Elton Quliyev – 2002-2003-cü illərdə, Cinayət Məcəlləsinin — müharibə və döyüş şəraitində qulluq mövqeyindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, külli miqdarda dövlət əmlakını talamaqda, qanunsuz silah gəzdirməkdə təqsirli bilinən, keçmiş müdafiə naziri Rəhim Qazıyevin vəkili olub. Bu prosesin tarixi əhəmiyyəti hər şeydən əvvəl burada Şuşa və Laçın rayonlarının işğalının əsas araşdırma predmeti olmasında idi. Məhkəmə bitəndən sonra Elton Quliyevin 2004-cü ilin fevralında “Bakı xəbər qəzeti” nə (müsahbəni Mətanət Müslümqızı götürüb) verdiyi müsahibədən bir parçanı təqdim edirik.
“Çox ağrılı gəlir ki, Şuşa nə qədər biganəlik, soyuqqanlılıqla müdafiəsiz qoyulub, boşaldılıb. Şuşa döyüş nəticəsində işğal olunmayıb. İş materiallarından kifayət qədər aydın görünür ki, 1992-ci il mayın 8-də qanlı döyüşlər nəticəsində Şuşada saat 3-dən sonra bir nəfər də erməni qalmayıb. Onlar tamamilə şəhərdən çıxarılıb və sakitlik əmələ gəlib. Ondan sonra saat 6 radələrində briqada komandiri Elbrus Orucov bir-bir mövqeləri gəzərək iki saat sonra daha güclü hücumun olacağını, köməyin, Şuşanın müdafiə imkanlarının olmadığını döyüşçülərə həzm etdirib. Orada Müdafiə Nazirliyinin yüksək çinli zabitləri olub. Onlar şəhərdən çıxmaq barədə E.Orucovun verdiyi əmrə tabe olmaq və şəhəri tərk etmək istəməyərək qalıb ölməyi üstün tutublar. Əslində, döyüşçüyə ruh yüksəkliyi verməli olan şəxsin bu cür əhval-ruhiyyə yaratması çox müəmmalıdır. Həqiqətənmi qorxub, döyüşçüləri əbəs yerə qurban vermək istəməyib, yaxud dediyi kimi döyüşə başqa taktika ilə hazırlaşmaq istəyib?
Açığı, bunu söyləmək çətindir. O, özünü bu məhkəmədə çox qeyri-səmimi apardı. Verdiyi ifadəsində o, mayın 7-də axşam 7-də ermənilərin Şuşaya hücum edəcəyi barədə
kəşfiyyat məlumatı aldığını bildirib. Belə olduğu halda, gecə saat 3-ə 15 dəqiqə qalmış, yəni düşmənin birinci mərmisi şəhərə düşənə qədər nəyə görə Şuşanın müdafiəsi təşkil olunmayıb? Nəyə görə belə kəşfiyyat məlumatı əldə edəndən sonra Şuşada olan xüsusi təyinatlı hərbi hissənin komandiri tapılmayıb, tapılanda isə sərxoş vəziyyətdə olduğu aşkar olub? Bu sualların hamısına istintaq cavab tapmalı idi. Rəhim Qazıyev Şuşanın işğalında günahkar olsaydı belə, o, bunu tək edə bilməzdi. İstintaq orqanı onu bu hadisələrdə təqsirli bilirdisə, bu işin icraçılarını da tutmalı idi.
Rəhim Qazıyevə qarşı irəli sürülən ittihamları təsdiq etməkdən ötrü ittiham tərəfi sübut ortaya qoya bilmədi. Şuşa və Laçın hadisələrinin əsl günahkarlarını bu məhkəmə prosesində tam və istənilən səviyyədə araşdırmaq mümkün deyil. Həmin ərazilərin işğalı 1992-ci ildə istintaqın ilkin mərhələsində obyektiv araşdırılmağa başlayıb. Amma müəyyən dövrdən sonra orada bir “dönüş” yaradılıb. Əgər istintaqın ilkin mərhələsi, həqiqətən, bu hadisələrin açılması niyyəti ilə aparılıbsa, müəyyən bir məqamdan sonra artıq istintaq bu hadisələri açmaq yox, Rəhim Qazıyevi günahlandırmaq məqsədilə aparılıb. Şuşa-Laçın hadisələrinin tam istintaqı aparılmadığına baxmayaraq, bu məhkəmə istintaqında belə, həmin rayonların hansı səbəbdən və hansı şəraitdə işğal olunduğu ilə bağlı görüntülər üzə çıxdı. Onların düşmən tərəfindən işğal olunmasında təqsiri olan digər adamların adları çəkilsə də, sübuta yetirilsə də, onların təhrikçiləri, bu işə sövq edən səbəblər açılmayıb və bu məhkəmədə bunu tam açmaq mümkün deyil.
Əsl təqsirkarların əməllərinin araşdırılmasına və bütün səbəblərin müəyyənləşdirilməsinə çox böyük ehtiyac var. Bu cinayət işindən xeyli adamla bağlı hissə ayrılıb və onların taleyi bəlli deyil. Döyüşçülərin bəziləri Şuşada döyüşlər gedərkən yaralıların şəhərdən çıxarılmasında iştirak ediblər. Azay Kərimov (Polkovnik, Qarabağ döyüşlərinin iştirakçısı) demişdi ki, yaralıları şəhərdən çıxaranda Turşsuda Şuşaya köməyə gələn xeyli qüvvənin dayandığının şahidi olub. Bu mövqe çox adamların ifadələrində göstərilib. Görün, nə baş verir? Şuşada döyüş gedir, eyni millətdən olan insanlar qırılır, yaralılar bunların gözünün qarşısında aparılır.
Amma şəhərə köməyə gələn və 21 km-də dayanan qüvvələr nəyisə gözləyirlər. Turşsuda sanatoriya yoxdur, dəlixana da yoxdur. Hərbi hissələrin dislokasiyası da yoxdur. Niyə Şuşaya köməyə göndərilən qüvvələr şəhərə girmirlər? Nə üçün Səfər Əbiyevə verilən və Şuşaya göndərilən 20 tank şəhərə gedib çıxmır? Bunların hamısını istintaq araşdırıb obyektiv nəticə ortaya qoymalı idi. Cinayət işinin materiallarında qərəzli bir hərbi-taktiki ekspertiza rəyi var. Rəydə yazılıb ki, şəhərdə olan canlı qüvvə və texnika ilə Şuşanı düşməndən müdafiə etmək mümkün idi. Onda sual yaranır: niyə şəhər müdafiə olunmayıb? Bu suala kim cavab verməlidir? Qoy istintaq yazsın ki, tək adam zorla canlı qüvvəni və texnikanı şəhərdən çıxarıb.
İştirak etdiyimiz məhkəmə prosesindəki sübutlara istinad edərək deyə bilərəm ki, Şuşa və Laçının işğalı ilə bağlı Rəhim Qazıyevə qarşı sürülən ittihamları isbat edə bilmədilər. Bütün bunlarda məqsəd Şuşa və Laçınla bağlı həqiqətləri gizlətməkdən ibarətdir”.
Sevda Sultanovanın “Elton Quliyev” kitabından
originalını bu linkdən oxu