Bu yazıya mənim heyvanlara olan münasibətim, onları qorumaq, qeydinə qalmaq və s. cümlələrlə başlamaq istərdim. Amma haqqında danışacağım mövzu, təəssüf ki, heyvan haqları ilə əlaqəli deyil. Könül istərdi ki, cəmiyyətin problemlərinin ən ümdəsi məhz heyvan haqlarının qorunması olsun. Amma yenə də təəssüf ki, bu gün cəmiyyətimizin ən ümdə problemi insanımızın heyvanlaşdırılma cəhdidir.
Zaman-zaman prezidentin və ailə üzvlərinin çıxışlarına, danışıqlarına qulaq asıram, müsahibələrini oxuyuram. Mənim üçün ən maraqlı cəhət bu çıxışlarda verilən mesajlardır. Amma son 1 ildə hakim ailənin mesajlarını “oxumağa” çalışarkən konkret tabeetmə, sahibsizlik münasibəti və digər təhqir sayılacaq elementlər ilə rastlaşıram. Bu yazını da son günlərdə prezident qızlarının sahibsiz itlərin qeydinə qalınmağı ilə bağlı fəaliyyətləri haqqında xəbərlərdən sonra yazmaq qərarına gəldim.
Google qarşıma çıxarmasaydı, bəlkə də xəbərim olmayacaqdı. Azərbaycanda 2016-cı ildə həmtəsisçisi və rəhbəri Leyla Əliyeva olan İDEA İctimai Birliyi “Heyvanlara qayğı mərkəzi”nin yeni, müasir binasını istifadəyə verib. Açılışda prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsən iştirak edib. Bəli, dövlət büdcəsindən, neft gəlirlərindən formalaşan bir fondun hesabına sahibsiz heyvanlara qayğı mərkəzi tikilir, 17 mərtəbəli binanın cəmi 1 ilə tikilməsi mümkün olduğu Azərbaycanda bu mərkəzin tikintisi 3 il davam edir (indi gəl məni inandır ki, bu bina tikilərkən də yeyinti halları olmayıb), hakim ailənin qızı şəxsən nəzarət edir, açılışında iştirak edir.
Bu ilin yanvar ayında Azərbaycanın məşhur müğənnilərinin, tanınmış simalarının, ziyalılarının iştirakı ilə “Sahibsiz küçə heyvanlarını qoruyaq” adlı bir sosial çarx da çəkilmişdi. Sifarişçi yenə də yuxarıda adını çəkdiyim ictimai birlik və mərkəz idi. Əsasən itlər haqqında danışırdılar. Maraqlı olsa, YouTube sizə bu video çarxı təkrar izlədə bilər, amma YouTube-da daha faydalı, daha vacib məlumatlar da tapmaq mümkündür, məsələn Azərbaycanda insan haqları ilə bağlı.
Və xatırlayırsınızsa, bir neçə ay əvvəl prezident ailəsindən sayılan Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın iti ilə kinoteatra buraxılmaması xəbəri gündəmə gəlmişdi. Hə, bütün yazdıqlarım bir kənara, bu tamam başqa mövzudur. O qədər net mesaj idi ki, “oxumamaq olmurdu”. Təsəvvür edirsiniz, birinci ledinin bacısı qızı öz kiçik, sevimli iti ilə Bakıdakı ticarət mərkəzlərindən birindəki kinoteatra gedir və onu film izləməyə buraxmırlar. Üzünüzdəki təbəssümü buradan görə bilirəm. İnandırıcı gəlmədi, deyilmi? Əminəm ki, diktator ailəsinin bir üzvü onlara məxsus bir ticarət mərkəzində yerləşən bir kinoteatra təşrif buyurursa, nəinki kinoteatrın və ticarət mərkəzinin rəhbərliyi, rayonun icra başçısı həmin ticarət mərkəzinin qarşısında farağat vəziyyətində “əllərində çiçəklərlə” sevinc içində dayanıb mötəbər qonağını qarşılamaq üçün gözləyirdi.
Sual oluna bilər ki, bu xəbər yalandırsa, o zaman niyə belə bir davranış sərgilənir? Mesaj çox sadədir. Mən, hakim ailənin ifadə etmək istədiyi fikri dolaşıq, elmi, insanların danışıq dilində az istifadə etdiyi sözlərlə də yaza bilərəm. Amma uzun sözü qısası belədir ki, ya bizim köpəyimiz olacaqsınız ki, Ülviyyə Mahmudovanın iti kimi qeydinizə qalaq, ya da bizə qarşı çıxacaqsınız və sizi “it damında” çürüdəcəyik.
Ülviyyə Mahmudovanın bu məsələ ilə bağlı danışdığı videosunu izlədim (Əliyevlər ailəsi bizi nələrə baxmağa məcbur edir). Xanım Mahmudovanın iti ağ idi, adı da “Karabas”. Tam bir azərbaycanlı kimi, ağdərili, qarasaçlı. Xanım Mahmudova rus dilində danışırdı, Azərbaycan dilində itinin haqlarını müdafiə etmirdi. İtin adının “Karabas” seçilməsi də təsadüf deyildi. Və elə burada, rusların azərbaycanlılar haqqında işlətdikləri məşhur ədəbsiz ifadə yada düşür. Sadəcə Ülviyyə Mahmudova və ya bu xəbəri hazırlayıb mesaj vermək istəyənlər etik normaları gözləyərək, itin başını qaralamışdılar, arxasını yox.
Burada bir də haşiyə çıxmaq istəyirəm. Bir neçə ay əvvəl Mirşahin yeni açdığı telekanalın efirindən azərbaycanlı mühacirlər haqqında ona görə tənqid, əslində isə təhqir olan bir çıxış etdi. Mirşahini ciddi bir şəxs kimi qəbul etmirəm, o çıxışdan sonra onun nə qədər zavallı durumuna düşməyinin bir daha şahidi oldum. Amma o çıxışda, yenə də bir ifadə diqqətimi çəkdi. “Məntiqsiz köpük (köpək) uşağı”… Bəli, düzgün anladınız. Mirşahin o ifadə ilə məhz Əliyevlərin köpəyi olduğunu etiraf etdi, bu öz yerində. Amma o ifadən də çıxarılan mesaj bu idi: “Bizim itimiz olmaq istəməyənlərə qarşı biz öz köpəklərimizi hürdürərik”.
Mövzuya, daha doğrusu hakim ailəyə geri qayıdaraq elə birinci ledinin babası Mircəlal Paşayevin “Bir gəncin manifesti” əsəri və “İtə ataram, yada satmaram” hekayəsini yada salmaq istəyirəm. Əminəm ki, bu gün Azərbaycanı idarə edənlər məhz ulu babalarının tövsiyyəsi ilə hərəkət edirlər. Əsərdə Azərbaycanı bir xalça kimi təsvir edən “hörmətli yazıçı” onu itə atmağı rəva görür. Bu gün də o yazıçının nəvələri və nəticələri babalarının həmin məşhur hekayəsindəki “məsləhətlərinə” artıqlaması ilə əməl edirlər.
Amma bildiyim bir şey var. Bu ölkənin işıqlı insanları, nə qədər qarşısını almaq istəsəniz də demokratik, insan haqlarının ümdə olduğu bir dövlət quracaqlar və Azərbaycanı nə itə atacaqlar, nə də yada satacaqlar. Satdıqlarınızı da qurulacaq Cümhuriyyət geri qaytacaq.