Prokuror AXCP fəalına 7 il həbs cəzası istəyib

AXCP fəalı Orxan Baxışlı məhkəməyə gətirilir. Foto: Azadlıq qəzeti

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı üçün prokuror 7 il həbs cəzası istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi 18 sentyabr 11:30-da keçiriləcək.

Nə baş verib: Orxan Baxışlı bu ilin mayın 7-də axşam saatlarında Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Hansı maddə ilə ittiham edilir: Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

AXCP sədri nə deyir: Əli Kərimli öz facebook səhifəsində yazıb ki, fəal “Elmar Hüseynov qətlə yetirildi, Mehman Hüseynov həbs edildi, amma biz varıq!” dediyinə görə şərlənib həbs edilib.