HBO istehsalı olan və cəmi 5 seriyadan ibarət “Çernobıl” serialının bu həftə sonuncu seriyası yayımlandı. Dünyanın ən böyük kinematoqrafiya saytı IMDb-də ilk sıraya yerləşən serialla bağlı tənqidçilərin də bir çoxu müsbət rəy verib. Ekran işində əsas 5 obraz – Valeri Leqasov, İqnatenko ailəsi, Ulana Xomyuk, Boris Şerbina və Anatoli Dyatlov var. Bu adamlar kimdir? Onların həyatı serialda nə qədər dəqiq əks olunub?
Mikroskop həmin 5 obrazın real həyatda nələr yaşadıqlarını yazır.
Valeri Leqasov
Professorun obrazını aktyor Cared Harris canlandırır. V.Leqasovun real həyatda yaşadıqları serialda əks olunan çox az fərqlənib. Bu fərqlərdən biri ekran işində göstərilməsə də onun ailəsi və övladının olmağıdır.
Hadisə barədə Leqasov gecə gələn telefon zəngi ilə yox, partiya üzvləri və yüksək səlahiyyətli şəxslərin iştirak etdiyi iclasda xəbər tutur. Serialda onun nüvə reaktorları sahəsində təhsilli olduğu əks olunsa da, əslində V. Leqasov fiziki kimya üzrə təhsil alıb.
1986-cı ildə V.Leqasov Atom Enerjisi İnstitunun müdir müavini kimi fəaliyyət göstərirdi. Buna görə də fəlakət günü – 26 apreldə onun hadisənin səbəblərini araşdırmaq və dəyən ziyanı azaltmaq məqsədilə yaradılan hökumət komissiyasının əsas üzvlərindən birinə çevrilir.
Çernobıl stansiyasına ilk dəfə ayaq basanda buradakı vəziyyət onu şok edir. Leqasovun qeydlərində deyilir:
Stansiyada elə bir hazırlıqsızlıq, fikir qarışıqlığı və elə bir qorxu var idi ki, 1941-ci il (Nazi Almaniyasının SSRİ-ni istila etməsi) kimi idi, hətta daha da pis idi. Brestdəki kimi idi, eyni cəsarət, eyni çarəsizlik və eyni ehtiyatsızlıq.
Stansiyada növbəti partlayışın qarşısını alan V.Leqasov ərazidəki vəziyyət barədə hökumətə məlumat verir. O, bu məlumatları digər elm adamları və mətbuatla da bölüşməkdən çəkinmir. V.Leqasov yaxınlığında stansiyanın yerləşdiyi Pripyat şəhərinin dərhal boşaldılması, əhalinin evakuasiya edilməsi üçün israr edir.
Akademik gündə 5-6 dəfə reaktora baş çəkir, helikopterlərin oraya tonlarla torpaq tökməsini izləyirdi. Öz təhlükəsizliyini heçə sayan V.Leqasov çox vaxt radiasiyadan mühafizə olunmaq üçün qoruyucu vasitələrdən də istifadə etmir. Təxminən 10 gün Çernobılda qalandan sonra, o, mayın 5-də evə qayıdır. Həyat yoldaşı Marqarita Mixaylovna həmin günü belə xatırlayır:
Onun dərisi nazilmiş, saçı tökülmüş, rəngi qaralmışdı.
V.Leqasov ailəsinə etiraf edir ki, stansiyada kifayət qədər tənəffüs cihazı, təmiz su, dərman və yod olmayıb.
Akademik təkcə stansiyadakı fəaliyyətilə yox, Vyanada baş tutan konfransda təqdim etdiyi hesabatla da SSRİ-ni xilas edir. Onun çıxışı radioaktiv bulud altında qalan Avropanın SSRİ-yə olan münasibətini az da olsa, yumşaldır.
Avropada populyarlaşıb dünyanın ən yaxşı 10 elm insanından biri hesab edilən Leqasov öz ölkəsində mükafatsız qalır. Qəzanın nəticələrinin aradan qaldırılmasında rolu olduğuna mükafatlandırılanlar siyahısından professorun adını M.Qorboçov şəxsən özü qaralayır.
V.Leqasov 4-cü dərəcə radiasiya xəstəliyindən əziyyət çəkir və sol əlinin barmaqları kəsilir. 1987-ci ilin payızında xəstəxanada dərman içərək intihara cəhd etsə də bunun qarşısı alınır. Fəlakətin ikinci il dönümündə – 1988-ci il aprelin 27-də professor özünü asır. Rəsmi məlumatda onun depressiyaya görə intihar etdiyi yazılır. İntiharından əvvəl hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalarının nəticələrini 6 ədəd kasetə qeyd edir. Həmin kasetlərdən bəzi hissələrin qəsdən silindiyi ehtimal edilir.
Qəzadan 10 il sonra, yəni 20 sentyabr 1996-cı ildə prezident Boris Yeltsin V.Leqasova Rusiya Federasiyasının Qəhrəmanı adını verib.
Boris Şerbina
Hökumət Komissiyasının rəhbəri və baş nazirin müavini Boris Şerbinanı serialda aktyor Stellan Skarsqord canlandırıb. O, faciənin ilk vaxtlarında Pripyat şəhərinin boşaldılmasına icazə verməyib. Yalnız fəlakətin əsl miqyasını dərk edəndən sonra müəyyən addımlar atıb. Partlayışdan 36 saat sonra şəhər əhalisinin evuakasiya olunması barədə göstəriş verib. 4 il sonra vəfat edib.
İqnatenko ailəsi
Aktrisa Cessi Baklinin canlandırdığı Ludmila İqnatenko yanğınsöndürən Vasili Iqnatenkonun 22 yaşlı həyat yoldaşı idi və faciə baş verən vaxt hamilə idi. Çernobılın məhv etdiyi bu ailə çoxlu sayda hekayə və roman üçün prototip olub. Serialda Adam Naqaytisin canlandırdığı Vasili İqnatenko hadisə baş verən gecə yanğın söndürmək üçün stansiyaya çağrılır və digər bir çox həmkarı kimi ölümcül radiasaya məruz qalır. Hadisədən sonra cəmi 17 gün sağ qalan Vasilinin son günləri daha da ağır keçir və onun bədəni yavaş-yavaş əriyir.
Həmin günlər haqda Ludmila xatirələrində yazır:
Qəzadan sonra 17 gün ərzində onun yanında olmuşam. 1600-dən artıq X-şüasının mənə və övladımıza verəcəyi zərərdən xəbərsiz idim.
Müalicə üçün Moskvaya aparılan V.İqnatenkonun həyat yoldaşı onun yanına gedir və ona həyat yoldaşının 1-ci dərəcə radiasiyadan əziyyət çəkdiyi, sağ qalmaq ehtimalının olmadığı barədə heç nə deyilmir. Vasilinin 12 yaşlı bacısı Nataşadan sümük iliyi köçürülsə də bu, onu xilas etmir. Bacısı isə şikəst qalır.
Ludmila Vasilinin son günləri haqqında deyir:
Onun necə dəyişdiyini gördüm; saçları töküldü, ciyərləri şişdi, böyrəkləri işləmədi, daxili orqanları parçalanmağa başladı. Getdikcə dərisində daha çox yanıq peyda olurdu. Qollarında və ayaqlarında dəri çatlamışdı. Tibb bacıları ona yaxınlaşmamağa başladılar. Çünki hərhansı toxunuş onu çox incidirdi. Bir dəfə dərisi üzülüb əlimdə qaldı. Dərisi mavi rəngdə idi, çatlamış yaralarından qan damırdı. Son günlərində parçalanmış ciyərlərini qusurdu. O günlərdə xəyal qurmağa davam edirdim. O, bir dəfə qızı olsa, adını Nataşa, oğlan olsa, Vasya qoymağımı istədi. Onun nə demək istədiyi haqda düşünməmişdim.
Ulana Khomyuk
Serialda aktrisa Emili Uostonun canlandırdığı Ulana Xomyuk obrazı da var. U.Xomyuk Belarusiyadakı Atom Eelektrik Stansiyasında çalışan mütəxəssisdir. O, hadisənin səbəblərinin araşdırlması və fəsadların aradan qaldırılmasında canfəşanlıq göstərir. Əslində isə real həyatda belə bir insan olmayıb. Bu obraz Çernobıl fəlakətinin üzərindəki pərdəni götürməyə çalışan, hadisənin səbəblərini araşdırmağa, insanları xilas etməyə can atan elm insanlarını təmsil etmək üçün yaradılıb.
Anatoli Dyatlov
Aktyor Pol Ritter ekran işində Çernobıl Atom Elektrik Stansiyasının növbətçi sədri Anatoli Dyatlov obrazındadır. A.Dyatlov fəlakətin əsas günahkarlarından biri hesab edilir. O da yüksək miqdarda radiasiyaya məruz qalıb, amma reaktorun partlamasında rolu olduğu üçün 10 il həbs cəzasına məhkum edilib. Onun azadlığa buraxılması üçün hökumətə bir çox məktub yazılıb. Dyatlovu müdafiə edənlərdən biri də SSRİ insan hüquqları müdafiəçisi Andrey Saxarov olub. Dyatlov səhhətindəki problemlərə görə 4 il sonra azadlığa buraxılıb. 1995-ci ildə 65 yaşında infarktdan vəfat edib. Dyatlov heç vaxt nüvə fəlakətində rolu olduğunu etiraf etməyib.
Haşiyə:
Serialda realda olduğundan bir qədər fərqli göstərilən detal isə su anbarını boşaltmaq üçün radioaktiv suya girən üç dalğıcdır. Avropanı təhlükədən xilas edən və buna görə qəhrəman hesab olunan Aleksey Anenenko, Valeri Bespalov və Boris Baranov təqdim olunduğundan fərqli olaraq bu iş üçün könüllü olmayıb. Onlar vəzifələrini yerinə yetirəndə radiasaya məruz qalsa da radioaktiv su ekran işində göstərildiyi qədər çox olmayıb. Su anbarının ağzının açılması prosesi də çətin olmayıb, sürətli formada və heç bir problemlə üzləşmədən başa çatıb.
Çernobıldakı partlayış niyə tarixin ən böyük fəlakətlərindən biri hesab olunur?
26 aprel, 1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışı baş verdi. Hadisənin ilk dəqiqələrində 30 nəfər, sonralar isə məruz qaldığı radiasaya görə ümumilikdə 3940 nəfər ölüb. 2016-cı ildə Birləşmiş Millətlər İttifaqı açıqlayıb ki, 4 min insan radiasiyaya görə xərçəng xəstəliyinə tutulub və ölüb. Bəzi mənbələr hadisə nəticəsində ümumilikdə 7 min insanın həlak olduğunu yazır. 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə dünyaya övlad gətirə bilməkdən məhrum olub. Bu faciədən sonra həmin ərazidə doğulan uşaqların 90%-də əlillik yaranıb.
Səhiyyə təşkilatları bildirirlər ki, fəlakət bölgəsinə qonşu ərazilərdə təxminən 6-8 milyon insan şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlarda xərçəng və müxtəlif xəstəliklər müşahidə olunur.
Bu, yüz illər boyu zəncirvari şəkildə davam edəcək.
Yazı bir neçə mənbədən toplanıb.