Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüququ statusunu müəyyən edən Konvensiya imzalanıb.
Qısa olaraq Xəzərin Konvensiyaya qədər bölünməsi barədə
Xəzərin sahilyanı dövlətlər arasında ortaq istifadəsi ilə bağlı müzakirələr hələ 18-ci əsrdən başlayıb. Çox uzun müddət Xəzər Rusiya Çarlığı ilə Persiya İmperiyasının, daha sonra da SSRİ ilə İranın ortaq istifadə etdiyi su hövzəsi olub. SSRİ dağıldıqdan sonra isə bölgü artdığından, yəni SSRİ-nin tərkibində olan Azərbaycan, Türkmənistan və Qazaxıstan müstəqil olduğundan Xəzərin hüquqi statusu barədə yeni sənəd imzalanması tələbi yaranıb. Sənədin imzanlanmasını isə ləngidən İran İslam Respublikası və Türkmənistanın bölünmə ilə bağlı bəzi tələbləri olub. Nəhayət bu il 5 ölkə razılığa gələrək konvensiya imzaladı.
Bəs bu konvensiya bu ölkərdən hansına, xüsusilə də Azərbaycana nə qədər sərfəlidir? Həmin müddəalar əslində nələri hədəfləyir? İnsan hüquqları müdafiəçisi, konfliktoloq Nicat İmrandan xahiş etdik ki, Mikroskop üçün bu sualları cavablandırsın.
Azərbaycan nümayəndə heyəti Xəzəryanı dövlətlərin V Zirvə toplantısında. Foto: president.az
1
NATO-ya inteqrasiya üçün əsas maneə
Konvensiyaya əsasən Xəzər dənizində sahilyanı ölkələrdən başqa heç bir ölkənin hərbi donanması yerləşə bilməz. Habelə, Xəzəryanı dövlətlər digərlərinin razılığı olmadan və ya etirazı ola biləcək hər hansısa hərbi donanmanın hətta tranzit olaraq keçməsinə icazə verilməyəcək. Bu müddəa əsasən Azərbaycanı hədəfləyib və məqsəd Azərbaycanın Avrointeqrasiya və NATO-ya inteqrasiyasının qabağını almaqdır. Yəni, bu müddəa Azərbaycanın NATO-ya üzvlüyünü mümkünsüz edir, çünki bu halda NATO ordusu Xəzərdə olacaq, buna da Konvensiyaya əsasən icazə verilməyəcək. Eyni zamanda bu müddəa Azərbaycanda gələcəkdə hakimiyyət dəyişikliyi olarsa, bu dəyişikliyin Xəzərlə bağlı vəziyyətin və geostrateji maraqların dəyişməsindən özünü sığortalamaqdır.
2
Hərbi məsələlərlə bağlı etimad sənədi təklifi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaxın vaxtlarda 5-lik ölkələrinin arasında Xəzər hövzəsində hərbi məsələlərlə bağlı etimad sənədinin imzalanması planlaşdırılır. Ümumiyyətlə Rusiya siyasətinin xarakterik xüsusiyyətlərindən biri uzun-uzadı və qarışıq, hətta bəzi hallarda səlahiyyətləri kəsişən təşkilatlar və qurumlar yaratmaqdır. Bunu istər Rus İmperiyası, SSRİ və müasir Rusiyada daxili siyasətin və idarəetmənin təşkili, istərsə də xarici siyasətdə görə bilərik. Məsələn, MDB və Avrasiya İqtisadi Birliyi. Hətta Şanxay Əməkdaşlıq Təşkilatı bura da aid edilə bilər. Vaxtilə də müttəfiq respublikalardan ibarət ittifaq və bir də yenə ideoloji müttəfiqlərdən ibarət Varşava Müqaviləsi Təşkilatı vardı. İndi isə hərbi sahədə ola bilsin Kollektiv Müdafiə Təşkilatına alternativ və Xəzəryanı ölkələri özündə birləşdirəcək hərbi blok qurulacaq. Digərindən əsas fərq budur ki, İran və əsasən də Azərbaycan dolayı yollarla da olsa Rusiyanın hərbi müttəfiqinə çevriləcək. Bu həm Azərbaycanı öz təsir dairəsinə almağın rəsmiləşdirilməsi, həm də onun Qərbdən gələ biləcək hər hansısa təklifləri dəyərləndirməsinə hüquqi müstəvidə maneə yaratmaq deməkdir.
Cari ilin aprelində Rusiya hərbi donanması Həştərxandan Dağıstana, Kaspiyskə köçürülməsinə qərar verilib ki, bu daha strateji yerdir və hər hansısa “artıq-əksik” hərəkətdə daha operativ cavab verilməsini təmin edəcək. Flotun 2019-dan etibarən burada fəaliyyətinə davam edəcəyi planlaşdırılıb.
Sənədlərin imzalanmasından sonra Xəzəryanı dövlətlərin başçıları. Foto: president.az
3
Rusiyanın Xəzər üzərindən Suriyaya dəstəyi
Rusiya Suriya iqtidarına dəstək məqsədilə raketləri məhz Xəzər flotu vasitəsilə İŞİD və müxaliflərin üzərinə atır. Bu hal dəfələrlə təkrarlanıb və bu, Rusiyanın Suriyaya əsas hərbi dəstəklərindən biridir. Suriyada hərbi sahədə Əsədə dəstəklərdən biri məhz Rusiyanın Xəzər donanması vasitəsilə edilir.
4
Natamam bölünmə
Xəzər bərabər və ya tam şəkildə dövlətlər arasında bölünməyib, 15 mil milli sərhədlər, geri qalan isə 5-lik ölkələrinin ümumi istifadəsinə aid su hövzəsidir. Bu, Azərbaycan da daxil, bütün Xəzəryanı dövlətlərin bir-birindən asılı olmasına şərait yaradır. İran və Rusiya arasında ixtilaf zəifdir, olma ehtimalı aşağıdır. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir, ortaq layihələr var. ABŞ prezidenti Trampın son addımları nəticəsində isə iki ölkə daha da yaxınlaşır, “kader mahkumu”na çevrilirlər. Ancaq Azərbaycan, Qazaxıstan və Türkmənistanda iqtidarların vəziyyəti iqtisadiyyata bağlıdır, bu ölkə hakimiyyətləri öz iqtidarlarını məhz maliyyə gücünə saxlaya bilir. Neftin ucuzlaşmağı iqtsadi vəziyyəti çətinləşdirə bilər, bu da siyasi hakimiyyətləri laxlada bilər. Bu səbəbdən də, alternativlər üzərində düşünə bilərlər (TAP, TANAP və s.). Sözügedən konvensiya və imzalanan müqavilələr iqtisadi maraqların təmin olunması qarşılığında siyasi hakimiyyətin qorunması üçün onların Qərbə tərəf addımının qarşısını alacaq. Dolayı yollarla bu üç ölkənin üçü də avtomatik olaraq iqtisadiyyatlarının açarlarını Rusiyaya təhvil vermiş oldular.
Ötən il Bakı-Tbilisi-Qars istifadəyə verildi, TAP və TANAP məsələsi daha da aktuallaşdı, bu öz növbəsində Rusiyanın iqtisadi, buna görə də siyasi rıçaqlarının ən yaxşı halda xeyli zəifləməsi deməkdir. Bu o deməkdir ki, Çindən Avropaya gedən yollara alternativ yaranıb, üstəgəl Xəzər üzərindən. Məhz buna görə ötən ilin birinci yarısı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın razılığı olmadan Xəzər vasitəsilə hər hansısa işin icrasının mümkünsüz olduğunu açıq-aydın demişdi. Azərbaycan, Qazaxıstan və Türkmənistan Rusiyadan kənar iş görməyə çalışdılar, Rusiya isə bunun qarşısını aşkaranə ala bilmədiyinə görə bu maneəni dolayı yolla yaratdı, alternativ yolları öz nəzarətinə götürdü. Bundan etibarən TAP, TANAP, Bakı-Tbilisi-Qars və s. layihələr Rusiyanın nəzarətindədir.
5
Taleyi sual altında qalan Qazaxıstan-ABŞ sənədi
Cari ilin aprelində Qazaxıstan və ABŞ arasında sənəd imzalanıb, bu sənədə əsasən Qazaxıstanın Aktau və Kurık limanları ABŞ və Əfqanıstan arasında yük daşınmaları üçün tranzit zona olacaqdı. Məhz imzalanmış sənəddən sonra Qazaxıstan-ABŞ sənədinin taleyi sual altındadır. Hələ ki, Qazaxıstan tərəfi konkret addımlar atmayıb, bəyanat verməyib. Ancaq istənilən halda, hətta bu razılaşma qüvvədə qalsa belə forma etibarilə dəyişiklilərə məruz qalacaq, ABŞ-ın Xəzərə hər hansısa şəkildə daxil olmasına imkan verilməyəcək.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev və rusiyalı həmkarı Vladimir Putin sənədlərin imzalanması mərasimində. Foto: kremlin.ru
6
ABŞ Dövlət Departamentinin susqunluğu
Xəzərin statusu ilə bağlı sənədin imzalanmasından sonra ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı hər hansısa şərh verməkdən imtina edib. Dövlət Departamentinin Energetika məsələləri bürosunun nümayəndəsi Vinsent Kampos deyib ki, “bu haqda danışmaq hələ tezdir”. İyul ayında ABŞ və Avropa İttifaqı arasında çərçivə sazişi imzalanıb. Bu sənəddə əsas diqqət energetikaya verilib. Avqustun əvvəli Fransa prezidenti Bakıya, bir neçə gün sonra da Azərbaycan prezidenti Fransaya səfər etdi. Avqustun axırı isə Almaniya Kansleri Cənubi Qafqaza, həmçinin Azərbaycana gələcək. Səbəb budur ki, Xəzəryanı dövlətlər məlum texniki səbəblərə görə (vaxt azlığı) hələ rəsmi olaraq enerji və logistika layihələri ilə bağlı hər hansısa qərar verməyib.
Üzv dövlətlərin necə addım atacaqları barədə imzalanmadan öncə Qərb ilə Fransa vasitəsilə, imzalardan sonra Almaniya ilə müzakirə ediləcək. Qərb son vaxtlar Rusiyaya qarşı xeyli yumşalıb və yəqin ki, bu yumşalma davam edəcək. ABŞ-Rusiya gərginliyindən kənarda qalmağa çalışan Qərb çalışacaq ki, Rusiya Xəzər vasitəsilə Avropaya enerji və logistika layihələrinə maneə yaratmasın. Rusiya da artıq buna tam soyuq yanaşmadığını bəzi jestlərlə ifadə edib.
Nəticə etibarilə Xəzəryanı dövlətlərin imzaladığı Konvensiya təqdim olunduğu kimi Azərbaycana yalnız yeni perspektivlər gətirməyəcək, həm də bəzi məsələlərdə maneələr yaradacaq.