Zaur Qurbanlı
Uşaq böyüdükcə sevdiyi hədiyyələri, məşğuliyyətləri ona lütf etmək üçün bəzi günləri seçmək lazımdır, deyə düşünürəm. Məsələn, hansısa yeməyi (fast food kimi) nadir hallarda vermək lazımdır. Verəndə sevinəcəksə, bu zaman xüsusi günlər seçmək lazımdır ki, həmin günləri də sevsin. Məsələn, bəzi bayramları.
Novruz kimi min illik ənənəni əks etdirən bayramlar OK. Amma, məsələn, 28 may bayramı mübahisəlidir. Uşağa öz ideologiyamızı yeritməliyikmi? Bu barədə xeyli düşünmüşəm. Məsələn, hələ uşağın bayraqla şəklini-zadı çəkməmişəm, artıq dil açmağa başlayır tezliklə, hələ ki, “Azərbaycan de, Atilla” deməyəcəyəm.
Amma son günlər ətrafıma baxıb götür-qoy edəndə belə qərara gəlirəm ki, şəxsən mənim uşağa ideologiyamı təlqin etmək haqqım var. Bu haqqı da almağımın səbəbi təlqin edəcəyim ideologiyadır. Ümumiyyətlə, uşağa ideologiya təlqin olunmalıdırmı? Qanunvericilik valideynə bu icazəni, əsasən, verir. Əlbəttə, faşizm kimi ideologiyaları istisna edir, amma hər bir halda valideynin uşağı öz inandıqlarına uyğun tərbiyə etmək haqqı var.
Qanunvericilikdən savayı, mən belə düşünürəm ki, ideoloji olaraq təməl bəşəri dəyərlər təlqin olunmalıdır. Burada söhbət ən adi etik qaydalardan getmir. “Başqasına tüpürməzlər”, “Ayaqqabı ilə xalçanın üstünə çıxmazlar”… Bu, əslində təməl bəşəri dəyərlərin tətbiqi şəkilləridir, amma söhbət bunlardan getmir. Uşağa insanın, eləcə də digər canlıların, təbiətin, ətraf mühitin dəyərli olması, insanların fərqli və bərabərhüquqlü olması, hər kəsin hörmətə layiq olması və s. kimi dəyərlər təlqin olunmalıdır.
Bir az böyüdükcə isə bunları niyə öyrətdiyinin səbəblərini öyrədərək, ideologiyanı da yeritməlisən. Məsələn, individualizmi izah edə bilərsən, hüquq bərabərliyini, bərabər imkanları,bir sözlə liberalizmi izah edə bilərsən. İstəsən, lap libertarianlığa da gedə bilərsən. Əsas odur ki, təməl insan hüquq və azadlıqlarına zidd olmayan ideoloji baza yaratmalısan onun üçün. Çünki bu baza olmayanda uşağın əldə edəcəyi biliklər çox təhlükəli fəaliyyət üçün xammal ola bilər.
Şimali Koreyanın güclü haker dəstəsi var, İŞİD-də də həmçinin, Hitlerin alimləri, atom bombası ixtiraçıları və s. Savadlı, təhsilli adamlar asanlıqla əclaflıq edə, özlərini itirə, şərə qulluq edə bilirlər. Güclü ideoloji bazası olmayan, amma həqiqətən yaxşı adam olan neçə nəfər görmüşəm ki, yelkənsiz qayıq kimi qalıblar ortada, dinin, yaxud intiharın bir addımlığındadırlar. Savad da var, təhsil də, tərbiyə də, amma ideologiya zəifdir, sistemli düşünə bilmir, xammalını necə istifadə edəcəyini bilmir, rasiosu emosiyasına qulluq edir, amma onu cilovlaya bilmir, çünki ağlında olan çoxlu informasiya xaotikdir, istiqamətlənməyib, emosiyası bu nəhəng enerjini istənilən sahəyə istiqamətləndirə bilir.
Bir də görürük ki, ağıllı, savadlı adamdır, gedib Erdoğana, Trump-a səs verir. Çünki əvvəldən ideoloji bazası qurulmayıb və ya düzgün qurulmayıb. İnformasiya gəlib, gəlib, amma istiqamətləndirilməyib. Adi bir emosional şokla – bir seçki posteri ilə, bir güclü natiqin çıxışı ilə, bir dəfə üstünə qışqırmaqla, bir qorxu ilə, bir şirnikləndirmə ilə, bir rüşvətlə… bütün bu informasiya istiqamətlənir hansısa əclaf məqsədə.
Uşaqlarda ideoloji baza yaratmalı, onları istiqamətləndirməliyik ki, bu qədər nəhəng və sərhədsiz informasiya axınının içərisində itib-batmasınlar, əksinə onlara çatan informasiyadan öz məqsədləri üçün istifadə edə bilsinlər. Bu məqsədi ayrılıqda təhsil, ayrılıqda tərbiyə, ayrılıqda ətraf mühit və s. vermir, təhsili, ətraf mühitin formalaşmasını, tərbiyəni və s.-ni seçərkən də həmin o formalaşdırmağı məqsəd qoyduğumuz ideologiyanı əsas tutmalıyıq.
Ona görə də düşünürəm ki, uşaq McDonalds yemək istəyirsə, bunu ona ildə bir neçə dəfə lütf edim, bu günlərdən biri də 28 may olsun. Cümhuriyyətimizi uşağa sevdirim. Liberal edim onu. Sonrasını özü bilər.