Geoff Dyerin tərtib etdiyi “Selected Essays” (Seçmə Yazılar) kitabında fotoqrafiya ilə bağlı yazdıqları ilə tanınan məşhur ingilis incəsənət tənqidçisi John Bergerin “Photographs of Agony” (Əzabın şəkilləri) yazısı da yer alıb. Mikroskop Bilal Əşrəfovun tərcüməsini təqdim edir.
Əzabın şəkilləri
Bu səhər qəzetlərdə xəbər başlıqlarına Vyetnam çıxmayıb. Sadəcə ABŞ hava qüvvələrinin şimalı bombalamağa davam etdiyi bildirilir. Dünən 270 hücum olub.
Bu hesabatın arxasında başqa bir məlumat yığını var. Srağagün ABŞ hava qüvvələri bu ayın ən ağır hücumlarını icra edib. Bu ay əvvəlkilərlə müqayiyəsədə daha çox bomba atılıb. Bombalar arasında hər biri təxminən 8.000 kvadrat metrlik ərazini düzənliyə çevirə bilən 7 tonluq superbombalar da var imiş. İri bombalarla yanaşı, insan öldürməyə hesablanan (antipersonnel) növbənöv balaca bombalar da atılıb. Bunlardan biri, əti yarıb özünü bədənə yeridəndə Rentgen şüaları ilə aşkara çıxmayan plastik güllələrlə dolu imiş. Digəri isə “Hörümçək” adlanır; toxunanda partlayan və az qala gözə görünməz olan, 30 santimetrlik antenalı qumbaraya bənzəyən balaca bir bomba. Daha böyük partlayışların olduğu sahəyə yayılan bu bombalar, davam edən yanğını söndürmək və ya yaralalılara kömək etmək istəyənləri havaya uçurmaq üçün tərtib olunub.
Bu gün qəzetlərdə Vyetnamdan heç bir şəkil yoxdur, amma 1968-cı ildə Hueda Donald MakKalinin çəkdiyi bir şəkil var ki, bu səhər xəbərlərlə birlikdə çap edilə bilərdi. Şəkil qollarında bir uşaqla çömbələn yaşlı kişini əks etdirir; hər ikisi də ağ-qara şəkillərə xas qara qanlar axıdırlar.
Əvvəllər çox sarsıdıcı hesab olunduğu üçün senzuraya məruz qalan müharibə fotolarının, keçən il və ya son bir neçə ildir kütləvi dövriyyədə olan bəzi qəzetlərdə dərc olunması normal hala çevrilib. Bəlkə də kimsə düşünə bilər ki, bu, inkişafın, qəzetlərin getdikcə artan oxucu kütləsinin müharibənin dəhşətinə qarşı artıq oyanması və onlara həqiqətin göstərilməsini istəməkdir. Alternativ olaraq başqa biri də hesab edə bilər ki, bu, qəzetlərin oxuyucularının şiddətin əks olunduğu təsvirlərə öyrəşdiyini və beləcə qəzetlərin davamlı olaraq artan şiddətə əsaslanan və özəyində sensasiya olan rəqabətə girişmələridir.
İlk açıqlama çox idealistdir, ikinci isə hədsiz dərəcə şəffaf olan kinikcə. Bu gün artıq qəzetlər şiddəti göstərən müharibə fotolarına yer ayırırlar, çünki bəzi hallar istisna olmaqla bu şəkillər heç də bir zamanlar gözlənilən effekti yaratmır.
“Sunday Times” kimi bir qəzet bir tərəfdən şiddətə səbəb olan xarici siyasəti dəstəklədiyi halda, digər tərəfdən də Vyetnam və Şimali İrlandiyadan dəhşətli müharibə fotoları dərc edir. Bax, buna görə də bu sualı verməliyik; Belə fotoların nə təsiri var?
Bir çox insan iddia edə bilər ki, bu cür şəkillər bizə siyasi nəzəriyyələrdəki mücərrədlikləri, ölüm statistikalarını və xəbər bülletenlərinin arxasındakı həqiqəti, yaşanan reallığı sarsıdıcı şəkildə xatırladır. Onlar nitqlərinə bu cür davam edəcəklər; bu cür şəkillər unutmağı seçdiyimiz və ya bilmək istəmədiyimiz şeylərin önünə çəkilən qara pərdənin üstünə dərc edilib. Onlar hesab edir ki, MakKalin yuma bilməcəyimiz bir cüt göz vəzifəsini yerinə yetirir. Yaxşı, bəs şəkillərin bizə göstərdiyi nədir?
Həmin şəkillər bizə çatışmazlıq hissi verir. O fotolar üçün istifadə edə biləcəyimiz ən uyğun ifadə “tutulma”dır. Bizi tutub saxlayırlar. (Onlara [baxmadan] yanından ötüb keçən insanların olduğunu bilirəm, amma bu insanlar üçün deyilə biləcək heç nə yoxdur.) Bu şəkillərə baxanda başqasının çəkdiyi əzabın yaşandığı həmin an bizi öz içinə çəkir. İçimiz ya ümidsizlik, ya da qəzəblə dolur. Ümidsizlik, başqasının əzabının bir hissəsini öz üzərinə götürür. Qəzəb isə hərəkət tələb edir. Şəkildəki andan xilas olub öz həyatımıza geri dönməyə çalışırıq. Bu zaman ziddiyyət elə həddə olur ki, bir neçə dəqiqə əvvəl gördüklərimizin qarşılığında həyatımıza elə qaldığı yerdən davam etmək ümidsiz cavab kimi görünür.
MakKalinin ən səciyyəvi şəkilləri əzab anlarını – terroru, yaralanmanı, ölümü, ah-naləni – lentə yazır. Əslində bu şəkillər adi zamanla müqayisədə davamsızlıqdadır. Cəbhədə keçən ‘zaman’ı digərlərindən fərqləndirən bu cür anların ehtimal olunduğu və gözlənilməsidir.
Fotoaparatın bir əzab anını tutub saxlamağı, həmin andakı təcrübənin özünü tutub saxlamağından daha çox zorakılıq deyil. Həm silah, həm də fotoaparat üçün istifadə olunan tətik sözü, sırf mexaniki olmayan əlaqəni əks etdirir. Fotoaparatın ələ keçirdiyi görüntü ikiqat dəhşətlidir və hər ikisini – şiddəti də, ziddiyyəti də, yəni şəklin çəkildiyi anla digər bütün anlar arasındakı ziddiyyəti gücləndirir.
Həmin fotonun çəkildiyi andan ayrılıb yenə öz həyatımıza qayıdanda bu ziddiyyəti hiss etmirik; fərz edirik ki, davamsızlıq bizim öz məsuliyyətsizliyimizdir. Həqiqət isə budur ki, şəklin çəkildiyi ana verilən reaksiya istər-istəməz çatışmazlıq hissini ehtiva edir. Orada, şəklin çəkildiyi vəziyyətin içində olanlar, ölənin əlini tutanlar və ya yaralıya kömək edənlər, həmin anı bizim gördüyümüz kimi görmürlər və reaksiyaları də hərtərəfli fərqlidir.
Belə bir anı fikrə dalmış halda izləyən insanın bu andan daha güclü kimi ayrılmağı mümkün deyil. “Təfəkkürü” həm təhlükəli, həm də hərəkətli olan MakKalin fotolardan birinin altına acıqla bu cümləni yazır:
Fotoaparatı diş fırçası kimi istifadə edirəm. O, işini görür.
Müharibə şəkillərinin mümkün ziddiyyətləri indi aydın görünür. Ən fövqəladə nümunələr – MakKalinin işlərinin əksəriyyətində olduğu kimi – narahatlıq hissini maksimum istismar etmək üçün əzab anlarını göz önünə sərir. Bu cür anlar, şəkli çəkilsin və ya çəkilməsin, digər bütün anlarla müqayisədə davamsızlıqdadır və özü-özlüyündə mövcuddur. Ancaq fotonun tutub saxladığı tamaşaçı bu davamsızlığı öz şəxsi əxlaqi çatışmazlığı kimi hiss edir və həmin an ondakı sarsıntı hissi belə yox olur. Artıq fotoya baxan adama öz əxlaqi çatışmazlığı müharibə cinayətləri qədər sarsıdıcı gələ bilər. Tamaşaçı ya bu çatışmazlığı, qabiliyyətsizlik hissini çox tanış hiss kimi çiyin silkələyərək özündən uzaqlaşdırır, ya da bir növ əvəz ödəməyə çalışır – ki bunun ən açıq nümunələri OXFAM-a və UNICEF-ə olunan ianələrdir.
Hər iki vəziyyətdə də fotonun çəkilməyinə səbəb olan müharibə məsələsi böyük miqyasda öz siyasi mahiyyətini itirir. Şəkil, ümumi insan vəziyyətinin sübutu olur. Heç kimi ittiham etmir, amma hamını ittiham edir.
Fotosu çəkilən həmin əzab anı ilə olan üzləşmə daha genişmiqyaslı və təcili üzləşməni maskalayır. Bizə göstərilən müharibələr, adətən ya birbaşa, ya da bilavasitə “bizim” üçün aparılır. Bizə təqdim olunan şey bizi dəhşətə gətirir. Bizim üçün bundan sonrakı addım, siyasi azadlıqlardan məhrum olmağımızla üzləşmək olmalıdır. Hazırda siyasi sistemlərin bizim üçün apardıqları müharibələrə səmərəli təsir üçün hüquqi imkanımız yoxdur. Bunu başa düşmək və buna uyğun davranmaq, şəklin göstərdiyi şeyə cavab verməyin yeganə təsirli yoludur. Ona görə də onlar qarşılığı olmadan dərc edilə bilinirlər.