Bu ilin ən çox müzakirə olunan filmlərindən “Joker” haqqında tənqidçilərin rəyi çox müxtəlifdir. Tənqidçilərin bir qismi hesab edir ki, film aqressiv və şiddəti təşviq edən filmdir.
“Joker” obrazını indiyə qədər Het Leger, Sezar Romero da canlandırıb, amma Xoakin Feniksin də ifasını böyük əksəriyyət bəyənib. Tənqidçilərin bir qismi onun ifasını heyranedici kimi qiymətləndirib. Aktyor bu rolu ifa etmək üçün 20 kilodan çox çəki itirib.
Mikroskop-un tərcümə etdiyi bu yazı BBC-nin incəsənət redaktoru Uil Qompertzin film haqqında yazdığı rəydir. Onun qiymətləndirməsi 4/5-dir.
Xoakin Feniksin Jokeri, Batmanin əzəli düşməni haqqında film
Deyirlər ki, indi insanlar filmə dayanmadan rəqs edən, oxuyan, milyonlarla dollar qiyməti olan və komputer texnologiyasının köməyilə hazırlanan Hollivud məhsullarını görmək üçün gedir. Deyirlər ki, ciddi, yaxşı dram çəkməyə pul yoxdur. Deyirlər ki, bunun üçün yayım platformalarında seriallar var. Deyirlər ki, kinonun qızıl dövrü bitib.
Onlar belə deyir.
Amma onlar Tod Filips-in senaristi və rejissoru olduğu, Batmanin əzəli düşməninin hekayəsi olan “Joker”ə baxmayıblar. Təbii ki, bilmədən bunu da xüsusi effektlərlə dolu, hərəkətli digər fantastikalar kimi olduğunu düşünə bilərsiz. Hətta bəlkə də indi kinoteatra gedənlərin çoxunun gözlədiyi bunlardır.
Amma “Joker”in sizin tipik superqəhrəmanla oxşarlığı ancaq “Möcüzə qadın”ın qəhrəmanı ilə “Denis the Menace” komiksinin oxşarlığı qədər ola bilər.
“Joker” Troya atıdır; macəra filmi kimi gizlənib DC komiks kainatının neon işıqlarla dolu kinoteatr dünyasına gizlicə soxulan qaranlıq art-haus filmdir.
Bu, “Warner Brothers”in maraqlı bir filmidir. Şirkət bilir ki, auidotiriya CGI komikslərinin verdiyi “Bum”, “Dırş” ilə dolu səhnələri, hazırcavab dialoq, çoxlu zarafat sevir və onu gözləyir.
Bunların heç biri “Joker”də yoxdur.
Bunun əvəzində güclü və əcaib performansını yavaş-yavaş alovlandıran və Deniel Dey Luislə dolu olan Xoakin Feniks var ki, bu, ya Amerika Kino Akademiyasının “Oscar”ına aparacaq, ya da ümumiyyətlə diqqətdən kənarda qalacaq.
Mənə təsir etdi.
Feniks uğursuz insan olan Artur Flek obrazını canlandırır. O, heç vaxt nəyəsə nail olmayıb, çünki buna bəxti gətirməyib. Artur kiçik yaşlarından ən yersiz vaxtda kaftar kimi gülməyinə səbəb olan nevroloji problemdən əziyyət çəkir. Əyləncəli və yoluxan olmayan, hər kəsin ürəyini bulandıran bu gülüş qurudur və onun qabağını almaq çətindir.
Və onu sevən, onun da sevdiyi anası… Dediyim kimi, o, uğursuz insandır.
Artur Flek kobud, dözümsüz və müdafiəsiz insanların qayğısına qalmağa vaxt olmayan dünyada qəribə, uğursuz bir insandır.
O, yaxşı hər şeyin yox olduğu – vaxtında yığılmayan zibillərin qara göydələnlər kimi ucaldığı, rifah büdcəsinin azaldığı və reallaşmağına çox az qalan kütləvi iğtişaşların olduğu Qotam şəhərində yaşayır.
Artur çaşqınlıq içində olan və öz əhalisinə xidmət göstərmək üçün mübarizə aparan Qotam şəhərində öz yolunu tapmağa çalışır.
Artur məntiqlə hərəkət etsəydi o, kitabxanada administrator kimi iş tapar və başını aşağı salıb yaşayardı. Amma o məntiqli deyil, onun öz inandığı həqiqətlər var və ona görə də Artur özü və hamı üçün yaxşı olmayan seçimlər edir.
O, insanların üzünü güldürmək istəyir və beləliklə gün ərzində klounluq edir, axşamlar isə həvəskar stənd-ap şou göstərir.
Bu planetdə ona düzgün yol göstərəcək kariyera məsləhətçisi yoxdur.
Feniks Arturun faciəvi enişini elə oynayır ki, bizim empatiya hissimizi təşviq edir və eyni zamanda da bunun olmamağına əmin edir; biz bilirik ki, o, daha yaxından tanımaq istədiyimiz obraz deyil.
Onun bir az tükürpədici olan gözlərinin arxasında manyak qaranlıq var.
Arturun həzz duyduğu yeganə şey bir gün ora dəvət olunacağını xəyal etdiyi Marri Frenklinin şousuna baxmaqdır.
Robert de Niro “Joker”in rejissoruna ilham verən “Komediya kralı” filmindəki rolunu tərsinə çevirir və burada əfsanəvi televiziya aparıcısı rolundadır.
Filmlə bağlı hər şey çox pessimistdir. Qotam şəhərində günəş heç vaxt parıldamayacaq.
Kütləvi informasiya vasitələrinin yanlış başlıqlar və səhv əsaslarla səhv insanlara boş efir vaxtı verən məsuliyyətsiz tv şoularla gərginliyi artırdığı vaxtda, paralel olaraq sinfi müharibə qızışır. Elit təbəqə heç bir narahatlıq yaşamadan xalqın çəkdiyi əziyyətin ağırlığının iqnor edildiyi dünyada, şişirdilmiş şarın içində yaşayır. Ola bilsin ki, bu, 1980-ci illərin əvvəllərində başlayıb, amma bura və indi üçün də aydın misaldır.
“Joker” güclü filmdir.
O, karikaura şiddətli və zarafatlar olan yüngül komiks əyləncəsindən bir neçə qalaktika qədər uzaqdadır. Əyləncəli olmaq istəyən adam haqqında olan bu hekayədə gülüş yoxdur.
Bu, ağırdır, ciddidir və eyni zamanda bir az da əzabvericidir; demək olar ki, Becketsayağı.
Bu, mükəmməl film deyil.
İkinci dərəcəli obrazların bəzisi kifayət qədər işlənməyib və bu da onlara tipajdan o tərəfə keçməməyə imkan verib. Bəzi ümumiləşdirmələr və nəticələr haqqında mübahisə etmək olar, mənəvi sağlamlıqdan tut ən vacib suala qədər uzanır: Artur kimi insanı Jokerə çevirən nədir?
Şiddət səhnələri çox qanlı idi və baxmaq çətin idi, amma məzmuna və əhval-ruhiyyəyə uyğun idi.
Bunu deyirəm, çünki “Joker” təkcə odlu silaha çatımlılığın asan olduğu ənənə ilə bağlı məsələləri qaldıran film deyil, həm də silah cinayətlərinin real həyatdakı nəticələri ilə əlaqəli olan bir filmdir. 2012-ci ildə Ceyms Holms “The dark night” filminin Koloradodakı premyerası zamanı gecə yarısı 12 insanı öldürdü və onlarla insanı yaraladı.
Həyat və incəsənət və onların ikisi arasındakı münasibətlə bağlı söhbətlər qədim və müasirdir. Bu davam edəcək və etməlidir.
Düşünmürəm ki, “Joker” boş və ya qanunsuzluğa bəraət qazandıran filmdir. Eləcə də hesab etmirəm ki, film şiddətə təşviq edir.
Bu film həmin şiddəti əks etdirir, incəsənətin etdiyi kimi.
Məni narahat edən yeganə məqam Böyük Britaniyada film üçün təyin olunan 15 yaş həddi ilə bağlıdır. Filmdə valideynlər üçün gözlənilməz ola biləcək şiddət səhnələri var.
Mən həyatımda Sezar Romerodan tutmuş Het Legerə qədər bir çox sarı dişli Jokerlər görmüşəm. Onların hamısı Jokerə nə isə qatıb, amma heç biri bu obraza Xoakin Feniksin ümidsiz və ümidsizcəsinə kədərlənən Jokerinin verdiyi kövrəkliyi və psixozu verməyib.
Məncə bu, klassika olacaq.