33 il əvvəl bu gün Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən atom elektrik stansiyasında (AES) güclü nüvə partlayışı baş verdi. Partlayışdan sonra yaranan radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etməyə başladı. “Ölüm bulud”unun bir hissəsini də külək cənuba apardı.
Ukraynada 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərləndi və radiasiya eyni zamanda Rusiya və Belarusda da ciddi fəsadlar törətdi, hətta İsveçə kimi gedib çıxdı.

“Ölüm buludu” altında 1 May Əmək Bayramı
Bütün bunların baş verdiyi vaxtda isə SSRİ rəhbərliyi hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdı. Hadisə barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətdən xəbər tutmaması barədə göstərişi o dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov vermişdi. Qorbaçov Çernobılda dəhşətli bir hadisə baş vermədiyini və bunun adi qəzalardan biri olduğunu sübut etmək üçün partlayış baş verən yerin yaxınlığındakı Kiyev şəhərində 1 May Əmək bayramının təntənəli şəkildə keçirilməsini tapşırmışdı. Kiyevdə əhalinin müəyyən hissəsi baş verənlərdən xəbər tuta bildiyi üçün bayrama qatılmaq istəmirdilər, amma, yüzlərlə adam zorla evindən çıxarılıb və 1 May şənliklərində iştirak etməyə məcbur edildi. Sonrakı bir neçə gündə qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə saldı.
Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbər tutdular. Mayın 7-də artıq bütün SSRİ əhalisi Çernobılda dünyanı dəhşətə gətirən qəzanın baş verdiyini bilirdi. Ukraynada xalqın ayağa qalxacağından ehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri, üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu:
Bəli, əziz yoldaşlar, biz son günlərdə çox ağır anlar yaşadıq. Sanki tale və bəxt bizdən üz döndərmişdi. Bu qəza bütün xalqımızı ağır şəkildə yaraladı və dünyanı da şoka saldı. Qəza öz sərhədlərini aşaraq ətrafa yayıldı və biz onun gətirdiyi dəhşətlərlə üz-üzə qaldıq
Onun bu açıqlamasından sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Əhalinin qoyub getdiyi evlər talan edildi və şüalanmaya məruz qalan məişət əşyaları yenidən satışa çıxarıldı. Bu da əhali arasında xəstəliyə tutulanların sayını daha da artırdı.
Çernobıl faciəsi SSRİ-ni zəiflətdi. SSRİ-nin faciəni gizlədərək ölü sayını daha da artırması Almaniya başda olmaqla, Avropada Yaşıllar partiyalarının yüksəlişi ilə nəticələndi.
Hadisənin ilk dəqiqələrində 30 nəfər öldü. Məruz qaldığı radiasaya görə növbəti illərdə ölənlərin sayı ümumilikdə 3940 nəfər oldu.
Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə “könüllü“ cəlb edilib və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat veriblər.
Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində ölüb. Xilasetmə işlərində çalışan 500-550 min arası adam isə ağır xəstəliyə tutulub.
Çernobılın azərbaycanlı qurbanları
Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı iştirak edib. Onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla ümumilikdə 7 min azərbaycanlı göndərilib. Onlardan 2000 nəfəri şüalanmadan vəfat edib.
Xərçəng hüceyrəsi kimi qəza
2016-cı ildə Birləşmiş Millətlər İttifaqı açıqlayıb ki, 4 min insan radiasiyaya görə xərçəng xəstəliyinə tutulub və ölüb. Bəzi mənbələr hadisə nəticəsində ümumilikdə 7 min insanın həlak olduğunu yazır. 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranıb.
Səhiyyə təşkilatları bildirirlər ki, fəlakət bölgəsinə qonşu ərazilərdə təxminən 6-8 milyon insan şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlarda xərçəng və müxtəlif xəstəliklər müşahidə olunur.
Bu, yüz illər boyu zəncirvari şəkildə davam edəcək.