Küləyə qarşı yeriyirəm,
Yamaqlı küçələrində bu şəhərin…
Kimi onu “Romantik kommunist”, kimi də “Romantik inqilabçı” adlandırırdı. Ancaq o, hər şeydən əvvəl adi bir insan idi. Siyasi seçimləri ucbatından dəfələrlə həbs olunan, həyatının böyük hissəsini həbsdə və sürgündə keçirən, vətən həsrəti çəkən, yenə də sevgiyə olan inancını itirməyən “Mavi gözlü div” şeirindəki kimi div ürəyinə sahib bir insan…
1902-ci il 15 yanvar tarixində dünyaya göz açanda ona Nazim adını qoydular. Nazim elə adına uyğun olaraq şeirdə, nəzmdə yüksəldi, bütün dünyada tanınan, əsərləri 50-dən çox dilə çevrilən XX əsrin ən böyük şairlərindən biri oldu. Amma, bu, o qədər də asan başa gəlmədi.
1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldı. Öz ölkəsində yasaqlandı. Yazdıqlarına görə, 11 ayrı iddiadan mühakimə olundu. İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən çox yatdı.
Nə yazırdı axı, Nazim Hikmət?
O, həqiqətləri yazırdı, haqsızlıqlara qarşı çıxır və ən əsası xalqının, o cümlədən bütün insanların gözünü açmaq istəyirdi.
Bu dünya öküzün buynuzunda yox,
bu dünya əllərinizin üstündə dayanır. -deyirdi, Nazim Hikmət “Əlləriniz və yalanlara dair” şeirində və belə davam edirdi:
Və insanlar, ah, mənim insanlarım,
yalanla bəsləyirlər sizi,
halbuki, acsınız,
ətlə, çörəklə bəslənməyə möhtacsınız.
Və ağ bir süfrədə bir dəfə
doyunca yemək yemədən
köçüb gedəcəksiniz bu hər budağı təam dolu dünyadan.
Nazim insanları kitablarda yazılanlara, televiziyalarda göstərilənlərə inanmamağa çağırır; kinolara, reklamlara, bir sözlə böyük bir yalanın parçası olan hər şeyə qarşı diqqətli olmağı tövsiyyə edirdi:
Elə buna görə də, sevilmir, yasaqlanır, vətən xainliyi ilə damğalanırdı. Onu vətən xainliyi ilə ittiham edənlərin “vətənpərvərlik”lərinin iç üzünü açan şair, “Nazim Hikmət vətən xainliyinə davam edir” şeirində şaiyələrə cavab verir və “Bəli mən vətən xainiyəm” deyirdi:
Vətən fermalarınızdırsa,
kassalarınızın ve çek dəftərlərinizin içindəkilərdirsə, vətən,
….
fabriklərinizdə al qanımızı içməkdirsə, vətən,
vətən dırnaqlarıdırsa, ağalarınızın,
…..
mən vətən xainiyəm.
Yazın üç sütunda, qapqara, hayqıran şriftlərlə:
Nazim Hikmət vətən xainliyinə davam edir, hələ də.
Həbslərdə keçən həyat və vətən həsrəti
1921-ci ildə getdiyi Moskvada inqilabın ilk illərinə şahid olur və kommunizm ilə tanışlığı da elə burdan başlayır. Türkiyəyə qayıtdıqdan sonra “İşıqlıq Jurnalı”nda işə başlayır, ancaq jurnalda nəşr olunan şeir və yazılarına görə, 15 il həbsi istənilir. Beləliklə də o, təkrar SSRİ-yə (Sovet Sosialist Respublikalar İttifaqı) qayıdır. 1928-ci ildə əfvdən yararlanaraq təkrar Türkiyəyə gəlir, ancaq 1938-ci ildə ordunu qiyama səslədiyi iddiası ilə 28 il 4 ay həbs cəzasına məhkum edilir. 12 il həbs yatır. 1950-ci ildə əfv qanunuyla sərbəst buraxılır. Onun Bursa həbsxanasında qaldığı bu illər daha sonra 2007-ci ildə çəkilən “Mavi Gözlü Div” adlı filmdə öz əksini tapır.
Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra Moskvada yaşayır. Xaricdə keçirdiyi illərdə Bolqarıstan, Macarıstan, Fransa, Kuba, Misir kimi ölkələri gəzir, buralarda konfranslar təşkil edir, müharibə və imperializm əleyhinə olan hərəkatlarda iştirak edir, radio proqramları təşkil edir. Ancaq heç vaxt öz məmləkətini unutmur, həmişə vətən həsrəti çəkir və bu həsrəti də məmləkət, vətən haqqında yazılmış şeirlərində dilə gətirir. Bunlar bəlkə də bir insanın məmləkət sevgisini əks etdirən ən təsirli şeirlərdir:
Sən indi yalnız saçımın ağında,
damarında ürəyimin,
alnımın cizgilərindəsən məmləkətim,
məmləkətim…
Nazim Hikmət Türkiyə vətəndaşlığından çıxarılmışdı, amma onun əlindən alınması mümkün olmayan bir vətəndaşlığı daha vardı – o, dünya vətəndaşı idi. Elə 1950-1963-cü illər ərzində yazdığı şeirlərində də dünyanın gəzib gördüyü yerlərini, şəhərləri və həmin şəhərlərdə keçirdiyi hissləri yazıb Nazim. İstanbul, Moskva, Paris, Sofya, Roma, Praqa və Bakı Nazimin şeirlərində ən gözəl şəkildə təsvir olunub:
Gecə vaxtı ulduzsuz, ağır dənizə qədər
Gecə zülmət qaranlıqda günəşli buğda tarlasıdır, Bakı şəhəri.
Nazımın sevgililəri
Nazim Hikmət şeirlərində sevginin hər halı əks olunub. Məmləkət sevgisi, həyata olan sevgi, qadına olan sevgi… Nazim Hikmətin sevgililəri bəlkə də dünyanın ən şanslı qadınları olub. Çünki, onlar, haqlarında ən gözəl eşq şeirləri yazılan qadınlardır. Nüzhet, Pirayə, Münəvvər, Qalina və Vera- hamısı da Nazimin şeirlərində eşq təcəssümünə çevriliblər. Belə deyilir ki, Nazim bu qədər çox qadına şeir həsr etsə də, axtardığı sevgini heç vaxt tapa bilməyib.
Sevirəm səni
Çörəyi duza basıb yemək kimi
Gecə vaxtı atəşlər içində oyanaraq
ağzımı bulağa dayayıb su içmək kimi
Qəzet oxumaq istəyərkən həyata vida edir
1963-cü il iyulun 3-də, səhər saat 06:30-da qəzet almaq üçün ikinci mərtəbədəki mənzilindən binanın qapısına gedən Nazim Hikmət qəzeti götürərkən infarkt keçirir.
Sovet Yazıçılar Birliyinin salonunda keçirilən vida mərasimdə yerli və xarici yazıçılar iştirak edirlər. Nazim Hikmət Moskvada məşhur Novo-Deviçye qəbristanlığında dəfn olunur. Məzar daşının üzərinə “Küləyə qarşı yeriyən adam” şeirindəki adamın fiquru çəkilir.
Nazimi sevənlər deyirlər ki, ölüm ondan qorxurdu. Çünki ölüm bu böyük şairin bədənini alsa da ruhunu, misralarını insanların yaddaşlarından silə bilməyəcəyini bilirdi. Onun şeirləri Bilqamışın axtarıb tapa bilmədiyi ölümsüzlük zərdabı oldu, Nazimə ölməzlik bəxş etdi. Onu sevənlər, sevməyənlər, hətta siyasi görüşlərinə görə onu tənqid edənlər belə, bu böyük insanın sənəti qarşısında baş əyməli oldular. Onun şeirlərində elə bir sehr, elə bir sirrli qüvvə var ki, insan oxuduqca təsirinə düşür və Nazimi sevməmək mümkünsüz olur.
Nazim 117 ildir ki, yaşayır və küləyə qarşı yeriyir. Küləyin sürəti artdıqca onun addımları da yeyinləşir. Çünki, onun xəyalında “Gülüşü dəniz mavisi uşaqlar” olan bir məmləkət var.
Sanki mən min yaşında bir dəliyəm
Bu şəhərin yamaqlı küçələrində
Küləyə qarşı yeriyirəm
Xəyalımda “Gülüşü dəniz mavisi uşaqlar”