Böyük Britaniya istehsalı olan “Stalinin ölümü” komediyasının yayımı Rusiyadan sonra Azərbaycanda da qadağan olunub. Film digər post-sovet ölkələri Belarusiya, Ermənistan və Qazaxıstanda isə yayımlanır.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd kult.az-a bildirib ki, “Stalinin ölümü” filmi ilə bağlı nazirliyə müraciət olunmayıb:
“Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə “Stalinin ölümü”nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan filmin ərizə forması geri çağırıldı və bununla bağlı cinayət işi açıldı. Belə qənaətə gəldilər ki, ekspertlər o filmə baxmalı və yenidən rəy verməlidirlər. Bunu bildikləri üçün bizə həmin filmlə bağlı heç bir sənəd təqdim etməyiblər. Yəni film Azərbaycanda qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, “Stalinin ölümü” filminin ölkəmizdə nümayişinə razılıq verilməyib”.
“CinemaPlus”un direktoru Cəfər Axundzadə isə bildirib ki, bütün sənədlər toplansa da nazirlik filmin yayımına icazə verməyib. Meydan TV-yə açıqlama verən direktor qeyd edib ki, filmin ölkədə nümayişi üçün müqavilə də var, amma icazə yoxdur. C.Axundzadə nazirliyin qadağasının soruşanda isə belə cavab alıb:
“Mənə dedilər ki, filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukov bir az ələ salınıb, hər nə olsa da bu, bizim tariximizdir. Çünki 300 min azərbaycanlı həlak olub. Ona görə film onların ruhuna və ailələrinə təhqirdir. Bax, bunun üçün icazə verilmədi. Halbuki, film absurd komediyadır. Nədənsə, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bunu çox ciddiyə aldı”.