Respublika Narkoloji Mərkəzində yanaraq həlak olan 25 nəfərdən 9 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Bunu yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov komissiyanın ilk iclası haqqında danışarkən deyib.
Komissiya sədri AzərTAc-a açıqlamasında bildirib ki, hadisə zamanı korpusda 55 nəfər olub, onlardan 30 nəfər xilas edilib, xəstəxanalara yerləşdirilib və onlardan artıq 18 nəfəri evə buraxılıb. Həlak olan digər xəstələrin də şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərin davam etdiyini deyən A.Şərifov ölənlərin ayaqlarının bağlı olması ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib:
Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub.
A.Şərifov komissiyanın qarşısında duran əsas vəzifələr barədə də danışıb:
Əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır.
Baş nazirin müavini Narkoloji Mərkəz üçün tikilməkdə olan yeni bina haqqında da məlumat verib və vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək.
Hadisənin baş vermə səbəbi ilə bağlı irəli sürülən ilkin versiya; elektrik naqillərindəki qısaqapanma və digər versiyalar araşdırılır.