Azərbaycanlı rəsmilərin, məmurların adı dəfələrlə ölkədən pulların qeyri-qanuni yolla çıxarılmasında, çirkli pulların yuyulmasında hallanır. Belə hallar beynəlxalq təşkilatların hesabatlarında da yer alır.
Bu mövzuda araşdırmalardan biri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma layihəsinin (OCCRP ) 2017-ci ildə yayımladığı “Azərbaycanın Pulyuyan maşını” adlı araşdırma olub. Həmin araşdırmada qeyd olunan məlumata görə, 2012-2014-cü illərdə Azərbaycandan 2,9 milyard dollar pul çıxarılıb.
Araşdırmada deyilir ki, “pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub və ölkədən çıxarılan pulların bir hissəsi Avropa siyasətçilərnin bank hesablarına köçürülüb. Həmin siyasətçilər prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyiblər. Dəqiq mənbəyi məlum olmayan bu pulların saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.
Bəs pullar ölkədən qeyri-rəsmi yolla necə çıxarılır? Bu prosedur necə baş tutur? Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Sualları iqtisadçı ekspert Toğrul Marşallı cavablandırıb.
1
Ölkədən pul çıxarma nədir?
Pul çıxarma ölkədən leqal və qeyri-leqal yollara vəsait çıxarılmasına deyilir. Ölkədən çıxarılan hər pul qanun pozuntusu sayılmır. Məsələn, vətəndaş gedib bu pula xaricdə əmlak və s. alırsa, bu qeyri-qanuni hesab olunmur. Sadəcə həmin şəxs bu barədə hökumətə xəbərdarlıq etməlidir. Əks halda isə onun etdiyi qanun pozuntusudur yəni, qeyri-leqal yollarla ölkədən pul çıxarır.
2
Bu proses necə baş verir?
Ölkədən pul çıxarmanın bir neçə üsulu var. Azərbaycan kimi ölkələrdə iqtisadiyyat məhz pul dövriyyəsindən asılıdır. Ölkədə iqtisadiyyat və sənaye normal vəziyyətdə olmadığına görə o, neftdən asılı hala düşür. Neftdən əldə edilən gəlirlər də başqa sahəyə xərclənir. Bu başqa sahələrə xərclənən vəsaitin həcmi də ölkədə qalan vəsaitdən asılıdır. Bura çatanda məlum olur ki, əldə olunan vəsait harasa xərclənəndə əldə olunan gəlir ölkədən çıxarılır. Bu da əksər hallarda qeyri-leqal yolla baş verir. Çünki leqal yolla çıxarılanda hökumət pulun hara getdiyini, necə getdiyini və onu kimin apardığını bilir. Bildiyi üçün də müəyyən məhdudiyyətlər tətbiq edə bilir. Şəxs məcbur olur ki, həmin pulun bir hissəsini vergi kimi ödəsin, ya da hansısa formada ölkədə saxlasın. Bu zaman hökumət hardasa bunu tənzimləyə bilir. Qeyri-leqal çıxarılanda isə necə və hara getdiyi bilinmir. Eyni zamanda da ölkə müəyyən vəsaitlərdən məhrum olur.
3
Hansı mərhələdə bilinir ki, pul artıq ölkədən çıxarılıb,
yaxud buna cəhd edilib?
Pul çıxarmanın əsas səbəbi vergidən yayınmaq və vəsaitlərin saxlanılmasıdır. Son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu cəhətdən çox aktivləşib ard-arda cərimələr edir.
Azərbaycan qanunvericiliyinə görə, şirkətlər xaricdən hər hansı bir məhsul, avadanlıq və s. sifariş verəndə pulu avans kimi əvvəldən köçürürlər və bunun müqabilində məhsullar bir il ərzində ölkəyə çatdırılmalıdır. Bu baş verməyəndə də Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti məhkəməyə verir və cərimələyir. Bir çox hallarda ölkədən pul belə çıxarılırdı yəni, şirkətlər xarici ölkədən saxta sifarişlər verirdilər. Pul gedirdi, məhsul isə gəlmirdi. Hələ ki, bu yolun qarşısı alınıb.
Lakin ölkədən bu üsulla pul çıxarılması aşağı səviyyədə olub. Bu, bir sıra amillərlə bağlıdır. Bir çox hallarda Azərbaycanda da Rusiyada tətbiq olunan mexanizmlər istifadə olunur. Məsələn, kredit ödənişləri. Prosedur belədir ki, bir şəxs eyni anda xaricdə də şirkət açır və xarici şirkət Azərbaycandakı şirkətə borca pul verir. Bu pulun qaytarılması ilə bağlı Azərbaycan şirkəti ödənişlər edir. Bir çox hallarda Azərbaycan şirkəti rəsmi hesabata görə mənfəət əldə etmir, əksinə zərərlə işləyir, çünki borcu çoxdur və borcu qaytarmalıdır. Bunun nəticəsində də vergidən yayınma baş verir. Çünki zərərdə olan şirkət mənfəət vergisini ödəyə bilməz. Eyni zamanda bir çox vergilərdən də azad edilir. Nəticədə bu vəsaiti büdcə əldə etmir və pul çıxarılır. Bəziləri tamamilə qeyri-leqal baş verir; ya qaçaqmalçılıq yolu ilə, ya da ümumiyyətlə heç yerdə qeydiyyata alınmadan ölkədən nağd pul çıxarılır.
Bu da qeyri-qanuni üsullardan biridir. Üsullar çoxdur. Ofşor şirkətlər məhz ona görə yaradılır ki, bu şirkətlərin izlənməsi mümkün deyil. Əksər hallarda bu şirkətlərin kimə məxsus olduğu bilinmir. Vergilər Nazirliyi də bu barədə məlumat əldə edə bilmir. Çünki müvafiq ölkələr məlumatı bölüşmürlər. Məlumat almaqla bağlı olan sorğular da xeyli gec cavablandırılır. Nəticədə isə pul ölkədən çoxdan çıxmış olur.
4
Qarşısını necə almaq olar?
Pul çıxarmanın qarşısını almaq məsələlərini Mərkəzi Bank tənzimləyir.
Pul çıxarmaya cəhd olub-olmadığı sonda məlum olur. Belə ki,qanunvericiliyə görə bir il ötəndən sonra sifariş verən şəxsdən və ya şirkətdən soruşula bilər ki, sifariş etdiyi avadanlıq gəlib, ya yox. Əgər gəlibsə, bununla bağlı deklarasiya təqdim olunmalıdır ki, avadanlıq ölkəyə gəlib. Sifarişçi bu deklarasiyanı təqdim etmirsə, bu o anlama gəlir ki, pul çıxarma əməliyyatı baş verib. Onu da qeyd edək ki, sözügedən deklarasiya bir ildən tez tələb edilə bilməz.
Qalan məqamlarda isə şəxs bildirir ki, onun hansısa xarici banka borcu var, pul köçürməsini edib ödəniş kağızını əldə edir. Bu halda nə vergilər Nazirliyi, nə də başqa dövlət orqanı maraqlana bilməz ki, bu qurum həqiqidir, ya saxtadır. Əksər hallarda belə şirkətləri Vircin adalarında qeydiyyatdan keçirirlər və sonra bildirirlər ki, həmin şirkətlər onlara borc verib. Pul köçürməsi də borcun qaytarılması adı ilə baş verir. Bunun saxta olub-olmamasını araşdırmaq isə o qədər də asan deyil. Çünki araşdırma zaman ora sorğu göndərilməlidir, sorğu göndərmək üçün də məhkəmə qərarı olmalıdır. Yəni, əvvəlcə şübhəli durum olmalıdır, şübhə yaranması üçün də hansısa iş açılmalıdır, işin nəticəsi, yəni məhkəmənin qərarı olmalıdır. Bu da çox uzun prosesdir.
Bu üsul böyük holdinqlər üçün isə daha əlverişlidir. Demək olar ki, əsas holdinq şirkətlərinin heç biri Azərbaycanda qeydiyyatdan keçmirlər. Paşa Holdinqdən tutmuş, Azərsun, Gilan Holdinq və başqalarının şirkətləri əsasən ofşor zonalarda qeydiyyatdan keçir, ya divident ödənişi edirlər ya da kredit ödənişi edirlər. Bir sözlə, üsullar çoxdur.
5
Pulları ölkədən çıxaranlar bunda niyə maraqlıdır?
Məsələ ondadır ki, Azərbaycanda insanlar ölkə iqtisadiyyatını görmürlər və bu halda nazirlər, holdinqlər ölkədən vəsait çıxarırlar. Amma böyük holdinqlər də bunu müəyyən təzyiq altında edirlər. Ölkə iqtisadiyyatına yatırım etmək heç kimə maraqlı deyil. Nazirlər də bilirlər ki, vəzifəsindən çıxarılan kimi onların əmlakı ya müsadirə olunacaq, ya da kiminsə əmlakına çevriləcək. Onlar mövcud sistemə inanmırlar deyə pullarını ölkədən çıxarırlar. Nazirlərdən və holdinqlərdən başqa siravi sahibkarlar da ölkədən pulu çıxarırlar. Demək olar ki, normal qazancı olan sahibkarların əksəriyyəti maksimum çalışır ki, vəsaitlərini ölkədən çıxarsınlar.
Bu problemin həlli uzunmüddətli strategiya tələb edir. Əvvəlcə insanları inandırmaq lazımdır ki, pulu Azərbaycana yatırmaq olar. Lakin görünən odur ki, hazırda sahibkarların böyük hissəsi nə banklara inanır, nə də başqa üsullara. Azərbaycanda sərmayə imkanları da yoxdur. Normal özəlləşdirmə prosesi keçirilsə, insanlar bir çox kapitalları görə biləcək və başlayacaqlar yatırım etməyə. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Çünki özəlləşdirmə də müəyyən qrup arasında baş verir .
Ölkə iqtisadiyyatının stimullaşdırılması, kredit imkanlarının artırılması baş versə, çox güman ki, bu vəsaitlər ölkədən çıxarılmayacaq. Çünki o, ölkə daxilində lazım olacaq. Nəyə görə çıxarılır? Artıq bu vəsaitlər əldə olunandan sonra onlar heç kimə lazım deyil. O mənada lazım deyil ki, onu yatırmağa sahə və imkan yoxdur. İnsanlar da məcbur olub onu ölkədən çıxarırlar. Xaricdə isə bu vəsaiti saxlamaq üçün geniş imkanlar var.