No Result
View All Result
Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.
Hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır.
Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti – dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər.
Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”, “arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhərmanlaşdırmağa cəhd göstərdilər. Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir. Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin mövqeyi də adamı əməlli-başlı çaşdırır.
Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?
No Result
View All Result