Cərrah, St Luis Vaşinqton Universitetindən olan həkim Susan Makinnonun dəfələrlə əməliyyatı başa vurmaq üçün 20-ci əsrin ortalarında nəşr olunan anatomiya kitabına ehtiyacı olub. İnsan bədəninin qatbaqat soyulmuş halını əks etdirən və əllə çəkilmiş mürəkkəb illustrasiyalara minnətdar olan həkim Makinnon əməliyyatı tamamlaya bilib.
Onun istifadə etdiyi məsum səslənən kitab – “Pernkopf İnsan Anatomiyası Topoqrafiyası” dünyada anatomik görüntülərin ən yaxşısı hesab olunur. Kitab detallarla zəngindir və digərlərindən daha rənglidir.
Dəri, əzələ, vətərə, sinirlər, orqanlar və sümük qrafik təfərrüatla ortaya çıxır. Bu, əsəbi zəif olanlar üçün uyğun kitab deyil.
Çox vaxt “Pernkopfun Atlası” adlanan kitab artıq nəşr olunmur və ikinci əl satışda olan cildləri onlayn şəkildə bəzən minlərlə paunda satılır. Qiyməti çox baha olsa da çoxları onu öz klinkasında, kitabxanada və ya evində sərgiləməkdən qürur duyur.
Əslində isə bu kitabda qeyd olunan məlumatların mənbəyi Nasistlərin öldürdüyü yüzlərlə insanın bədənidir. Kitabın minlərlə səhifəsində göstərilən rəsmlər onların kəsilib parlaçalanan bədənləridir.
Tənqidçilər deyir ki, bu kitab qaranlıq keçmişdən bəhrələnib və alimlər onun istifadəsinin etik olub-olmadığını müzakirə edirlər.
Həkim Makinnon deyir ki, kitabın mənbəyi onu narahat edir, amma həm də bu kitabdan istifadə “etik cərrahiyə”nin önəmli parçasıdır və o, öz işini bu kitabsız görə bilməz.
Rabbi Cozef Polak – yəhudi soyqırımından sağ çıxan və səhiyyə hüququ professoru düşünür ki, bu kitab “mənəvi eniqmadır”, çünki əsl pislikdən qaynaqlanır, amma həm də yaxşılığa xidmət üçün istifadə oluna bilər.
Kitab tanınmış nasist həkim və Adolf Hitlerin Avstriyanın akademik reytinqini artıran dəstəyinə minnətdar olan Eduard Pernkopfun 20 illik layihəsidir. Kolleqaları 1938-ci ildən hər gün işə nasist uniforması ilə gedən Pernkopfu alovlu nasional sosialist kimi təsvir edirdilər.
O, Vyana Univeristetinin tibb fakultəsinin dekanı təyin olunandan sonra 3 Nobel mükafatı laueratı da daxil olmaqla fakultənin bütün yəhudi əməkdaşlarını işdən çıxarıb.
1939-cu ildə 3-cü Reyxin yeni qanunu edam olunan bütün məhbusların cəsədlərini araşdırma və öyrənmə məqsədilə dərhal ən yaxınlıqdakı anatomiya departamentinə göndərilməsini təmin etdi.
Bu müddət ərzində Pernkopf gündə 18 saat işləyərək cəsədləri yarırdı və həmin vaxt onun rəssamlardan ibarət komandası kitab üçün bu rəsmləri, illustrasiyaları çəkirdi. Bəzən anatomiya institutu dolu olduğundan edamları təxirə salmaq məcburiyyətində qalırdılar.
Harvard Tibb Məktəbinin həkimi Sabina Hildebrandt deyir ki, atlasdakı 800 şəklin ən azı yarısı siyasi məhbusların bədənləridir. Onların arasında homoseksuallar, qaraçılar, siyasi dissidentlər və yəhudilər var.
Kitabın ilk dəfə 1937-ci ildə işıq üzü görən nəşrində illustratorlar Erix Lepyer və Karl Endtresserin içində svastika və SS logosu olan imzaları var.
Hətta 1964-cü ildə çap olunan ingilis dilindəki nəşrdə də nasist simvolu olan işarələr saxlanıb. Növbəti nəşrlər isə nasist işarələrindən təmizlənib.
Bu kitabın minlərlə nüsxəsi bütün dünyada satılıb və 5 dilə tərcümə olunub. Kitablara yazılan giriş və önsözlərdə onun qanlı keçmişi vurğulanmaqla yanaşı rəsmlərin nə qədər təsirli və sənət əsəri olduqları qeyd olunub.
Ancaq 1990-cı illərdə tələbələr və akademiklər atlasdakı rəsmlərdə təsvir olunan insanların kimliyi ilə maraqlanmağa başlayıb. Onun dəhşətli keçmişi aşkara çıxandan sonra, 1994-cü ildə nəşri dayandırılıb.
Kral Cərrahiyə Kolleci deyir ki, bu kitab Böyük Britaniya ərazisində istifadə olunmur, sadəcə tarixi önəminə görə kitabxanalarda saxlanılır.
Son keçirilən sorğu aşakara çıxarıb ki, sinir cərrahlarının 59%-i Pernkopfun atlasından xəbərdardır və 13%-i ondan istifadə edir.
Sorğuda iştirak edənlərin 69%-i onun tarixindən xəbərdar olduqdan sonra da rahatlıqla istifadə etdiklərini, 15%-i narahat olduğunu, 17% isə qərarsız qaldığını deyib.
Dr. Makinnon deyir ki, bu kitabın dəqiqliyini və detallılığını başqa bir şeylə müqayisə etməyə başlamaq belə olmaz və o xüsusilə mürəkkəb əməliyyatlarda faydalıdır. Çünki bədənimizdə keçən çoxlu kiçik sinirlər potensial olaraq ağrıya səbəb olurlar.
Həkim həm də deyir ki, əməliyyata girən hər kəsi kitabın qaranlıq mənşəyi barədə xəbərdar edir.
Bu atlasın ləkələnmiş və pis keçmişi haqda xəbərdar olandan sonra onu əməliyyat otağında bağlı yerdə saxlamağa başladım – o deyir.
Ötən il Rabbi Polak və tibb tarixçisi, psixiatr professor Maykl Qrodin Dr. Makinnonun təcrübəsinə əsasən Responsum (yəhudi tibb etikasına əsaslanan akademik cavab) hazırladılar ki, bu atlasın istifadəsi etikdir, yoxsa yox.
Onların gəldiyi nəticəyə görə əksər yəhudi rəsmiləri icazə verib ki, insanların həyatını xilas etmək üçün o rəsmlərdən istifadə etmək olar. Bu halda atlasın keçmişi hamıya bəlli olar, bununla da qurbanlara da ləyaqətlərinin heç olmasa bir qismi geri qaytarılar.
Rabbi Polak BBC-yə deyib:
Həkim Makinnona baxın, o öz sahəsində bənzərsizdir, amma siniri tapa bilmədi. Xəstə ona razılıq verib ki, əgər siniri tapmaq olmursa, ayağını kəssinlər. Heç kim istəməz ki, bu baş versin. Həkim çətinliklə udqunub və Pernkopfun atlasını istəyib. Həmin illustrasiyaların köməyi ilə o, 1 dəqiqə ərzində siniri tapa bilib. O mənə bu sitasiya haqda danışdı. Mən isə ona dedim ki, əgər bu, insanları sağaldırsa və onlara həyatlarını geri qaytarırsa, onda həmin atlası istifadə edib-etməməklə bağlı heç bir sual ola bilməz.
Müharibədən sonra Pernkopf həbs olundu və universitetdən qovuldu. O, üç il müttəfiqlərin müharibə düşərgəsindəki həbsxanasında saxlansa da heç vaxt hansısa cinayətdə ittiham olunmadı.
Daha sonra universitetdəki işinə geri qayıdıb atlas üzərindəki işini davam etdirdi və 1952-ci ildə kitabın 3-cü cild nəşr olundu. 4-cü cildin nəşrindən qısa müddət əvvəl, 1955-ci ildə Pernkopf vəfat etdi.
Anatomiya tədris edən həkim Hildebrandt hesab edir ki, 60 il keçməyinə baxmayaraq bu atlas hələ də detallı anatomiya və sinir əməliyyatları ilə bağlı vizual informasiya üçün ən yaxşı mənbədir.
“Bu atlasla “görməyi” öyrənən bizlər suallarımız olanda da ona müraciət edirik. Periferik sinir cərrahiyəsində bəziləri onu unikal və əvəzedilməz informasiya mənbəyi hesab edir” – o deyir.
Amma əlavə edir:
Mən özüm Pernkopfun şəkillərini öz anatomiya tədirisimdə istifadə etmirəm. Ona yalnız bu kitabın tarixi haqda danışanda müraciət edirəm.
Makinnon hesab edir ki, bu, həyati əhəmiyyətli vasitədir – keçmiş olsa belə əsla unudulmur.
Təcrübəmə əsasən deyə bilərəm ki, əgər bu kitablar itsəydi sinir cərrahiyəsi böyük dərəcədə geri qalardı.