb. Hesabatda deyilir ki, AŞPA-nın bəzi deputatları Azərbaycandan xalça, bahalı zinət əşyaları, suvenirlər alıb. Onların arasında hətta seks xidməti təklif olunanlar da var. Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu hesabatın məhz Azərbaycanla bağlı hazırlanmağına etiraz ediblər və nümayəndə heyətinin sədri Səməd Seyidov bu addımın özünü korrupsiya adlandırıb. Bildirib ki, ona belə Avropa Şurası lazım deyil.
Məsələ ilə bağlı prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da öz Facebook səhifəsində “AŞPA-da yeni anti-Azərbaycan kampaniyası haqqında” başlıqlı post yazıb. Həmin postdan çıxarışları təqdim edirik.
Görünür, məhz bu mənzərə – bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib.
Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir.
Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir.
Dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.
İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir.
ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir.
Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?
Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?
Siyasi pərdəarxası xəbərlərin aktiv izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini belə stereotip düşüncəsi olan, yeni “fəth edilmiş” keçmiş sovet əyalətinə qənimət dalınca gedən “quldurlara” verib onlarlamı işləməliydik?
2013-cü ildə iflasa uğramış bədnam “Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı “korrupsiya hesabatından” sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi?
bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır. Çox mühüm səbəb budur – lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar.
Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar.
Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl “niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir. İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?
Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək.