Müəllif: Givi Gigitaşvili
Xəbərdarlıq: Bu materialda təhqir və alçaldıcı ifadələr, eləcə də həssas görüntülərə linklər var!
DFRLab “Telegram”da qarşılıqlı olaraq nifrət nitqi və zorakılığa təşviq məzmunlu paylaşımlar edən 70-dən çox Ermənistan və Azərbaycan yönümlü “Telegram” kanalı aşkarlayıb. Bu, Azərbaycanın 2023-cü ilin sentybarında keçirdiyi “anti-terror əməliyyatı”ndan bir neçə həftə əvvələ təsadüf edir. Həmin kanallar davamlı olaraq bir-birinə qarşı zorakılığı alqışlayır və qarşı tərəflə bağlı qeyri-insani ritorikadan istifadə edir.
Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin davam etdiyi 30 ildən çox müddət ərzində iki əsas müharibə olub. Birinci müharibə 6 il davam edib və 1994-cü ildə atəşkəslə başa çatsa da, 2020-ci ilin sentyabrında başlayan ikinci müharibə 44 gün çəkib. Son müharibədən sonra həm də 2022-ci ilin sebtyabrında əlavə toqquşmalar olub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda “anti-terror” adlandırdığı əməliyyata başlayıb və ermənilərin “Arsax” kimi tanıdığı ərazidən etnik erməni qoşunlarının geri çəkilməsini və oradakı hökumətin ləğv edilməsini tələb edib.
Növbəti gün Qarabağdakı hökumət ordunun tərki-silah edilməsinə və eləcə də Azərbaycanla inteqrasiya danışıqlarına başlanmasına razılıq verib. Dağlıq Qarabağdakı hökumətin ombusdmanının yaydığı məlumata görə, hərbi əməliyyatlar nəticəsində 200 nəfər ölüb ki, onlardan 10-u mülki şəxslərdir. Eləcə də 400 nəfərdən çox sakin yaralanıb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hər iki xalq həm beynəlxalq auditoriyaya, həm də bir-birinə xitab etmək üçün sosial şəbəkələrdən istifadə edir. 2020-ci il Dağlıq Qarabağ müharibəsindən bəri “Telegram” ermənilər və azərbaycanlılar üçün nifrət nitqi və terrora təşviq edən məzmun, o cümlədən qrafik foto və videolarla bir-birini hədəfə almaq məqsədi daşıyan mühüm vasitəyə çevrilib.
Nifrət nitqi nəyə deyilir?
Birləşmiş Millətlər Təşkilatına görə nifrət nitqinin tərifi belədir:
Nitqdə, yazıda və ya davranışda şəxsin və bir qrupun dini, etnik, milli, irqi, mənşə, gender və digər kimlik faktorlarına əsasən hücum və ya alçaldıcı və disktriminativ ritorikadan istifadə etmək nifrət nitqi hesab olunur.
Münaqişə şəraitindəki nifrət nitqi ilə bağlı isə Beynəlxalq Qırmızı Xaç Komitəsi bunu deyir:
Texnologiyadan istifadənin zərərli informasiyanın birdən çox hədəf auditoriyaya çatımlılığı və təsirinin yayılma əhatəsi və sürətində ciddi rolu var. Bu xüsusilə böhran şəraitində daha narahatedicidir. Çünki informasiya həm həmin yerdəki davranışlara, həm də icmaların və yardım qruplarının həll etməli olduğu bütün növ risklərə və həssas situasiyalara təsir göstərə bilər.
DFRLab-ın analizləri aşkarlayıb ki, “Telegram”da erməni və azərbaycanlıları hədəf alan nifrət nitqi geniş yayılıb və anonim kanalları idarə edənlər zorakılığı qızışdırımaq və ölümə haqq qazandırmaq üçün qeyri-insani ritorikadan istifadə edir. Həmin kanalladakı paylaşımlar əksərən hər iki tərəfdən olan ölmüş əsgərlərin fotolarından ibarətdir ki, onların üzərinə bu ölümü alqışlayan başlıqlar, qeydlər yazılır. Bu kanallar eyni zamanda qadınlar və LGBTQ+ icmasını da hədəf alır və onları cinsi zorakılıqla təhdid edir.
“Telegram” kanalları necə araşdırılıb?
DFRLab-ın bu araşdırmada “Telegram” sosial şəbəkəsinə fokuslanmağının səbəbi, bu platformanın həm regionda geniş istifadə olunması, həm də rəsmi olaraq zorakılığa çağırış və nifrət nitqini qadağan etdiyi halda, kontent siyasətində bunun tətbiqinin zəif olması ilə bağlıdır. Similar Web şirkətinin 2023-cü ilin yanvarında apardığı araşdırmaya görə, Telegram Ermənistanda ən geniş yayılmış yazışma platformasıdır. Azərbaycanda isə bu platforma 3-cü ən populyar sosial şəbəkədir. Azərbaycanda “Telegram”ın populyarlığı 2020-ci ildə artıb və araşdırmalar göstərir ki, bu platforma həmin ilin payızında, müharibə vaxtı, nifrət nitqi, təqib və dezinformasiya yaymaq üçün alətə çevrildiyi zaman daha çox istifadə olunub.
“Telegram” analiz aləti TGStat istifadə etməklə DFRLab qarşı tərəfi hədəf alan ümumilikdə 68 kanalı aşkarlayıb ki, onlardan 32-i Azərbaycanı, 36-ı isə Ermənistanı dəstəkləyən kanallar olub. Bu kanalların yaradılma tarixi 2017-ci il aprel ilə 2023-cü il iyun aralığında dəyişir. Azərbaycan yönümlü kanallardan 6-ı, Ermənistan yönümlü kanallardan isə 1-i İkinci Qarabağ müharibəsi zamanı yaradılıb.
TGStat sorğusuna görə, hər iki tərəfdəki ən böyük “Telegram” kanallarının abunələri 2022-ci ilin sentyabrındakı toqquşmalardan sonra artıb. Məsələn, “VardanGukasyan” adlı ermənipərəst kanalın abunəsi 2022-ci il sentyabrın 13-ü, toqquşmaların başladığı gün 59,229-dan 132,991 nəfər çatıb.
Eyni gün Azərbaycan yönümlü “Caliber” kanalının izləyiciləri 33,313-dən 48,495-ə çatıb.
Silah əvəzi nifrət nitqi
İki kanal dəstəsini müəyyənləşdirdikən sonra DFRLab 200 mindən çox postu toplamaq və analiz etmək üçün TG Collector alətindən istifadə edib. Daha sonra həmin kanalların qarşı tərəfə yönələn zorakılıq aktlarına haqq qazandırmaq, qızışdırmaq üçün ən çox istifadə etdiyi 6 etnomilli təhqir müəyyənləşdirilib.
Ermənistan yönümlü kanalların postlarında ən çox istifadə olunan təhqir “пейсары” (peysərlər), Azərbaycanpərəst kanallarda ən çox istifadə olunan söz isə bütün erməniləri təsvir etmək üçün olan “Aşot” sözü olub. Digər ən çox istifadə olunan təhqirlər isə müvafiq olaraq Баран (qoyun) və “шлюхид” [rus dilində “fahişələr” mənasında istifafə olunan “шлюх” sözü ilə “şəhid” sözünün birləşməsi- red.] sözləri olub. “Baran” sözü olan postlara 2 milyondan çox, “Aşot”a isə 1,7 milyon baxış olub. Əsasən Azərbaycan və erməni dilində olan söyüş və təhqirlər istifadə olunsa da, rus dili hər iki ölkənin ortaq dili olduğuna görə bu “Telegram” kanalları daha çox paylaşımları rus dilində edir.
Bütün erməniləri kollektiv təsvir etmək üçün istifadə olunan “Aşot” sözü mütəmadi olaraq erməniləri öldürməyə çağırış məqsədilə “Telegram” postlarında istifadə olunub. Məsələn, “Большой брат” adlı kanalın Telegram postunda deyilir:
Cənubi Qafqazda Aşot dövləti tamamilə məhv ediləndən sonra sülh bərqərar olacaq. Aşotlar yoxdur – problem yoxdur!
Həmin kanalın başqa bir postunda isə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinkenin hər ikisinin gülümsədiyi, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun isə gülümsəmədiyi foto bu başlıqla paylaşılıb:
Gecə boyunca 4 “Aşot”un müvəffəqiyyətlə öldürüldüyünü öyrənəndə sizin üzünüzdəki ifadə. Bu, sabah da davam edəcək.
Erməniləri “Aşot” və “mütəmadi olaraq mızıldayan çaqqallar” adlandıran Galib Efendi adlı Telegram kanalı iddia edib ki, “ermənilər nəinki Qarabağda, ümumiyyətlə Qafqazda mövcud olmamalıdırlar”. Başqa bir yerdə, Зангезурская Автономная Республика (Zəngəzur Muxtar Respublikası) kanalında erməni əsgərlərin uşaqla birlikdə çəkilmiş fotosu bu başlıqla paylaşılıb:
“Erməni terroristlərin Basarkeçərdə, hərbi mövqedə “uşağı” var. Bu hərbi mövqe məhv ediləndə ermənilər bağıracaqlar: Arya kömək elə! Onlar balaca Aşotu öldürdülər!” Həmin paylaşımda eyni zamanda sözügedən hərbi mövqenin koordinatları da yer alıb ki, bu da onu açıq hədəfə çevirib.
“Patriot” adlı kanalın paylaşıdğı başqa bir postda isə 2020-ci ildə Ermənistan və Azərbaycan arasındakı müharibədə həlak olan gənc erməni əsgərin qəbir daşı əks olunub və şəkil bu qeydlə paylaşılıb:
Aşotun kədərli hekayəsi, o, 2020-ci ildə qorxudan ölüb. Hər Aşotun başına güllə dəyir
Bəzi hallarda isə Azərbaycan yönümlü “Telegram” kanalları ermənilərin ölümünü bişmiş ətlə müqayisə edir və alqışlayır. “Злой Мамед” adlı “Telegram” kanalında qızardılmış donuz fotosu “Qızardılmış balaca Aşot, bişmiş balaca Aşot, balaca Aşot yaşamaq istəyirdi” başlığı ilə yayımlanıb.
Azərbaycan yönümlü “Telegram” kanallarının geniş istifadə etdiyi digər bir açar söz isə erməni dilində mənası “Allah” olan Аствац (Astvats) sözüdür. Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlman, Ermənistanda isə çoxluq xristian dini inancına sahibdir və Teleqram kanallarında bu açar söz xristian erməniləri təhqir etmək üçün mütəmadi istifadə olunur. “Patriot” kanalının postlarından birində ermənilər “Astvats” adlandırılır və qeyd olunur ki, “onların hamısını kimsə toplayıb, yandırıb kül etməlidir”.
Başqa bir “Telegram” kanalı “Kolorit” isə ölmüş erməni əsgələrinin fotosunu paylaşıb və yazıb: “Astvats freelancerlərinin paylaşılmamış fotoları. Zövq alın”. “Khacherubka 18+” isə Azərbaycan artileriyasının Qarabağda açdığı atəşi paylaşıb və “4 erməni Asvatsa göndərildi” yazıb. Digər bir kanal “Angry Mamed” öldürülmüş erməni əsgərin fotosunu “Fuck Astvats” (“Аствац кунем лусавори”) başlığı ilə yayıb.
Ermənistan yönümlü “Telegram” kanalları nə paylaşır?
Eyni zamanda ermənipərəst “Telegram” kanalları da nifrət nitqinə yol verir və azərbaycanlıları nəzərdə tutaraq tez-tez ya “Baran”, yəni qoyun sözünü, ya da emojisini istifadə edir, onları axmaq və itaətkar adlandırır. Məsələn, “Hay Zenq” (Erməni silahı) adlı kanalda azərbaycanlı qadına aid olduğu iddia edilən şəkillər və ona aid şəxsi məlumatlar paylaşılıb. Onunla olduğu bildirilən yazışma bu başlıqla paylaşılıb:
Artıq bunu qəbul etməyin vaxtıdır ki, sizin hətta dişi qoyunlarınız belə erkək qoyun iyi verən peysərləri istəmir. Azərilər özlərini bizə təslim etməyə [seksual mənada] görə xoşbəxtdirlər.
Azərbaycanı dəstəkləyən “Telegram” kanallarında olduğu kimi ermənilər də qarşı tərəfin əsgərlərinin ölümünü alqışlayır. Azərbaycan auditoriyasına ünvanlanan “Ищи своих 21+” (Özününküləri tap 21+) adlı “Telegram” kanalının məlumat hissəsində bu yazılıb:
Burada azərbaycanlılar öz qohumlarını [ölü] tapa bilər. Azərilərin cəsədlərini bura atın.
Bu kanalın paylaşımlarından birində ölmüş Azərbaycan əsgərinin görüntüsü “Qoyun öldü, başı getdi” başlığı ilə dərc olunub. Fotonun başlığında türkcə “yok” sözü istifadə olunub. Ümumilikdə hər iki tərəfin “Telegram” kanallarında rusca olmayan, amma hər iki tərəfin başa düşə biləcəyi sözlərdən istifadə olunur. Ermənistanda türklər və azərbaycanlılara ümumi yanaşma çox mənfidir və ermənilər bəzən azərbaycanlıları təsvir etmək üçün onlara “türklər” deyir. Ermənipərəst “Telegram” kanallarında Azərbaycanca sözlər kimi türkcə sözlərin də istifadəsi alçaltmaq məqsədi daşıyır.
Başqa bir kanal, “֍ Հ:Ա:Պ” (Erməni Arian Dövləti) əsgərlərin narahatedici görüntülərinin də daxil olduğu postları ilə daha çox nifrət və zorakılığı qızışdırmağa çalışır. Belə videolardan birində qulağı kəsilən azərbaycanlı əsgər əks olunub və görüntüyə “silahlı azərbaycanlı qoyunun məhvi” başlığı yazılıb. “Катакомбы Лабиринты” adlı digər bir kanalda isə körpə ilə oturan və 2020-ci il Dağlıq Qarabağ müharibəsindəki təcrübəsini bölüşən azərbaycanlı müharibə veteranının videosu alçaldıcı cümlələrlə paylaşılıb.
Arsax əleyhinə müharibənin daha bir iştirakçısı, balaca şlyuxid, şikayətlənir ki, o, pensiya, tibbi yardım ala bilmir və piçini [türk dilində bicbala deməkdir] dolandıra bilmir. Peysər deyir ki, əgər belə davam etsə, o, başıboş uşağını yemək məcburiyyətində qalacaq.
Konflikt həm də LGBTQ+ icmasını və qadınları necə hədəfə çevirir?
“Armenian Radical” kanalının kontenti azərbaycanlı LGBTQ+ icmasını hədəf alır və paylaşımlar arasında jurnalist və LGBTQ+ fəalı İsmayıl Cəlilovu ələ salan post da var. “Boynunda LGBT emblemi olan azərbaycanlı “jurnalist” İsmayıl Cəlilovun – niyə öz LGBT dəyərlərini təbliğ etməsin ki – avstriyalı, ermənipərəst deputat Stefan Şennakla müsahibəsi”. Paylaşımın davamında deyilir:
Bu gombul zibilə baxın, nefcə mütəmadi olaraq deputatın sözünü kəsir və ona danışmağa imkan vermir. Deputat düz bu donuzun üzünə dedi ki, Arsax ermənilərin dədə-baba torpağıdır. Özünü qoyun kimi aparır.
“Ermənistan Arian Dövləti” adlı kanal da Bakıdakı transgender seks işçilərinin öz xidmətlərini təklif etdiyi foto ilə birlikdə LGBTQ+ əleyhinə məzmun paylaşıb.
Müharibədən sonra başqa bir peysər pulu olmadığına görə genderini dəyişib və eskort kimi götünü satır. Azərgeycanın ticarət ölkəsi olduğunun daha bir sübutu, onlar hər yerdə hər şeyi satırlar.
Azərbaycanpərəst kanallar da öz növbəsində Ermənistan LGBTQ+ icmasını, eləcə də erməni qadınları hədəfə alıb. “Без Тормозов” adlı Telegram kanalı Ermənistanda şəxsiyyətini təsdiq edən sənəddə genderini dəyişmiş ilk qadın olan Lilit Martirosyanın Ermənistan Parlamentindəki çıxışının videosunu paylaşıb. Postda iddia olunur ki, ermənilər hörmətsizlik edir, çünki qədim mətnlərdə günahkar kimi qeyd olunan iki şəhər, Sodom və Qomora dövlət səviyyəsində təbliğ edilir və Martirosyanın parlamentdəki çıxışı da buna sübutdur. Eyni kanal həm də erməni qadın əsgərləri təhdid edərək onların azərbaycanlı hərbçilərin cinsi zorakılığı ilə üzləşə biləcəyini deyir.
Hər iki tərəfin bir-birini hədəfləyən minlərlə postu
DFR Lab 72 kanaldan yaradılma tarixlərindən etibarən 2023-cü il 14 iyul tarixinə qədərki dövrü əhatə 298 min 495 mesajı toplayıb. Şəbəkənin analizi göstərir ki, kanallar bir-birlərinin postlarını paylaşaraq da qarşı tərəfi hədəf alıb.
- Azərbaycanpərəst kanallardan 18-i Ermənistan dəstəkçisi kanallardan 6-nın adını ümumilikdə 273 dəfə çəkib
- Ermənipərəst 14 kanal isə Azərbaycapərəst 20 kanalın adını 267 dəfə çəkib
Баграмян 26 [“Bagramyan 26”], SisMasis və Mika Badalya kanallarının adları Azərbaycanpərəst Telegram kanallarında ümumilikdə 217 dəfə çəkilib. Ermənipərəst kanal qruplarında isə adı daha çox, ümumilikdə 188 dəfə adı çəkilən kanallar Девичья Башня (Qız qalası), Большой брат (Böyük qardaş) və Caliber olub.
Bir-birinə işarə edən Teleqram kanalları daha çox mübahisə xarakterli məzmun yazır və bir-birilərini nəzarətdə saxladıqlarını göstərirlər. Məsələn, ermənipərəst kanallardan birində paylaşılan sorğuda “azərilər bura klikləyin” adlı seçim də əlavə olunub. Daha sonra Azərbaycan Telegram kanalı həmin postu paylaşıb. Başqa bir nümunədə isə erməni “SisMasis” adlı kanal Türkiyənin Antakya şəhərinin 2023-cü ilin fevralında baş verən zəlzələdən sonra dronla çəkilmiş videosunu “Gözəl zəlzələdən sonra Antakya” başlığı ilə paylaşıb. Bu post Azərbaycan telegram kanalı UDudaka tərəfindən təkrar paylaşılaraq bu sözlər yazılıb:
Sonra da niyə qətlə yetirilirlər deyib narahat olurlar. Doğru olan qətliamdır. Buna layiqsiz.
Digər bir erməni kanalı isə Azərbaycan Telegram kanalında müharibə veteranları arasındakı intihar hallarının artması və Azərbaycan hökumətinə veteranlara dəstəyi artırmaqla bağlı çağırış postunu paylaşıb. Erməni kanalı postu bu ifadələrlə paylaşıb: “Cənab prezident balaca şluxid intiharı fləşmobunu dayandırın”.
DFRLab eyni zamanda hər iki qrupdakı kanalların məzmun paylaşma formasını da analiz edib. Ermənistan yönümlü kanallardan 36-ı bir-birini ümumilikdə 15,027 dəfə paylaşıb. Azərbaycan yönümlü 32 kanalda isə bu rəqəm 13,389-dur. Ermənistanın mövqeyini dəstəkləyən kanallardan ən çox paylaşılanlar “Erməni Hərbi Portalı”, “Spitak Arch”, “Erməni Radikal”, “Arsax Respublikası” və “Baqramyan 26”, Azərbaycan yönümlülərdən isə “Без Тормозов”, “Qız qalası”, “Qafqaz bürosu” və “Qara yazışma” olub.
Texniki olaraq nifrət nitqi və zorakılığı təşviq etmək “Telegram”ın məzmun siyasətinin əleyhinə olsa da, Cənubi Qafqazdakı konfliktin tərəfləri qızışırıcı ritorikanı gücləndirmək üçün hələ də bu platformanı istifadə edir.
Konflikt tərəflərinin “Telegram”da bir-birini hədəfləmək üçün alçaldıcı ermənicə və azərbaycanca sözlərdən istifadə etməsini araşdıran bu material, münaqişənin onlayn platformada da necə davam etdiyini və hər iki tərəfin bir-birinə qarşı qeyri-insani rəftarının daha da artırdığını göstərir.