2017-ci ilin mayında Gürcüstanda yaşayan azərbaycanlı araşdırmaçı jurnalsit Əfqan Muxtarlı Tiflisdə yoxa çıxıb, Bakıda peyda oldu. Buna oxşar hadisə tacik müxalif lider Şarofiddin Qadoyevin də başına bu ilin fevralında gəlib. Yeganə fərq odur ki, tacik lideri öz ölkəsinə təyyarə ilə aparıblar. OCCRP həmin müxalif liderin hekayəsini araşdırıb və zorla ölkəsinə aparılandan sonra nələrin baş veridiyindən yazıb. Mikorskop araşdırmanın tərcüməsini təqdim edir:
Qaçırılma, İşgəncə və Azadlıq
2019-cu il fevralın ortasında Şarofiddin Qadoyev vətəni Tacikistanın paytaxtı Düşənbədə dövlət idarələrindən birinin zirzəmisində işgəncədən yorulmuş, yuxusuzluqdan halsız və həmişəkindən daha tənha vəziyyətdə gözləyirdi. Cəmi 2 həftə əvvəl o, ölkəsinin təhlükəli siyasətindən uzaqda özünü təhlükəsizlikdə hiss edir, Hollandiyada yaşayır və Moskvaya səfərə hazırlaşırdı.
Amma təhlükəsizlikdə deyildi. Rusiyalı əməliyyatçılar onu ələ keçirdi və əleyhinə olduğu rejimə təhvil verdi.
İndi o deyir ki, ona dostu və Tacik müxalifətinin tərəfdarı hesab etdiyi hüquqşünas Nikolay Nikolayev xəyanət edib. OCCRP-nin yeni araşdırması Nikolayevin və onunla əlaqə qurandan sonra oğurlanan müxalifət liderinin hekayəsini danışır.
Bu, əslində Qadoyevin hekayəsidir. O, yeganə adamdır ki, onun haqqında bunu demək olar: Xarici ölkədə qaçırılıb, zorla öz ölkəsinə gətirilən ilk tacik dissident olmasa da, onlar arasında sağ qalan ilk adamdır. Bu da onun zorla Tacikistana geri qaytarılmağın necə bir şey olduğu barədə hekayəsini unikallaşdırır. (Qadoyevin başına gələnlərin xüsusi detalları müstəqil mənbədən dəqiqləşdirilməsə də, Moskvada yoxa çıxıb, Tacikistanda peyda olmağı təsdiqlənib).
Müxalif liderin ortaya çıxmağı
Qadoyev Düşənbədə nəqliyyat şirkəti olan uğurlu iş adamlarından biri idi. Onun rahat həyatı var idi, amma Tacikistanın boğucu avtoritarizmi onu bezdirdi və o, müxalif kimi siyasətə qoşuldu. Ola bilsin elə buna görə də tacik təhlükəsizlik qüvvələri 2012-ci ildə onun biznesini ələ keçirdi və müxalif liderin təsvirinə görə saxtakarlıq və qaçaqmalçılıq kimi səhv ittihamlarla onu ölkədə sıxışdırmağa başladılar.
Nəhayət Qadoyev Hollandiyada mühacir statusu aldı. Bu çətin yoldan və bir neçə il təhlükəsizlikdə yaşayandan sonra o, özünü siyasi mənada daha güclü ifadə etməyə başladı.
Həyatı başqa cür başa düşməyə başladım. Qorxusuz yaşamaq daha yaxşıdır. Qorxu səhvlər etməyə səbəb olur
O, tezliklə Rusiyada yaşayan 2 milyon tacik miqrantın potensialına diqqət yönəltdi. O inanırdı ki, 2020-ci ildə keçiriləcək seçkilərdə prezident İmomali Rahman diktaturasından xilas olmaq üçün ən yaxşı yol bu insanları səfərbər etməkdir.
Ötən ilin noyabrında o, öz planlarını müzakirə etmək üçün Moskvada rusiyalı yüksək rütbəli rəsmilərlə görüş dəvətini dəyərləndirdi. Nəzər alınsa ki, tacik dissidentlər Rusiyada yoxa çıxıb, bu, riskli cəhd idi. Amma Qadoyevin Moskvaya ilk səfəri yaxşı keçdi. Bu görüşlərdən cəsarətlənən Qadoyev fevralda Rusiyaya yenidən səfər etdi.
Bu dəfə onu hava limanında xüsusi xidmət orqanlarının əməkdaşları qarşıladı və Moskvanın mərkəzində yerləşən 5 ulduzlu “Crown Plaza” otelinə apardılar. Həmin axşam o, Putinə yaxın olan yüksək səviyyəli siyasətçinin asissenti adlandırdığı və görüşlərin təşkilatçısı olan “Maksim”i gördü. Daha sonra Qadoyev ailəsinə mesaj yazdı ki, o, yaxşıdır.
Növbəti gün, fevralın 14-də o, səfərinin təşkilatçısı və sonradan ona xəyanət etdiyini dediyi Nikolayevlə görüşdü. Nikolayev qaçırılmadan əvvəl Qadoyevi görən son insandır.
Qadoyev deyir ki, axşam saat 6 radələrində, Nikolayevlə görüşlərindən dərhal sonra o, oteli tərk etdi və yanında Maksimin oturduğu BMW markalı qara maşına mindi. Razılaşdırılmış yerə aparılacaq Qadoyevə deyilmişdi ki, Putin administrasiyasının rəsmiləri ilə görüşəcək. İyirmi dəqiqə sonra BMW bir minivanın yanında dayandı. Qadoyev bu zaman şübhələnməyə başladı. Qara şüşələri olan yeni avtomobil eyni cür geyinmiş 8 nəfərlə əhatə olunmuşdu.
Oğurlanma
Maksimin təşviqi ilə Qadoyev içəri girdi və onun əlləri dərhal qandallandı. “Biz Daxili İşlər Nazirliyindənik” – adamlardan biri dedi.
Tacik lider deyir ki, onun ağzını bağladılar və başına plastik torbanı möhkəm doladılar. Ciblərini boşaltdılar. Qadoyev ehtimal edir ki, onu başqa maşına keçirənə qədər minivan 1 saat ərzində sürüldü və nəhayət onlar hava limanına çatdılar. Deyir ki, təyyarələrin səsini eşidirdi və başa düşdü ki, onu Düşənbəyə aparırlar.
Saatlarla maşının içində gözlədilər. Bir müddət sonra torba başından çıxarılan Qadoyev saysız zərbə aldı. İlk dəfə ətrafına baxanda düşündü ki, ətrafdakı maskalı adamlar Federal Təhlükəsizlik Xidmətindədirlər. Sonra başını yenidən bağladılar.
Nəhayət Qadoyevi təyyarəyə apardılar.
Mən uşaq səsləri və adamların tacik dilində danışdığını eşitdim
Son ümid kimi başındakı torbanı çıxarıb gördü ki, onu təyyarədə biznes klasda əyləşdiriblər və kömək üçün qışqırdı:
“Mən Şarofiddin Qadoyevəm və qaçırılmışam” və digər sərnişinləri medianı xəbərdar etməyə çağırdı.
Qadoyev deyir ki, iki nəzarətçi onu cilovlaya bilmədiyindən hava yolu şirkətinin bir neçə əməkdaşı onu nəzarət altına almağa çalışdı. Ayaqlarını bir yerə bağlayıb, oturacağa qoyub əyilmiş vəziyyətdə saxladılar.
Mən bu vəziyyətdə 4 saat qaldım. Başım yerdə və əllərim birlikdə
Qadoyev qeyd edir ki, o, Somon Hava Yollarının təyyarəsində idi. Hava yolu şirkəti suallara cavab verməyib. Düşənbə üzərində günəş batanda Qadoyevin olduğu təyyarə nəhayət ki, Tacikistanda yerə endi.
İşgəncə
Çatan kimi səlahiyyətlilər Qadoyevi dərhal Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin zirzəmisinə apardılar. Yuxusuz qalan və döyülən Qadoyev ötən gecə Moskvadan qaçırıldığı vaxtdan bəri ilk dəfə idi ki, tək idi.
Şöbə rəisinin müavini, polkovnik Baxiyor Nazarov zindana gələndə Qadoyev isti münasibət gözləmirdi.
Onun cəmi 3 seçimi var idi. Polkovnik ilk seçimi təklif etdi:
İşgəncə və təzyiq altında bizə bildiyin hər şeyi deyəcəksən. Sonra da biz səni öldürəcəyik
İkinci seçim ən azı 25 il, ya da bütün həyatını həbsxanada keçirmək idi.
Polkovnikin təklif etdiyi digər seçim də onun Tacikistan müxalif hərəkatının tərəfdarları əleyhinə ifadə vermək idi. O, əməkdaşlıq edərək kamera qarşısında hökumətə lazım olan hər şeyi deyə bilərdi.
Ondan tələb olundu ki, müxalifətdə olan tərəfdaşları, xüsusilə də hazırda Tacikistanda fəaliyyəti qadağan olunan İslam İntibah Partiyası əleyhinə danışsın. Qadoyev Avropada mühacirətdə olduğu vaxtlarda onları yaxşı tanıyırdı.
Qadoyev deyir ki, ondan İslam İntibah Partiyasının öz lideri şiə müsəlman Muhiddin Kabirinin adını tanıdarkən Soros Fondu və İrandan maliyyə dəstəyi alıb.
Onlar həm də dedi ki, İslam İntibah Partiyası və müxalifət Tacikistanda sabitliyi pozmaq istəyir. Və mən bütün bunları mətbuat konfransında deməliyəm
Ona işgəncə verənlərə hazırda yuxusuz olduğunu, yaralandığını və vacib qərarlar verəcək vəziyyətdə olmadığını deyərək vaxt qazanmağa çalışdı.
Onlar məni yumruqla vururdular. Mən üzümü tutmuşdum. Əsasən başıma, kürəyimə, qaburğa və mədəmə vururdular.
Zirzəmidəki qrupa tezliklə daha çox rəsmi şəxs qoşuldu, onların arasında daxili işlər nazirinin birinci müavini Abduraxmon Alamşozoda da var idi və seçimlər ona yenidən təqdim olundu.
Alamşozoda dedi ki, o indicə prezidentlə görüşüb. Nazir müavini dedi:
Onlar sənin qərarını gözləyir. Əgər bizlə əməkdaşlıq etsən, prezident özü səni əfv edəcək. Əgər etməsən, biz prezidentə deyəcəyik ki, sən razılaşmırsan və həbs edəcəyik
Bir müddət etiraz etdikdən sonra başa düşdü ki, başqa yol yoxdur və Qadoyev razılaşdı.
“Və bütün komediya bundan sonra başladı; mənim haqqımda hazırlanan film” – o deyir.
Öz pencəyi qana bulandığından ona yeni pencək verildi. Düşənbə ətrafında bağ evində çəkilən bir filmdə o, prezident İmomali Rahmanı dəstəkləyir və onu sülhün əsasını qoyan şəxs və xalqın lideri adlandırır. O xatırlayır ki, Alamşozoda daxil olmaqla 3 rəsmi şəxs onun hərəkətlərini idarə edirdi, mütəmadi olaraq çəkilişi dayandırır və necə dayanmalı, necə danışmalı olduğunu deyirdi.
Başqa bir videoda isə o, Düşənbəyə yenicə çatdıqdan sonra polis binasına daxil olduğu yerdə göstərilir. Senarinin inandırıcı olmadığını düşünsə də Qadoyev ona deyildiyi kimi etdi, kameraya Tacikistan hökumətinə təslim olduğunu dedi.
Amma eyni zamanda dünyada Qadoyevin şəxsi iradəsinin əleyhinə olaraq Tacikistana aparıldığı barədə xəbərlər yayıldı. O, anası ilə birlikdə bağ evinə aparıldı.
Kabiri öz videosunda ona Qadoyevin qaçırıldığı barədə məlumat verildiyini və buna cavab verilməli olduğunu dedi.
“Anam məcbur oldu ki, Kabirini təhqir etsin, onun məni aldatdığını və yoldan çıxardığını desin. Bütün o generallar öz anaları yoxmuş kimi davranırdılar. Onların analıq hissləri yox idi. Onlar anamı məcbur etdilər və onun ana olmağından öz istədiklərini eşitmək üçün istifadə etdilər. Bu, onların ən pis, qeyri-insani hərəkəti idi” – Qadoyev deyir.
Qadoyev kamera qarşısına çıxana qədər Düşənbədə 1 otalıq evdə saxlanıldı. Əməkdaşlıq üçün razılıq verəndən sonra işgəncələr dayansa da rəsmilər onu təhdid etməyə davam etdi.
Onlar məni sorğulayırdılar, dostlarımın, jurnalistlərin, insan hüquqları müdafiəçilərinin şəkillərini göstərirdilər. Onlar haqqında nə bilsəm deməliydim
Azadlıq
Fevralın 28-də nəhayət Qardoyevin əziyyəti bitdi. Alman və holland xarici işlər nazirləri onun azadlığa buraxılmasını tələb etdilər və prezident Rahmon razılaşdı.
“Cənab Qadoyev Hollandiyanın müraciətindən sonra Tacikistandakı Almaniya səfirliyi vasitəsilə konsulluğun yardımı ilə təmin edildi” – Hollandiya konsulunun sözcüsü Villemiyen Veldman təsdiqlədi.
Oğurluq hadisəsi ilə bağlı Rusiya və Tacikistan hökumətləri sualları cavablamadılar.
Yaşadığı əziyyətlərə baxmayaraq Qadoyev müxalif fəaliyyətini dayandırmaq niyyətində deyil.
Mən əminəm ki, tacik xalqı diktatura altında yaşamamalıdır. Rahmon rejimi Tacikistan vətəndaşlarının həyatını təhdid edir. Buna əminəm. Mən də inandığımı edəcəyəm.