Polislərin kimisə ölümcül boğduğunu – məsələn, 2014-cü ildə Nyu York ştatında bir küçədə polis boyun kilidi fəndini yerinə yetirəndə ölən 43 yaşlı qaradərili bağman Erik Qarnir kimi – görsəniz, onlara bibər qazı sıxıb qaça bilərsiniz. Hətta günahsız bir həyatı xilas etmiş də ola bilərsiniz . Bəs hansı etik mülahizələr bu cür təhlükəli qəhrəmanlıqları haqlı çıxarır? (Nəticə etibarilə, polislər sizi tuta və ya öldürə bilər.) Daha vacibi; dövlət qulluqçuları ədalətsiz qanunu tətbiq edəndə özümüzü və başqalarını dövlət ədalətsizliyindən müdafiə etməyə haqqımız varmı? Məncə, cavab “bəli”dir. Ancaq bu mülahizənin müdafiəyə ehtiyacı var. Amerikalıların ümümən alqışladığı vətəndaş itaətsizliyinin passiv müqavimətinə qarşı hansı hallarda – mümkün zorakılıq da daxil olmaqla aktiv özünümüdafiə haqlı ola bilər?
Vətəndaş itaətsizliyi, sosial və ya hüquqi dəyişiklik yaratmağı hədəfləyən ictimai bir rəftardır. 1846-cı ildə ABŞ-ın müstəmləkə istismarını maliyyələşdirməyi rədd etdiyi üçün vergi ödəməkdən imtina edən Henri Devid Toronun həbs olunmasını fikirləşin. Eləcə də 1963-cü ildə ağ Amerikanı qaradərili vətəndaşların hüquqlarını hörmət etsin deyə utandırdığı üçün rəsmi şəxslərin qəzəbinə tuş gələn Martin Lüter Kinqi düşünün. Belə hallarda, itaət etməyən vətəndaşlar bir problemə diqqət cəlb etmək üçün cəzanı qəbul edir və açıq-aşkar qanunu pozurlar. Amma haqlı müqavimətin vətəndaş mövqeyinin olmağı lazım deyil. Qanunun dəyişdirilməsini, disfunksional institutlarda islahat və ya pis rəhbərlərin əvəzlənməsini hədəf seşməyə ehtiyac yoxdur. Bəzən itaətsizlik sadəcə təcili şəkildə mövcud ədalətsizliyin dayandırılması ilə bağlı olur. Bir zorakılığın qarşısını alırsınızsa, o an həmin zorakılığın qarşısını alırsınız, hər yerdəki zorakılığın qarşısını almağa çalışmırsınız. Açığı, polis məmuru Danyel Pantalyonun Erik Qarniri boğanda ona bibər qazı sıxsaydınız, bütün ABŞ polis xidmətini dəyişdirməyə deyil, sadəcə Qarniri xilas etməyə çalışmış olacaqdız.
Ümumən yalan danışmaq, dələduzluq etmək, oğurlamaq, aldatmaq, manipulyasiya etmək, mülkiyyətə xəsarət yetirmək və ya insanlara hücum etmək kimi hərəkətlərin düzgün olmadığı barədə həmfikirik. Lakin çox azımız belə hərəkətlərə qarşı qadağaların mütləq olduğunu düşünür. Sağlam düşüncə qəbul edir ki, bu cür hərəkətlərə (qanun həmişə razı olmasa belə) özünü-müdafiə və ya başqalarının müdafiəsi üçün icazə verilir. Qapıdakı hər hansı bir qatilə yalan danışa bilərsiniz. Potensial oğrunun maşınının şüşələrini sındıra bilərsiniz. Potensial təcavüzçünü öldürə bilərsiniz.
Buyurun, sizə fəlsəfi bir tapşırıq.
Hər hansı bir mülki şəxsin haqsızlıq etdiyi və sizin bu halda özünüzü və ya başqalarını qorumaq üçün yalan, hiylə və ya zorakılıqdan istifadə etməyi yolverilən hesab etdiyiniz bir vəziyyət təsəvvür edin. Məsələn, dostunuz qırmızı işıqda düzgün dayanmadığı üçün atası qəzəblə onu maşından çıxarıb ölümcül döyür və onun yerə yıxılıb, köməksiz vəziyyətdə belə başının arxasından zərbə aldığını fikrinizdə canlandırın. Atanı dayandırmaq lazımdırsa, zorakılığa üz tutarsız?
İndi eyni mənzərəni başqa yerdə təsəvvür edin. Bu dəfə təcavüzkar Ohayodakı bir polis, qurban isə 2017-ci ildə eynilə belə bir hücuma məruz qalan Riçard Habörddür. Bu, nəyisə dəyişir? Polisə müdaxilə etmək əvəzinə, Habördü öldürməyinə icazə verməlisiniz?
İnsanların əksəriyyəti hüququmuzu pozan səlahiyyətli şəxslərə mane olmağın qadağan olunduğunu düşündüyü üçün bu suala “bəli” cavabı verir. Hesab edirəm ki, bu, çaşdırıcı haldır.
Bu baxımdan, qonşularım kiməsə bir vəzifə təsis etməklə və ya pis bir qanun qəbul etdirməklə bizim özünü və başqalarını müdafiə hüququmuzu ləğv edə bilər. Bu baxımdan, həyat, azadlıq, ədalətli məhkəmə araşdırması və fərdi təhlükəsizlik hüquqlarımız siyasi fərmana – hətta bir polisin pis gün keçirməyinə görə yox ola bilər. Mən isə bunun əvəzinə “Hər şey uğursuz olanda: Dövlət Ədalətsizliyinə Qarşı Müqavimət Etikası” (When All Else Fails: The Ethics of Resistance to State Injustice (2019)) kitabımda iddia edirəm ki, mülki şəxslərə qarşı özünü müdafiə məqsədilə hərəkət etdiyimiz kimi oxşar vəziyyətdə dövlət qulluqçlarına qarşı da eyni hərəkəti edə bilərik.
Məncə, mülki və rəsmi şəxslər bir-birinə bərabərdir və hər ikisinə qarşı eyni dərəcədə özünümüdafiə (və başqalarını müdafiə) hüququmuz var. Başqa cür düşünmək üçün yaxşı bir səbəb tapa bilməyəcəyimiz halda sözsüz ki, dövlət qulluqçularının özünümüdafiə əleyhinə xüsusi bir toxunulmazlığı olmadığını fərz etməliyik. Ancaq, bu, xüsusi toxunulmazlıq üçün əsas arqumentlərin zəif olduğu ortaya çıxarır.
Bəzi insanlar deyir ki, hökumətlər və rəsmi şəxslər ‘avtoritet’ (səlahiyyət) sahibi olduqları üçün özümüzü dövlət ədalətsizliyindən müdafiə edə bilmərik.
(Bir dövlət əgər siyasi əmrlər vasitəsilə sizi tabe olmağa məcbur edirsə, deməli sizin üzərinizdə səlahiyyəti var; elə isə istədiyini etməlisiniz, çünki belə istəyir.) Lakin avtoritet məsələsi işə yaramır. Vergilərinizi ödəmək, məhkəmədəki münsiflər heyətinə qoşulmaq və ya sürət həddinə əməl etmək məcburiyyətində olduğunuzu söyləmək bir şeydir, dövlətin və dövlət qulluqçularının ədalətli məhkəmə araşdırması olmadan həddindən artıq zorakılıq tətbiq etməsinə və sizin hüquqlarınızı pozmağına xüsusilə icazə vermək məcburiyyətində qalmağınız başqa bir şey. Liberalizmdəki əsas fikir, istənilən hökumətin sahib olduğu səlahiyyətin məhdud olmasıdır.
Digərləri isə dövlət ədalətsizliyinə qarşı sadəcə dinc üsullarla qarşı çıxmalı olduğumuzu deyirlər. Həqiqətən belə etməliyik, amma bu, mülki şəxslər və ya hökumətdən özünümüdafiə arasında fərq qoymur. Özünümüdafiənin ümum-qanun doktrinası həmişə zəruri şərtlər tərəfindən müəyyənləşdirilir: yalnız və yalnız lazım olduqda, həmçinin dinc üsullar təsirli olmadıqda yalan danışa və ya zorakılıq tətbiq edə bilərsiniz. Lakin dinc üsullar çox vaxt səhv əməlləri dayandıra bilmir. Erik Qarnir, son nəfəsini verənə qədər ‘Nəfəs ala bilmirəm’ deyə dinc şəkildə şikayətini bildirirdi.
Başqa bir arqument budur ki, səlahiyyətsiz müdaxilə etməməliyik. Ancaq bu nöqtəyə istinad etmək, faydalı ictimai ədalət sistemi olanda ədaləti təmin etmək üçün xoş niyyətlə işləyən dövlət qulluqçularına riayət etməyin lazım olduğunu bildirən səlahiyyətsiz müdaxilə əleyhdarı prinsipini səhv anlamaqdır. Buna görə də, polislər bir zorakılığı dayandırmağa cəhd etsələr, özünüzü daxil etməməlisiniz. Ancaq bir zorakılığa göz yumurlarsa və ya dayandıra bilmirlərsə, müdaxilə edə bilərsiniz. Polisin özü zorakılıq edirsə, məsələn haqsız müsairədə səlahiyyətsiz müdaxilə əleyhdarı prinsipi özünüzü müdafiə etməyi qadağan etmir. Bu, ədaləti təmin etdikləri zaman daha səlahiyyətli dövlət qulluqçularına riayət etməyinizi tələb edir, haqsızlıq etmələrinə icazə verməyinizi deyil.
Bəzi insanlar tezislərimi çox təhlükəli hesab edirlər. Özünü-müdafiənin tam olaraq nə zaman haqlı olduğunu dəqiq bilməyin çətin olduğunu, insanların səhv etdiklərini, lazım olmayan zaman müqavimət göstərdiklərini iddia edirlər. Bəlkə də belədir. Ancaq bu, mülki şəxslərə qarşı özünümüdafiə halında da keçərlidir. Heç kim demir ki, prinsipin tətbiq edilməsi çətin olduğu üçün bir-birimizə qarşı özünümüdafiə haqqımız yoxdur. Əksinə, bəzi əxlaqi prinsipləri tətbiq etmək çətindir.
Ancaq bu etiraz problemi tam əksini ortaya çıxarır. Real həyatda insanlar hökumət avtoriteti qarşısında həddən artıq hörmətli və uzlaşan olurlar. Hamısı əmr qarşısında təcrübi olaraq şəxslərə elektrik verməyə, yəhudiləri qazla boğmağa və ya mülki şəxsləri bombalamağa istəkli olur, amma siyasi ədalətsizliyə qarşı çıxmağa maraq göstərmir. Təhlükəli olan bir şey varsa,o da insanların çoxunun səhvən əməl etdiyi, dövlət qulluqçuları haqsızlıq edəndə onlara tabe olmağı tələb edən tezisidir. Unutmayın ki, dövlətə qarşı özünümüdafiə, pozulmuş qaydaları düzəltməməklə deyil, mövcud ədalətsizliyi dayandırmaqla bağlıdır.
Əlbəttə ki, ümumən davamlı sosial dəyişikliyə səbəb olan ən təsirli yol strateji qeyri-zorakılıqdır. Lakin Kinqin tətbiq etdiyi formada strateji qeyri-zorakılığın həmişə faydalı olacağını düşünnmək olmaz. Bu yaxınlarda dərc olunan iki kitab — Çarlz Kobbun “Bu qeyri-zorakı şeylər sizi ölümə aparacaq” (This Nonviolent Stuff’ll Get You Killed, 2014) və Akıneli Umocanın “Biz də əks atəş açacağıq (We Will Shoot Back, 2013)— göstərir ki, əvvəlki dövrlərdə qaradərili insanlar silahlanıb atəş açdığına görə ABŞ vətəndaş hüquqları fəalliyyəti sonrakı “qeyri-zorakı” mərhələsində (indiki halıyla) uğur qazanıb. Quldur dəstələri və ağdərili polislər qaradərililərin onlara qarşı vuruşacağını başa düşəndən sonra daha az zorakı təzyiqə üz tutublar və qaradərili insanlar da öz növbələrində qeyri-zorakı taktikalardan istifadə etməyə başlayılar. Müdafiə məqsəd ilə aldatma, hiylə və zorakılıq nadir hallarda ilk sığınacaqdır, lakin bu heç vaxt haqlı olmadığı demək deyil.
Georgetown Universitetində strategiya, iqtisadiyyat və etika üzrə professor olan Amerikalı siyasət fəlsəfəçisi Ceyson Brennanın, Aeon dijital jurnalı üçün yazdığı “When the state is unjust, citizens may use justifiable violence” başlıqlı məqaləsindən tərcümə olunub.
Tərcüməçi: Bilal Ashrafov