Hələ də çox insan qadınların öz ailə üzvləri – ər, ata, qardaş tərəfindən döyülməsini, psixoloji zorakılığa məruz qalmasını, müxtəlif qadağalarla üzləşməsini ailənin daxili məsələsi hesab etsə də qanunlar, beynəlxalq sənədlər bunun əksini deyir. Qadına qarşı şiddət qanunla qadağandır və inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Bu məsələ ilə bağlı Avropa Şurasının qısa adla “İstanbul Konvensiyası” kimi tanınan beynəlxalq sənədi də var ki, həmin sənəd bu problemin həlli üçün nəzərdə tutulub. Azərbaycan isə həmin konvensiyanı ratifikasiya etməyib.
Bu sənədin əhəmiyyəti nədir? Azərbaycanın həmin sənədə qoşulması nə fayda verə bilər? Ölkənin hazırkı qanunvericiliyi qadına şiddətə görə hansı növ cəzaları müəyyənləşdirib?
Mikroskop-un suallarını hüquqşünas Emin Abbasov cavablandırıb.
1
İstanbul Konvensiyanın əhəmiyyəti nədir?
İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. (CETS No. 210) Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub.
İstanbul Konvensiyası ehtiva edir:
Qadınlara qarşı zorakılıq
Məişət zorakılığı ilə mübarizə sahəsində qurbanları müdafiə yolları
Qabaqlayıcı tədbirlər
Şiddət törədənlərin məsuliyyətə cəlb olunması
Milli qanunvericiliyi səmərəli müdafiəni təmin edəcək şəkildə təkmilləşdirmək
Bu sahədə effektiv standardlar yaratmaq
Bu sahədə siyasətlərin formalaşdırılması
Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən imzalanan Konvensiya 34 üzv ölkəsi tərəfindən ratifikasiya edilib. Avropa Şurasında 45 üzv ölkəsi tərəfindən imzalanan Konvensiyanı imzalamayan yalnız iki ölkə qalır. Bunlar Rusiya Federasiyası və Azərbaycan Respublikasıdır.
2
Azərbaycan niyə bu Konvensiyaya qoşulmayıb?
Azərbaycanın rəsmi qurumları İstanbul Konvensiyasına qoşulmağa dair niyyətini müxtəlif formalarda açıqlasalar da bu günə qədər sənədin qəbulu gecikir. Rəsmi qurumlar belə əsaslandırır ki, Konvensiyanın qəbul edilməsi üçün qanunvericilik bazasını əhəmiyyətli şəkildə dəyişdirmək üçün hazırlıqlar tələb olunur.
3
Azərbaycanın bu Konvensiyaya qoşulmağının qadın zorakılığı məsələsində hansı faydası ola bilər?
Azərbaycanın Konvensiyaya qoşulması qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qabaqlayıcı və cavab tədbirlərinin yaxşılaşdırılması, bu sahədə sistemli və effektiv siyasət və qanunvericiliyin yaranmasına gətirib çıxarda bilər.
İstanbul Konvensiyası məcburi hüquqi qüvvəyə malik olan qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində ilk beynəlxalq hüquqi sənəddir. Eyni zamanda Konvensiya onu qəbul etmiş ölkələrdə yerinə yetirilməsini izləmək üçün müvafiq monitorinq mexanizmi formalaşdırıb.
Konvensiya qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq məqsədilə dövlətlərdən lazımı maliyyə və insan resursları ayırmasını tələb edir. (İstanbul Konvensiyası, maddə 8).
İstanbul Konvensiyasının qəbul edilməsinin Azərbaycan üçün digər əhəmiyyəti də var. Azərbaycanda məişət zorakılığı və onun bir sıra formaları – psixoloji zorakılıq, təcavüz məqsədli təqib, cinsi qısnama cinayət əməli kimi kriminallaşdırılmayıb. Bu sənəd beynəlxalq hüquqi öhdəlik yaradır ki, adıçəkilən hallar cinayət əməli kimi təqib olunsun deyə qanunvericilikdə zəruri dəyişikliklər edilsin.
Kompensasiya hüququ:
Konvensiyanın milli qanunvericilik üçün gətirdiyi digər yenilik sənəddə qeyd olunan cinayətlər nəticəsində dəyən zərərlərə görə kompensasiya hüququnu müəyyən etməsidir. Dəyən zərərlər və kompensasiyanın ödənilməsinə görə məsuliyyəti ilk növbədə zorakılığı törədən şəxs daşısa da, qurbana ciddi bədən xəsarəti və ya onun sağlamlığına zərərin vurulduğu hallarda ikinci dərəcəli məsuliyyət dövlətin üzərinə düşür.
Konvensiya həmçinin tələb edir ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması üzrə qurumlararası yaxşı əlaqələndirilmiş dövlət xidmətləri yaradılsın. Həmin qurumlar səhiyyə, hüquq mühafizə orqanları, sosial iş və sığınacaqlardır. Çünki məişət zorakılığı ilə mübarizə çoxşaxəli müdafiə tədbirləri tələb edir.
4
Hazırda ailədaxili zorakılıq, qadına şiddətlə bağlı Azərbaycan qanunvericiliyində hansı növ cəzalar müəyyənləşib?
Azərbaycan Cinayət Məcəlləsi (CM) ayrıca olaraq məişət zorakılığını və onun bir sıra geniş yayılmış formalarını (psixoloji zorakılıq, təcavüz məqsədi ilə təqib, cinsi qısnama) cinayət əməli kimi nəzərdən keçirmir. Lakin bununla bərabər, bir sıra zorakılıq və məişət zorakılığı kontekstində baş verən əməllər ayrıca cinayət kateqoriyası altında cinayət əməli kimi kriminallaşdırılıb. Həmin əməllər:
Qəsdən adam öldürmə (CM, maddə 120),
Özünü öldürmə həddinə çatdırma (CM, maddə 125)
Qəsdən sağlamlığa ağır zərər vurma (CM, maddə 126)
Qəsdən sağlamlığa az ağır zərər vurma (CM, maddə 127)
Qəsdən sağlamlığa yüngül zərər vurma (CM, maddə 128)
Əzab vermə (CM, maddə 133)
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM, maddə 134),
Zorlama (CM, maddə 149)
Seksual xarakterli zorakılıq hərəkətləri (CM, maddə 150)
Seksual xarakterli hərəkətlərə məcbur etmə (CM, maddə 151)
Əxlaqsız hərəkətlər (CM, maddə 153)
Qadını nikaha daxil olmağa məcbur etmə (CM, maddə 176-1)
Bundan başqa 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Bu qanun yaxın qohumluqdan, birgə və ya keçmiş birgə yaşayışdan sui-istifadə edib törədilən zorakılıqla bağlı bu tədbirləri müəyyən edir:
Zorakılığın doğurduğu mənfi hüquqi,
Tibbi
Sosial nəticələrin qarşısının alınması,
Zərər çəkənlərin sosial müdafiəsi
Hüquqi yardımla təmin edilməsi,
Zorakılığa səbəb olan halların aradan qaldırılması
Bu qanun konkret məişət zorakılığı ilə bağlı cəza müəyyən etmir. Burada əsasən zorakılığa məruz qalanların təhlükəsizliyi, sosial, tibbi, psixoloji reabilitasiyası ilə bağlı bir sıra məsələlər tənzimlənir.
Qanunda zərərçəkmiş şəxslər üçün qısamüddətli və uzun müddətli mühafizə orderinin verilməsi, zorakılıq törədən şəxsə xəbərdarlıq verilməsi, zorakılıq törədən şəxsin valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi kimi məhdudlaşdırıc tədbirlər müəyyən edilib. Lakin praktikada qanunun məhdud şəkildə tətbiqi onun bu sahədə effektiv vasitə kimi rolunu aşağı salır. Belə ki, hüquq mühafizə orqanları, həmçinin yerli icra hakimiyyəti orqanları məişət zorakılığı hallarını əksər hallarda ailə daxili məsələ kimi qəbul edir və görülən tədbirlərdə əsasən konfliktlərin və zorakılıq halları baş verən ailənin qorunub saxlanmasına daha çox səy göstərirlər.
5
Hazırkı qanunvericiliyə görə, Selcan Yağmurun yazdıqlarına əsasən Fuad Qəhrəmanlı hansısa formada məsuliyyətə cəlb oluna bilərmi?
Konkret fiziki xəsarətlərdə ifadə olunan məişət zorakılığı əməli xəsarətlərin xarakterindən asılı olaraq həm cinayət (sağlamlığa müxtəlif dərəcəli zərər vurma), həm də inzibati məsuliyyətinə (İnzibati Xətalar Məcəlləsi, maddə 157, döymə ) səbəb ola bilər.
Burada məişət zorakılığını törədən şəxsin əməlinə dəqiq hüquqi qiymət verilməsi üçün xəsarətin xarakteri məhkəmə-tibbi ekspertizası ilə müəyyən edilməli və müvafiq istintaq prosedurları həyata keçirilməlidir. Bundan sonra müəyyən edilən xəsarətin xarakterinə uyğun zorakılıq törədən şəxsə qarşı məsuliyyətin növü və dərəcəsi müəyyən edilə bilər.