Qızım Malala Yusifzai doğulmazdan, həmçinin qızların təhsil haqqı uğrunda mübarizəyə başlamazdan və Talibanın Malalaya qəddar hücumu dünyanın diqqətini onun hekayəsinə çəkməzdən çox əvvəl bir qərar vermişdim.
Pakistanın şimalındakı Şangla kəndində böyüyəndə patriarxiyanın əhatəsində idim. Beş bacım və bir qardaşım var idi və mən biz oğlanlar üçün qızlardan necə daha yaxşı ayaqqabı, daha çox paltar alındığını, toyuğun daha dadlı yerlərinin necə bizə verildiyini görmüşdüm. Anamın necə çölə tək çıxa bilmədiyini və həkim resepti kimi sənədlərdə həmişə onun öz adı yerinə –Maharo Bibi– Ziəuddinin anası və ya Rahul Aminin arvadı yazıldığını görmüşdüm. Ən pisi isə mən məktəbə getdiyim halda bacılarımın necə evdə qalıb gələcəklərini şikəst etdiklərinin şahidi olmuşdum.
Qəti qərarım idi ki, ata olsam, çox fərqli olacağam.
Həyat yoldaşım Tor Peki ilə evlənəndə bir-birimizə bərabər tərəflər kimi hörmət edən və qızımız Malalanı oğullarımız Xüsal və Atal kimi böyütdüyümüz bərabərhüquqlu bir ailə qurmağa qərar verdik. 45 yaşıma qədər, yəni Malalaya olan hücum bizi Birləşmiş Krallığın Birminhem şəhərinə aparana qədər “feminist” sözünü eşitməmişdim. Ancaq bu vaxta qədər illərdir ailəmdə və icmamda yaymağa çalışdığım şey feminizm idi.
Ataların qadın haqları uğrunda mübarizədə həlledici rolu olduğuna inanıram. Əlbəttə ki, hüquqlarınız pozulanda –evdə, işdə, hər yerdə– sizin səsiniz əsarətinizə qarşı çıxmaq üçün ən güclü şeydir. Beləliklə, feminizmdə qadınların səsləri ən vacibdir. Lakin patriarxal cəmiyyətlərdə bir atanın səsi dəyişikliyi canlandırmaq üçün növbəti ən vacib vasitədir.
“Suffragette”lərdən tutmuş “#MeToo” hərəkatına, oradan da gender bərabərliyi və qadınların, qızların hüquqları üçün çalışan möhtəşəm qlobal təşkilatlara və yerli təşkilatlara qədər tarixdə böyük anlara şahid olduq. Lakin patriarxal cəmiyyətlərdə —hətta bir çox Qərb ölkələri belə hələ də bu vəziyyətdədir- bir platforma, bir təşkilat universaldır; ailə. Bir ata öz qızlarının dəyərinə inanıb, feminizmə yönəlməyə başlayanda bütün ailənin gələcəyini dəyişdirə bilər.
Başqaları əsrlərdir ötürülən dəyərləri qəbul etdiyi halda, niyə bu yolu seçdiyimi bilmirəm. Bəlkə də səbəb uşaqlıqda qara dərim və pəltəklik problemimə görə bullinqə məruz qaldığımdan hər hansı bir fərdin doğulanda seçmədiyi bir özəlliyə görə ayrıseçkiliyə məruz qalmağına qarşı qəzəbimdir.
Ancaq mən bir şeyə əminəm; patriarxallıq birbaşa axmaqlıqdır. Ataların onu dağıtmağa böyük marağı var. Biz də təşviqatçı kimi bunu onlara çatdırmalıyıq.
Patriarxallıqdakı həyat hamı üçün kədərli, qəzəbli bir həyatdır. Pakistanda ata, ana, bir oğlan və 5-6 qızdan ibarət ailələr görmüşəm. Sosial normalara əsasən ata və oğul bütün ailəyə çörək pulu qazanmaq üçün işləyirlər. Bütün yük onların üzərinə düşür və bütün bacıları isə evdə qalmalı, məktəbə getməməli, işləməməli, sadəcə evlənmək üçün gözləməlidir. Bir oğlan həyatını axmaq bir norma üçün qurban verir və qızlar öz potensiallarını tam görə bilmirlər. Hətta Amerika və Britaniya kimi ölkələrdə də qızlar təhsilli olduqları və əksər hallarda oğlanlarla eyni imkanlara sahib olduqları halda, qeyri-bərabər əmək haqqı, cinsi qısnama və qadın düşmənliyi kimi problemlər onların karyeralarına və şəxsi həyatlarına ziyan vurmağa davam edir. Bədbəxtlik bədbəxtliyi doğurur.
Qızlarının tam potensialını açmağa kömək edən, onların hüquqlarının müdafiəsinə qalxan və həmin qızları özlərinə sahib çıxa biləcəklərinə inandıran, bu cür böyüdən atalar bütün ailəyə firavanlıq və xoşbəxtlik gətirir. Dünya miqyasında, Məlala Fondu və Dünya Bankının məlumatına görə, dünyadakı bütün qızlara 12 illik pulsuz və yüksək keyfiyyətli təhsil verilsəydi bu, dünya iqtisadiyyatına 15 il ərzində 30 trilyon dollar əlavə gəlir gətirərdi. Bu, həqiqətən bir qələbədir, qələbə.
Patriarxallıq əleyhinə arqumentlər güclüdür və onun lehinə olanlar isə zəifdir. Malala və mən, qızlara qoyulan məktəb qadağasına etiraz etdiyimiz üçün Taliban 2012-ci ildə onu vurdu. Çünki bilirdilər ki, səsi çıxan bir qız onların silahlarından və bombalarından daha çox dəyişiklik yarada bilər.
Hücum bir ailənin başına gələ biləcək ən pis şeydir və bunu xatırlamaq travmatikdir. Malala təkcə mənim qızım deyil, o mənim can yoldaşım, ruh əkizimdir — “jani”, Urdu dilində mənim ona qoyduğum ləqəbdir. Onu həyat və ölümün astanasında görmək dəhşətli idi. Ancaq bu, bərabərliyə dair öhdəliyimizə təsir etmədi. Əgər hər hansı təsiri olubsa, bu da ancaq bizim mübarizəmizin dəyərli olduğuna əminliyimizi artırmağıdır.
İndi Malala dünyanın hər yerində mənsiz də kampaniya aparır və Oksford Universitetində təhsil alır deyə onun üçün çox darıxıram. Yataqxanaya getdiyi ilk həftə ətrafa nəzər saldım və nə qədər müstəqil olduğunu düşünüb o yanımda olmayanda ağladım. Amma ürəyimdə onun sərbəst şəkildə və inamla dünyanın hər tərəfində hərəkət etdiyini görəndə çox xoşbəxt idim. Artıq onun mənə müşayiətçi kimi ehtiyacı yoxdur. Yaxşı valideynlər övladlarının mümkün qədər tez müstəqil olmasını istəməlidirlər.
Ailəmin içində patriarxallığın zəncirlərini qırdıq. Buna görə hamımız –təkcə Malala və Tor Peki deyil, həmçinin oğullarım və mən də azadıq.
Tərcümə: Bilal Ashrafov (@bllshrfv)