Azərbaycanda həbsdə olan jurnalistlər və müstəqil media işçilərinin vəziyyətinə diqqət çəkmək üçün Berlində “Həbsdəki jurnalistlərə məktub yaz” kampaniyası keçiriləcək. Mikroskop Media və mühacir jurnalistlərə dəstək verən “Exile Team” təşkilatının birgə keçirdiyi tədbir “Berlin Freedom Week” çərçivəsində baş tutacaq.
Kampaniyanın məqsədi Berlində yaşayan və müxtəlif sahələrdən olan insanları Azərbaycanda həbsdə olan jurnalistlər, onların fəaliyyəti və hazırkı vəziyyəti barədə məlumatlandırmaqdır. Sərgi və məktub yazma kampaniyasından ibarət tədbirdə iştirakçılar jurnalistlərə dəstək və həmrəylik məktubları yaza biləcək.
“Berlin Freedom Week” nədir?
Hər il Berlin divarının yıxılmasının ildönümündə paytaxtda 1 həftəlik “Berlin Freedom Week” tədbirlər silsiləsi təşkil olunur. Şəhərin müxtəlif yerlərində azadlıq, demokratiya və insan hüquqlarına həsr olunan tədbirlər, tamaşa və konsertlər, panel müzakirələr və s. keçirilir.
Bu ilki “Berlin Freedom Week” çərçivəsində 102 məkanda ümumilikdə 163 tədbir baş tutacaq. Mikroskop Media və “Exile Team”-in keçirdiyi bu tədbir Azərbaycanla bağlı təşkil edilən yeganə tədbirdir.

Tədbir nə vaxt və harada keçiriləcək?
“Həbsdəki jurnalistlərə məktub yaz” kampaniyası 10 noyabrda gün ərzində, 11:00-dan 17:00-a qədər davam edəcək. Saat 12:00-da isə Azərbaycanda jurnalistikanın vəziyyəti, həbsdəki jurnalistlərin səhhəti, onların qanunsuz həbsi ilə bağlı mətbuata açıqlama olacaq.
Tədbir Berlinin nüfuzlu təşəbbüslərindən biri olan – “Publix” innovasiya və media mərkəzində keçiriləcək. 2024-cü ildən etibarən fəaliyyətə başlayan bu kompleks müstəqil jurnalistləri, qeyri-hökumət təşkilatlarını və media peşəkarlarını bir araya gətirən ortaq bir ekosistem rolunu oynayır.








