Fransız yazıçısı və filosof Alber Kamü “Yad” romanını yazıb bitirəndən dərhal sonra gələcək həyat yoldaşı Fransin Fora məktub yazıb. Məktubda yazıçı təkcə romanın yazılması prosesi haqqında deyil, həmçinin ondan əvvəlki, sonrakı proseslər və özünün mənəvi vəziyyəti barədə yazır.
Mikroskop məktubun tərcüməsini təqdim edir.
30 aprel 1940-ci il
Gecə vaxtı yazıram sənə. Romanımı bir az bundan əvvəl bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz ki, işim hələ natamamdı. Yenidən gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Ama təməl olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımdadır, düşünürəm ki, olduqca çox əziyyət və iradə hesabına başa gəliblər. Romanı yaratmaq, əsl məğzindən uzaqlaşmamaq üçün çoxlu fərqli düşüncəni, fərqli arzunu qurban verməyə məcbur oldum. Vaxtaşırı bəzi cümlələr, bəzi duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi. Yaratdığım işə görə səksəkəli bir qürur duyuram. Bəzən isə onun içində tör-töküntü və bacarıqsızlıqdan başqa bir şey görmürəm. Bu hekayənin içinə həddən artıq çox daxil oldum. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə başlayacam. On beş gün ərzində bütün bu hisslərdən xilas olub romana yenidən qayıdacam. Daha sonra oxudacam. Gecikdirmək istəmirəm, çünki bu romanı əslində iki ildir içimdə gəzdirirəm. Yazanda da gördüm ki, içimdə yazılıb bitmiş halda dururmuş. İki aydır ki, gündüzlərimi və gecələrimin də bir hissəsini onun üzərində işləməklə keçirmişəm. Qəribədir, bir cümləni yarımçıq qoyub qəzet almaq üçün küçəyə çıxırdım. Geri qayıdanda isə əziyyətsiz, mükəmməl axıcılıqla qaldığım yerdən davam edir, cümləni bitirirdim. Bundan əvvəl heç bir şeyi belə fasiləsiz, belə asanlıqla yazmamışdım. Bu aralar yaxşı yatmıram, hətta yuxusuzluqdan əziyyət çəkirəm. Oyananda bunun kimi yazacağım əsərlər sanki mənə diktə edilir. Artıq layihələrim və kainatla əlaqəli hər şeyi daha açıq dərk etdiyimdən bunları yazmaq istəyirəm.
Bu axşam tükənmiş vəziyyətdəyəm. Bu aralar öz-özümdən Parisdə işləməyin məni çox yorub-yormadığını soruşuram. Əslində bu vəziyyətimin səbəblərindən biri də elə bu romandı. Gözümə san görünsə də məndən tükənməyimə səbəb olan fasiləsiz iş tələb elədi.
Gülməlisi budur ki, bundan razı qalıb-qalmadığımı da bilmirəm. Yenə də, məni özümdən qopara biləcək yeganə şey bu idi. Tamamilə işimə qapılıb yaşamağıma şərait yaratdığına görə Parisin qalan hər şeyini bağışlaya bilərəm. Bu bir yana, işləmək həzzinin heç kimin yox edə bilməyəcəyi bir mənası var və məni yoran da elə bu idi. Düşünəndə ki, bu mətni oxuyan da ən azı mənim qədər yorulacaq, bilmirəm ki, içimdəki daimi gərginlik bir çox ruhun cəsarətini qıracaq, yoxsa yox. Lakin bu, problem deyil. Bu gərginliyi mən özüm istədim və yaratmaq üçün özümü ortaya qoydum. Gərginliyin varlığından xəbərdaram. Sənin xoşuna gələcəkmi bilmirəm…
Bunlardan başqa dəyişən bir şey yoxdur. Yaz axşamlarında bura yapışqan (rütubətli) və yağışlı olur. Romanımdan bir cümlə düşür yadıma: “Orada, orada da axşam melanxolik bir fasilə idi.” Kaş Əcəzair, ya da Orandakı axşamlar üçün necə darıxdığımı, dəniz sahilində olmağı necə axtardığımı biləsən. Bir neçə həftəlik getmək və göy üzünə qovuşa bilmək üçün qarşıda hələ bir yay və bir qış var. Bütün bunlar çox uzaqdadı. Oraya çatacağıma inana bilmirəm. Elə bunlara görə də bitən romanımdan sonra sevinclə yerimdən sıçramadım…
Alber Kamü
Çərşənbə. Bu məktub iyrəncdi və oxunmaz haldadı. Yenə də sənə göndərirəm. Dünən düz-əməlli yaza bilməyəcək qədər gərgin idim.
Tərcümə etdi: Arzu Məmmədova