Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 24 yanvarda qurumdakı iştirakını qeyri-müəyyən müddətə dayandırıb.
Bu barədə nümayəndə heyəti bəyanat yayıb. Bəyanatda deyilir ki, “AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib”.
Nümayəndə heyəti sonda “AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq” qərarına gəlindiyi bildirilib.
Nə baş verib?
Bu gün Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilib-edilməməsini müəyyənləşdirəcək səsvermə keçirilməli idi.
Avropa Şurasının Monitorinq Komitəsi çərşənbə axşamı nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməyi tövsiyə edib. Komitə bildirib ki, Azərbaycanın quruma üzvlüyündən 20 ildən çox müddət keçsə də, rəsmi Bakı “üzvlüyə qəbul edilərkən təşkilat qarşısında götürdüyü əsas öhdəlikləri yerinə yetirməyib”.
Monitorinq Komitəsi hesab edib ki, Azərbaycanda seçkilərin azad və ədalətli şəkildə keçirilməsi ilə bağlı “çox ciddi narahatlıqlar var”.
Azərbaycan nə deyir?
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Monitorinq Komitəsinin hesabatına etiraz edərək deyib ki, “bu təşəbbüs müstəqil və suveren bir ölkə kimi Azərbaycana qarşı köklü qərəzin bariz təzahürüdür”.
Səməd Seyidov Monitorinq Komitəsinin qərarına etiraz məktubunda yazıb: “Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina AŞPA-nın və ümumilikdə Avropa Şurasının hakimiyyətinə ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşür”.
Etimadnamənin qəbul edilməməsi təklifi kimdən gəlib?
Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən olan deputat Frank Schwabe irəli sürüb.
O buna səbəb kimi aşağıdakıları göstərib:
1. Azərbaycanda “siyasi məhbuslar var”
2. Qarabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb”
3. 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb
4. Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib.
Deputatın təklifini Assambleyanın azı 30 üzvü dəstəkləyib.