Respublikaçı Alternativ (ReAl) növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı bəyanat yayıb. Hərəkatın yaydığı bəyanatda bildirilir:
“Demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri hazırda mövcud deyil və bu, İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsi üçün atılmış, legitimliyi şübhə doğuran bir addımdır. Bu, hakimiyyətin 2016-cı ildə həyata keçirdiyi hüquqazidd Konstitusiya dəyişikiklərinin davamıdır”.
REAL hesab edir ki, növbədənkənar seçki azad seçki imkanlarını bir az da məhdudlaşdıracaq. İlqar Məmmədovla yanaşı bir çox jurnalist və bloggerin həbsdə olmasını əsas gətirən hərəkat ölkədə həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi basqıların olduğunu vurğulayıb.
“Növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, yuxarıda qeyd edilən və qeyd edilməyən digər məhdudiyyətlər aradan qaldırılmayacaqsa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə bu seçkilər legitim ola bilməz və seçki prosesi ümumilikdə “pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq.
ReAl yuxarıda qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək”