Eynicinsli nikahın leqallaşmağı barədə müzakirələrdə hər iki tərəf məğzi gözdən qaçırır. Niyə dövlət kimin evlənib, kimin evlənə bilməyəcəyi işi ilə məşğul olmalıdır ki? Eynicinsli nikahın tərəfdarları bunu vətəndaş hüququ məsələsi kimi görür. Əleyhdarlar isə bunu əksəriyyətin mədəniyyətinə qarşı sui-istifadə edilən azlıq “hüququ”nun başqa forması kimi qəbul edir. Niyə kiminsə şəxsi münasibəti üçün dövlət təsdiqi olmalıdır, buna nə ehtiyac var? Niyə bütün dünyada hökümətlər elektrik enerjisindən tutmuş sosial müdafiəyə qədər hər şeyin özəlləşdirilməsini götür-qoy etdiyi halda, ən şəxsi və intim institut – nikahı özəlləşdirmirik?
Nikahın “özəlləşdirilməsi” iki fərqli şeyi ifadə edir. Birincisi, dövləti tamamilə bu məsələdən kənarda tutmaqdır. Əgər cütlüklər münasibətlərini təntənə və ya mərasimlə gücləndirmək istəyirlərsə, onlar bunu etməkdə sərbəstdirlər. Dini institutlar, özlərinin tərtib etdiyi qaydalar çərçivəsində belə münasibətləri təsdiqləməkdə sərbəstdirlər. “Özəlləşdirmə”nin ikinci mənası isə nikaha digər hər hansısa müqavilə kimi yanaşmaqdır. Uşaqlar və ya külli miqdarda pulun da daxil olduğu təqdirdə, hər iki tərəfin öz hüquq və öhdəliklərinin qeyd olunduğu müqavilə arzuolunandır. Amma belə bir müqavilənin mövcudluğu və tərərrüatları tərəflərdən asılı olmalıdır.
Nikahın özəlləşdirilməsi eyni zamanda eynicinsli nikah problemini də həll edə bilər. Bu, rəsmi dövlət təsdiqinə ehtiyac olmadan homoseksual münasibətləri heteroseksual münasibətlərlə bərabərləşdirə bilər. Necə olmasından asılı olmayaraq heç kimin şəxsi həyatında dövlət təsdiqinə ehtiyac qalmaz.
Eynicinsli nikahın əsas tərəfdarlarından biri – Endrü Sulivan, “Nikah, ancaq hökümətin təsdiqləyə biləcəyi rəsmi və ictimai institutdur” – deyə qeyd edir. Amma nikah və dövlət tarixi sahəsi üzrə akademiklərdən biri olan Laurens Ston’un qeyd etdiyi kimi bu məsələ müasir müzakirəçilərin təsəvvür etdiyindən daha qarışıqdır:
Belə görünür ki, orta əsrlərin ilk vaxtlarında ruhani sinifdən olmayanlar üçün nikah iki ailə arasında şəxsi müqavilədən başqa bir şey deyil. Mülk sahibi olmayanlar üçün nikah, icmanın doğru hesab etdiyi təfəkkürlə icra olunan, iki fərd arasındakı şəxsi müqavilə idi.
16-cı əsrə qədər “mehr” adlandırılan rəsmi şahidli müqavilə, adətən kilisədə üç dəfə elan kimi bəyan edilərdi, amma mehrin özü hüquqi məsuliyyəti olan müqavilə idi.
Sadəcə Hardvikinin 1754-cü ildəki Nikah Aktı ilə İngiltərədə nikah qanunla tənzimlənməyə başlandı. Yeni İngiltərə koloniyalarında, nikah başlanğıcdan etibarən sülh hakimləri və digər hakimlər tərəfindən yerinə yetirildi. Amma hətta o zaman belə müştərək-hüquq birlikləri qüvvədə idi.
Lakin 20-ci əsrdə hökümət digər bir çox müqavilələrlə yanaşı nikah müqaviləsinə də müdaxilə etdi. Hər dövlətin standart, yəni “hamısına uyğun bir format” düsturunu daha geniş yaymağa meyili var. Keçmiş nəsildə qanunverici orqanlar və məhkəmələr nikah müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişdirməyə başladı. 1969-1985-ci illər arasında bütün dövlətlər təqsirsiz boşanma, yəni nikahı ləğv etmək üçün tərəflərdən birinin hər hansı təqsir göstərməyini tələb etməyən boşanma hüququnu təmin etdi. Yeni dəyişikliklər sadəcə yeni evlənənlərə deyil, həmçinin ondan əvvəlki dövrün qanunları çərçivəsində evlənənlərə də şamil olundu. Bir çox insan xilas hissi sezdi; dəyişikliklər imkan verdi ki, əvvəllər boşanmaq üçün tələb olunan təqsirləndirmə ittihamları olmadan xoşagəlməz nikahları ləğv etmək mümkün olsun. Amma yeni qanunlar bəzi insanlara, xüsusuilə də evliliyi tərəflərdən birinin pul qazanıb, digərinin də evdarlıqla məşğul olmaq üçün kariyerasından imtina etdiyi əməkdaşlıq kimi görən qadınlara ziyan vurdu.
Dinin özəlləşdirilməsi – din və dövlət ayrılığı kimi də qəbul olunur – qurucularımızın Avropadakı dini müharibələrdən yayınmaq resepti idi. Amerikalılar bir-birlərinin cəhənnəmə gedəcəyini düşünə bilər, amma dini fikirləri şəxsi təbliğat səviyyəsində saxlayır və hər hansısa dini qanun gücü ilə qəbul etdirmək üçün döyüşmür. Digər sosial münaqişələri hökümətdən kənar tutsaq, onları da eyni şəkildə qeyri-siyasiləşdirmək və olduqca yüngülləşdirmək mümkün olar. Bütün incəsənət fondları özəl olsa, (99%-i artıq elədir), məsəlçün, Robert Mapplethorpe’un şəkilləri və “The Watermelon Woman” filmi barədə müzakirələr edən Konqres üzvlərimiz olmazdı.
Elə isə nikahı niyə özəlləşdirməyək? Bunu iki fərd arasındakı şəxsi müqaviləyə çevirin. Boşanma halında mal-mülk və aliment üzrə müəyyənləşdirilən qaydalarla, ənənəvi, yəni çörəkağacı/evdar formatında olan nikah müqaviləsi bağlamaq istəyirlərsə, edə bilərlər. Daha az ənənəvi olan cütlüklər var-dövləti ayrı saxlaya və müəyyənləşdirilən xərcləri bölüşməyi qəbul edə bilər. Müdafiə olunan var-dövlətə sahib olanlar isə nikahdan əvvəl məhkəmənin də qəbul etdiyi saziş imzalaya bilər. Bununla da boşanma olacağı təqdirdə fərdlərin bütün mülklərinin ortaq bölünməsi əvəzinə əvvəlcədən müəyyən olunduğu kimi hərə öz mülkünü özündə saxlaya bilər. Nikah müqavilələrini müxtəlifliklərlə dolu kapitalist dünyamızdakı digər müqavilələr qədər fərdi qaydada uyğunlaşdırmaq mümkün olacaq. “Hamısına uyğun bir format” standartını istəyənlər üçün isə bunu əldə etmək yenə də asan olacaq.
Məsələn, “Walmart” marketlər şəbəkəsi standart kirayə blanklarının yanında nikah blankları, kitabçaları sata bilər. Beləliklə cütlüklər üçüncü, hər hansısa tərəfin xəbərdarlıq olmadan müqavilədə dəyişiklik edilməsi sürprizi ilə qarşılaşmaz. Ayrı-ayrı klisələr, sineqoqlar və ibadətxanalar hansı nikahlara xeyir-dua verəcəklərinə dair öz qaydalarını hazırlaya bilərlər.
Bəs eynicinsli nikah necə? Nikahın özəlləşdirilməsi homoseksuallara da digər insanlar kimi evlənməyə imkan verər; fərdi, şəxsi, müqaviləli, ailə, dostlar və ya Tanrının iştirakı ilə özlərinin seçdiyi mərasimlə. Əlbəttə artıq homoseksuallar mərasimlər təşkil edirlər, amma onların müqavilələrini məhkəmələr həmişə etibarlı saymır və hesab edir ki, bu, Ümumi Mühasibat Dairəsinin ailə vəziyyətini etibarlı saydığı federal qanunların 1049-cu maddəsinə uyğun deyil. Özəlləşdirilmiş nikah sisteminə əsasən, məhkəmələr və hökümət dairələri istənilən cütlüyün müqaviləsini tanıyacaq – yaxud, daha da yaxşısı, hökumətin kimin evli olub-olmadığına dair istənilən ayrı-seçkiliyi aradan qaldırılacaq.
Nikah vacib müəssisədir. Vacib şeylərin hökümət tərəfindən planlanmasının, dəstəklənməsinin, nəzərdən keçirilməsinin və ya lisenziyalaşdırılmasının lazım olduğunu düşünmək müasir xətadır. Eynicinsli nikah müzakirəsində hər iki tərəf, mahiyyətcə kollektivist düşüncəni bölüşür. İki yanaşmadan hansınısa qəbul etmək əvəzinə, gəlin höküməti nikahdan kənar tutaq və məlumat dövrünün başlanğıcında sekulyar, fərdiyyətçi respublikamıza uyğun olaraq fərdlərin öz nikah müqavilələrini hazırlamalarına icazə verək.
*təqsirsiz boşanma – ABŞ, Britaniya, Kanada, Almaniya, habelə Çin və Rusiya kimi bir neçə ölkədə keçərlidir.
MƏNBƏ: David Boaz “Cato Institute” adlı libertarian araşdırma mərkəzinin icraçı vitse-prezidentidir. “Libertarian Mind”, “The Politics of Freedom” adlı kitabların müəllifi olan D.Boaz həm də “The New York Times”, “Wall Street Journal”, “Washington Post” kimi nəşrlər üçün məqalələr yazıb. Tərcüməsi təqdim olunan bu məqaləni o, 1997-ci ildə “Slate” jurnalı üçün yazıb.
TƏRCÜMƏ: Bilal Əşrəfov