2005-ci ildə YAP-ın qərargahının qarşısında eks prezident Heydər Əliyevin şəkli. Foto: Christopher Anderson
Elşən Qasımzadə
Bu yazıya sevgi ilə başlamaq istəyirəm. Sevgi əvvəlcə insanlar arasında yaranıb, sonradan bu hiss daha da təkmilləşib, insanlar arasından çıxıb, bir insanın müxtəlif nüanslara, əşyalara, heyvanlara, sözlərə, musiqiyə, hətta ideyalara bağlılığına çevrilib. Sevginin bu halında hisslərə cavab verəcək qarşı tərəf yoxdur, o, yalnız birtərəfli olur, sevdiyin tək sənə məxsus olmur, paylaşılır, müxtəlif tərəflərdən, cəhətlərdən, insanlardan sənin sevdiyinə eşq elan olunur. Adi halda iki insan arasında olan sevgidə sən qarşı tərəfi paylaşa bilmirsən, onun yalnız sənə aid olmağını istəyirsən, başqası tərəfindən sevilməyi səni qıcıqlandırır, hirsləndirir. Digər sevgidə isə bu əksinədir, paylaşmaq, bölüşmək istəyirsən, sevdiyinin daha çox insan tərəfindən sevilməyini istəyirsən.
Fikrimcə, insana məxsus bütün digər hisslərin də qaynağı və səbəbi məhz sevgidir. İnsan sevinir, kədərlənir, gülür, ağlayır, qısqanır, darıxır və s. Bu hisslər insanın sevgi ilə nə qədər təmin olunduğunun təzahürüdür. Sevgi çox olduqca insan hissləri nikbinliyə doğru dəyişir, azaldıqca əksi baş verir.
Və bu gün haqqında yazacağım iki hiss – sədaqət və xəyanətin də məhz sevgidən doğduğunu anlamaq heç də çətin deyil. Bu hissləri siz iki insan arasındakı münasibət kimi düşünə bilərsiniz, mən isə qarşılığı olmayan sevgidə bu hisslərdən danışım.
Yazını çox uzatmaq istəməzdim, amma bu sözlərin etimoloji qaynaqları hər kəs üçün maraqlı olar. Hər iki söz ərəb kökənlidir. Sədaqət, ərəbcədə “şadaka” sözündən götürülüb, doğru, adil olmaq anlamını verir, xəyanət isə “ihana” kəlməsindən götürülüb, aşağılamaq, həqarət etmək, mənliyi alçaltmaq deməkdir.
Azərbaycanda mənə ən maraqlı gələn “kim kimə və ya nəyə nə qədər sadiqdir?” sualıdır. Mənə bu mövzuda köşə yazısı yazdıracaq bir hadisəni paylaşım, sonra tam mətləbə keçim.
Altay Göyüşov söhbətimiz əsnasında bu əhvalatı danışıb. Bir gün hakimiyyət yönümlü biri ilə Altay bəy söhbət edirmişlər. Altay bəy bu adama ölkədəki haqsızlıqlardan, ədalətsizlikdən, korrupsiyadan, təhsildən-səhiyyəyə qədər bütün problemlərdən danışıb, adam da təsdiq edib. Axırda da qayıdıb ki, müəllim, hər şeyi düz deyirsən e, amma ki, sədaqət başqa şeydi, sadiq olduqca sən bu haqsızlıqların heç birini görməyəcəksən.
Düşündüm, o insan nəyə və niyə sadiqdir? Nəhayətində, sədaqət sevgidən doğur. Bu insanın sevgisinin qarşılığı kimdir və ya nədir? Heydər Əliyevmi, İlham Əliyevmi, adı həmişə bütün baş verən önəmli hadisələrin müəllifi kimi hallanan Ramiz Mehdiyevmi, yoxsa aid olduğu sistemmi?
Burada qarşıma sədaqətin başqa bir forması çıxır – kor-koranə sədaqət. Nəyi və ya kimi sevdiyini bilmədən boşuna sadiq olmaq. Elə bütün problemlər də burada yaranır. Sədaqət – qaynağı olmadan yaşanılması mümkünsüz hissdir. Xəyanət də həmçinin. Altay bəyin həmsöhbəti sadiq deyil, amma xəyanət içindədir. Bu xəyanəti qarşıda açıqlayacam.
Mən Azərbaycanda bir sistem olduğunu, proseslərin bu sistem daxilində baş verdiyini, hətta zaman-zaman gündəmə gələn “klanlar” söhbətini birmənalı rədd edirəm. Bunlar insanların beyninə yeridilən uydurulmuş yalanlardır. Yoxdur belə bir şey. Korrupsiyanın, rüşvətxorluğun, oğurluğun, dövlətin malını çapıb-talamağın hökm sürdüyü məmləkətdə heç bir sistem olmur. Burada bir nəfər olur, bütün hər şey bir ağızdan çıxır. Amma insanların beyninə yeridilən bu cür “sədaqət” nağılları ilə onları özünə ram edirsən, əmrlərinin yerinə yetirilməsinə nail olursan.
Amma hadisələrə başqa prizmadan baxanda qarşıma başqa nüanslar da çıxır. Heykəl məhbusu Qiyas İbrahimin həbsxanadan yazdığı məktubu xatırlayırsınızmı? Mən bu məktubu oxuyanda orda qeyd olunan işgəncələrin heç birini təsəvvür edib gözümün önündə canlandıra bilmədim. O məktub mənim bütün bədənimi titrətdi. O məktubda yazılan işgəncələr insanlıq adına cinayət idi. Maraqlıdır, o işgəncəni törədənlər də sədaqətlərini nümayiş etdirirdilər? Yazdım axı, sədaqət sevgidən doğur. İşgəncə sevgisi var, bizimmi xəbərimiz yoxdur?
Burada cavab dəyişir. Bu işgəncələri edənlər Azərbaycandakı hakimiyyətin başında duran adama xoş gəlmək istəyirlər. Onlara görə bu – sədaqətdir, bağlılığı bildirməkdir. Bu işgəncəni edənlər bilirlər ki, nə qədər çox zalım, qəddar olsan, başda duran insan səni daha çox bəyənəcək. Bu, düz mütənasiblik təşkil edir. Yalnız zalım və qaniçən biri bu işgəncələri edənlərin ona həqiqətən bağlı olduğunu düşünə bilər.
Bəs insanları haqsız yerə həbs edənlər? Onların azadlıqlarını məhdudlaşdıranlar? Azərbaycanda müstəqil hüquq-müdafiəçilərinin hazırladığı 150 nəfərlik siyasi məhbus siyahisı var. Hesab edək ki, onlardan 50 nəfərin həbs qərarı başda oturanın ağzından çıxıb. Bəs yerdə qalan digər 100 nəfər? Mümkün deyil ki, bu siyahıda olan hər kəsin qərarı sadəcə bir nəfər tərəfindən verilsin. Burda da “sədaqət”i nümayiş etdirmə funksiyası ortaya girir. Polis, prokurorluq, DTX sanki bağlılıqlarını bildirmək üçün yarışırlar. Təxminən 2 il əvvəl ortaq dostlarımız olan bir polis əməkdaşı bir jurnalisti həbs etmək üçün keçirdikləri əməliyyatı bizə danışırdı. Əslində söhbət həmin jurnalist həbs olunarkən ittiham olunacağı maddənin ona işgəncə vermədən, hiylə ilə tətbiq edilməsi barədə idi. Amma söhbət əsnasında həmin polis bir ifadə işlətdi ki, onu hamı axtarırdı, kim birinci tutsaydı, həmin quruma “xal” yazılacaqdı. Bu cümlə artıq belə bir yarışın mövcudluğundan xəbər verir. Məhz həmin “xal”ı almaq üçün “sədaqət nümayişi” yarışı gedir.
Bir də xəyanət var. Bu insanların xəyanəti. Bu işgəncələri edənlər, bu dövlətin malını talayanlar, oğurluq edənlər və digərləri. Bəli, bu insanlar xaindirlər. Başlarında duran zalımla birgə bu insanlar öz maraqları naminə hər şeyi fəda edib dövlətimizə xəyanət edirlər. Xəyanətin cəzası isə… yox, ölüm hökmü qaldırılıb, amma cəzasız da qalmayacaqlar. Hüquqda bunun üçün nəzərdə tutulan müddəalar var.
Məsələ bu insanların cəzasız qalmayacaqları da deyil. Ciddi məsələ bu insanların xəyanəti paylaşmaqları, müxtəlif insanları müxtəlif yollarla öz cinayətlərinə ortaq etmək istəkləridir. 2016-cı ildə həbs olunanda qeyri-qanuni şəkildə təcridxanadan çıxarılıb bir görüşə aparıldım. Getdiyim yerdə məni iki şəxs gözləyirdi – Dövlət Təhlükəsizlik Xidmətinin agentləri. Təqribən 1 saatlıq görüş. Əvvəl xoş danışıq, tədricən sərt sözlər, təhdidlər, müxtəlif təzyiq formaları, həbsdən çıxdıqdan sonra edilən zənglər. O zaman özümə sual verirdim ki, bu insanlar məndən nə istəyirlər. Çox gec olsa da, bu suala nəhayət cavab tapdım. Onlar mənim də xəyanət etməyimi istəyirdilər. Xainliklərini paylaşmaq istəyirdilər. Səbəb? Əslində tək səbəb var. Xəyanət çox ağır yükdür, təkbaşına daşınılması mümkün deyil. Bu insanları xəyanəti daşıya bilmələrinin də tək səbəbi var. Özlərinə digər xainləri göstərib təsəlli tapırlar. Və bu xəyanətin nə qədər çox ortağı olsa, yaşamaq və onların “sədaqət” dedikləri şeyi də çox asanlıqla həyata keçirmək olar.
Bu yazını sevgi ilə başlamışdım, sevgi ilə də bitirəcəm. Axı dünya yalnız xainlərdən ibarət deyil. Dünyamızı gözəlləşdirən məhz bizik, bizim sevgimizdir. Və Azərbaycanda sevgisinə həqiqətən sadiq insanlar o qədər çoxdur ki, bunu hər düşündükcə insanı fərəh hissi bürüyür. İlqar Məmmədov Cümhuriyyət ideyasını o qədər sevir ki, bu sevda uğrunda 6 ildir azadlığından imtina edib. İlkin Rüstəmzadə ordumuzu o qədər sevir ki, sevgisini çirkinləşdirməyə çalışanlara etiraz etdiyi üçün 6 ildir zindanda yaşamağa razıdır. Düşünür ki, məhz bir gün onun sevdiyi ordumuz həqiqən işğal olunmuş torpaqlarımızı azad edəcək. Qiyasla Bayram azadlığı o qədər sevirlər ki, kölə olmamaq üçün bütü yıxdılar və hürriyət üçün cığır açdılar. Həbsxana divarları arasında da azaddır onlar. Elmar Hüseynov sevdiyi azad mətbuat uğrunda canından keçməyə razı oldu, Mehman Hüseynov azad söz sevgisi ucbatından ətrafından təcrid olundu. Və daha nə qədər insan azad Azərbaycanı sevdiyi üçün bir diktatora qarşı mübarizə aparır və ya dəstək verir. Bu sevgi dolu insanların işığı Azərbaycanda Cümhuriyyət dəyərlərini bərqərar edəcək.
Mən – mənim, bizim, bizdən sonra gələnlərin və övladlarımıza miras qoyacağımız işıqlı gələcəyi sevirəm. Sevin bu qarşılığı olmayan mücərrədlikləri, paylaşın, bölüşün, pozitivliyə yüklənin. Sevgililərimizə qovuşacağımız gün uzaqda deyil.