Almaniya kansleri Angela Merkel Prezident Sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün təşkil olunacaq rəsmi nahara qatılmayacağını bildirib. Deutsche Welle yazır ki, məlumatı Prezident Sarayından da təsdiqləyiblər.
Merkelin rəsmi naharda iştirak etməməyinin siyasi mesaj olub-olmadığı isə bəlli deyil. Merkel Prezident Sarayında təşkil olunan rəsmi dəvətlərin qonaq siyahısında daim yer alsa da onlardan ancaq çox vacib olanlarında iştirak edir. Kansler sonuncu dəfə 2015-ci ildə İngiltərə kraliçası 2-ci Elizabetin şərəfinə təşkil olunan dəvətdə iştirak edib.
Ərdoğanın 27-29 sentyabr tarixlərində baş tutacaq Almaniya səfəri zamanı o, Merkellə iki dəfə görüşəcək; cümə günü günorta və şənbə günü səhər saatlarında. Bundan başqa Ərdoğan ilk dəfə olaraq hərbi mərasim ilə qarşılanacaq.
Almaniya prezidenti Frank Valter Ştaynmayer ölkədə rəsmi səfərdə olan hər dövlət adamı üçün rəsmi yemək dəvəti verir. Bu rəsmi yeməyin Ərdoğan üçün də təşkil olunması bir neçə həftədir Almaniyada müzakirə mövzusu olub. Müxalifət partiyalarından olan bir çox siyasətçi bu dəvəti boykot edir. Onlar bunu Ərdoğanın tutduğu siyasi yolla əsaslandırırlar.