Azərbaycanda bağçada, məktəbdə, küçədə və s. yerlərdə uşaqların böyüklər tərəfindən hansısa hərəkətlərinə görə döyülməyi ilə bağlı kifayət qədər çox video görüntü yayılıb. Bunlardan ən sonuncusu da 11 iyunda özəl uşaq bağçasında tərbiyəçinin uçaqlardan birinə qarşı etdiyi fiziki zorakılıq görüntüləridir. Küçədə, avtobusda, metroda, yaxud da evdə, uşağını döyməklə düzgün tərbiyə etdiyini düşünən minlərlə valideyn var. Onların hamısının video görüntüləri yayılmasa da bu həmin halların həqiqətən yaşandığını inkar etmir. Bəs böyüklər – müəllimlər, tərbiyəçilər, valideynlər niyə elə hesab edir ki, uşaqların səhv hərəkətini, bilmədiyi şeyləri ona məhz döymək üsulu ilə öyrətmək olar? Mikroskopun xahişi ilə psixoloq Leyla İbrahimova bunun səbəbini izah edir.
1
İnsanlar niyə uşağı döyməyi düzgün tərbiyə metodu hesab edirlər?
Bunun bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, özləri də valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıblar. Uşaq üçün ən qiymətli insanlar onun valideynləridir. O, valideyninin elədiyini tənqid etməkdənsə, böyük ehtimalla özünü elədiyi nədəsə günahkar hesab edəcək, ona görə də hətta yetkin insanlar belə “yaxşı edib döyürdülər, mən çox dəcəl idim” kimi arqumentlər gətirirlər. Digər səbəb ondan ibarətdir ki, döymək – operativ və sürətli, göz qabağında olan nəticələr verir. Nəyisə sındırdığına, kəsdiyinə, ayağını suya saldığına, icazəsiz nəyisə götürdüyünə və s. görə uşağa yerindəcə verilən fiziki cəza onu ikinci dəfə bu hərəkəti eləməkdən əlbəttə ki, çəkindirəcək. Çox effektiv metoddur, elə deyilmi? Valideyn vaxt sərf edib uşaqla danışmadı, başa salmalı olmadı, enerji sərf edib öz affektiv hisslərini, qəzəbini idarə etmədi, səbr göstərməli olmadı. O adətən özündən güclülər qarşısında səbrli olur, hirsini cilovlamalı olur, uşaq isə kimdir ki, ondan zəifdir, cavab verə bilməz, onu işdən çıxara bilməz. Ona görə də, valideyn ailədə, işdə yaşadığı uğursuzluqların hirsini uşağa proyeksiya edir. Sabah uşaq çətin ki, həmin hərəkəti eləsin, amma ona görə yox ki, nəyisə düz eləmədiyini anladı, ona görə ki, yenə cəza almaqdan, ağrı, alçaldılma hiss etməkdən qorxacaq.
2
Döyülən uşağın beynində nə baş verir?
Bu “sürətli tərbiyənin” digər üzü də var. Uşaqlar döyüldükcə inadkarlaşırlar, çünki inadkarlıq çox vaxt zorakılığa reaksiya kimi ortaya çıxır. Onlar qadağan olunmuş hərəkəti yenə də eləməyə davam edirlər, sadəcə olaraq, bunu gizlicə edirlər. Cəza qorxusu uşağı riyakar, yalançı, ikiüzlü edir. Ümumiyyətlə, müntəzəm döyülən uşaqların beynində ciddi struktur-hormonal dəyişikliklər gedir. İnsan dərisi hər dəfə neyronlarla beynə ağrı siqnalları ötürəndə həyəcan, təşviş, qorxu və kədər hisslərinə cavabdeh olan hormonların ümumi konsentrasiyası artır, bu hal adiləşdikcə, sevinc, qürur, sevgi, şəfqət kimi hisslərə cavabdeh olan hormonların isə xroniki olaraq çatışmazlığı başlayır. Uşaq beyni çox plastikdir. Hər şəraitə çox tez adaptasiya edir. Pis şəraitə də, yaxşıya da.
3
Məhz bu tip hormonal disbalans vəziyyətində uşaq bədənində nələr baş verir?
Stress hormonlarının sabit aktivliyi ona gətirir ki, uşaqlar daima qorxu, həyəcan içində olurlar, kənardan absurd təsir bağışlayan səbəblərə görə narahat olurlar, yuxarı və aşağı ətraflarında titrəmə, passivlik, disleksiya, özündən əmin olmamaq, uğursuzluqdan, valideynin gözündə pis olmaqdan qorxular və s. kimi hallar keçirirlər.
Xoşbəxtlik və xoş duyğulara cavab verən hormonların əskik olması isə mədə-bağırsaq pozuntuları, həddən çox yemək, piylənmə, ən dəhşətlisi isə, xroniki depressiyalara, müxtəlif psixi və əsəbi pozuntulara səbəb olur.
Depressiyaların növləri olduqca müxtəlifdir və hər uşaqda çox fərqli təzahür edir. Fərq isə hər bir uşağının aldığı fiziki cəzaların xarakteri, səbəbi ilə əlaqəlidir. Kimisə çubuqla döyürlər, kiminsə dərisinə qızdırılmış dəmir alətlər basırlar, kiməsə sadəcə ənsə hissədən yüngülcə vururlar, kiminsə əllərinə xətkeşlə, kiminsə üzündən sillə, kimisə sadəcə otaqda tək bağlamaqla, kiməsə yemək verməməklə cəza verirlər.
4
Müntəzəm ağrı hiss edən və cəza alan uşaqlarda hansı psixi pozuntular yaranır?
Bunlar ilk növbədə Sarışan Hallar Sindromu (Obsessive Compulsive Disorder) və Həyəcan Pozuntusudur (Anxiety Disorder). Hər iki pozuntunu adətən ümumi depressiv fon izləyir. Fəsillərdən, günəşli günlərin sayından və ümumi stressli situasiyaların müntəzəmliyindən asılı olaraq artıb-zəifləyə bilir. Sarışan hallar sindromunun daşıyıcılarında günah hissi, simmetriya aludəliyi, ideal təmizlik, ideal olmaq kimi tələblər, özünə və digər insanlara qarşı yüksək tələblər və bunlarla bağlı obsessiv, qurtulmaq mümkün olmayan fikirlər, daxili rahatlıq tapmaq üçün icra edilən ritual tipli hərəkətlər müşahidə olunur. Sarışan hallar sindromu təkcə cəza almaqla bağlı deyil, həm də irsi amillərin təsiri ilə də əlaqədar yaranır. Terapiyası mümkündür. Həyəcan pozuntusu isə adətən nəsə faciəvi, pis nəyinsə baş verə biləcəyindən, çox zaman absurd qorxu halıdır. Uşaq elə bilir ki, valideyni gedəcək, gəlməyəcək, valideynləri xəstələnəcəklər, öləcəklər, özü xəstələnəcək, öləcək, gözündə müxtəlif qəza səhnələri canlanır, özünü baş verən və baş verə biləcək pis hadisələrə görə günahkar hiss edir, diqqətini cəmləyə bilmir, qorxur ki, elədiyi hansısa hərəkət valideyninin qəzəbinə səbəb olar, hətta dərsdə aşağı qiymət alanda da qorxu içində olur, çünki evdə buna cəzalanacağına əmindir. Təəccüblü deyil ki, biz bəzən “ali məktəbə qəbul olmadığına görə intihar etdi” tipli başlıqlara rast gəlirik. Uşaqların öhdəsinə yüksək məsuliyyətlər, yüksək tələblər qoyan, özlərinin hansısa arzularını həyata keçirmək üçün uşaqlarını istəmədikləri həyatı yaşamağa məcbur edən valideynlər bunları nəzərə almalıdırlar.
Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq.
Ona görə də vaxtında bir qədər səy göstərib, bir qədər daha çox səbrli olmaqla, müəyyən çətin situasiyada affektiv davranmadan, bir qədər daha çox rasional yanaşmaqla valideyn həm özünü dəyişir, inkişaf edir, öz beynini destruktiv qısaqapanmalardan qoruyur, həm də uşağının inkişafının qayğısına qalır. Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir. Çünki, uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək.