Məşhur fransız geyim brendi Lacoste geyimlərinin üzərindəki timsah ikonunu nəsli kəsilməkdə olan heyvanların ikonları ilə əvəz edib.
Brendin bu seriyası məhdud saydadır və hər bir məhsul nəsli kəsilməkdə olan heyvanların qalan sayına uyğun sayda buraxılıb.
Yeni dizayn seriyası brendin Beynəlxalq Təbiəti Qoruma Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu seriyadan məhsul alanlar adı çəkilən birlik və Lacostenin dünya miqyasında nəsli kəsilməkdə olan heyvanlar üçün mübarizəyə dəstək olmuş olacaq.
Brendin yerdəyişmə etdiyi 10 heyvan aşağıdakılardır:
1 Bataqur şirinsu tısbağası Əsasən Birmada şirin suda yaşayan rəngarəng tısbağaların gələcəyi qaranlıqdır. Tısbağaların asanlıqla yeri müəyyən edilə bilən yuvalarından yerli və xarici istehlak üçün iri yumurtaları yığılır. Bu da tısbağaları onu məhv edən ilk canlı – insanın sayəsində yox olmaq təhlükəsi qarşısında qoyur.
2 Cava kərgədanı Bu kərgədanlar çox nadir, sakit və tənha heyvanlardır. İndi bu heyvanlar ancaq İndoneziyada qalıb və həm düzənlik, həm də meşəlik ərazilərdə Rhino Müdafiə Birliyi tərəfindən qorunur. Onların sayı azalmağa başlayıb, çünki buynuzlarına görə ovlanan kərgədanların nəsilartırma səviyyəsi də xeyli aşağı düşüb.
3 Şimal lemuru Primatlar dəstəsinə aid olan bu heyvanların başından quyruğuna qədər uzunluğu 50 santimetr, çəkisi isə 800 qramdır. Onlar əsasən Şimali Madaqaskarın quru meşələrində yaşayırlar. Əkinçilik və meşəsizləşdirmə işlərinə görə yaşayış yerlərindən məhrum olan lemurların bu növü tükənmək üzrədir.
4 Kaliforniya kondoru Çalağan cinsinə aid olan bu yırtıcı quş Amerikada ən böyük uçan canlıdır. Qanadlarının uzunluğu 3 metrə çatan bu quşun keçəl başı qırımız-narıncı rəngdədir və bədəni qara lələklərlə örtülüb. Onların nəsli insanların təbiəti qurğuşunla çirkləndirməsi və zibilləməsinə görə kəsilmək təhlükəsi qarşısındadır.
5 Kakapo Uça bilməyən, yosun yaşılı və qəhvəyi rəngli və 60 sanitmetr böyüklüyündə olan gecə tutuquşularının vətəni Yeni Zenlandiyadır.
Erkək kakapolar dişiləri cəlb etmək üçün adətən qəribə və güclü “partlayış” səsi çıxarırlar. Nəsilartırmaları xeyli azaldığından bu heyvanların kökü kəsilməkdədir.
6 Vaquita Kaliforniya körfəzi donuzu dəniz məməlisidir. Bu heyvanın çəkisi təxminən 48 kq, uzunluğu isə 1.5 metrdir. Xərçəng tutmaq üçün dənizə atılan torlara ilişdiklərindən nəsilləri kəsilmək üzrədir.
7 Virgin iquanası Elmi adı Cyclura pinguis olan bu heyvanın vətəni Britaniyanın Virgin adaları, Aneqadadır. Çəkisi təxminən 6 kilo, ümumi ölçüsü isə 60 sanitmetrdir. Təəssüf ki, maldarlıq və əkinçilik onları evsiz qoyur və eləcə də vəhşi it və pişiklərə ov olurlar, bu da onların sayını getdikcə azaldır.
8 Cao-vit Gibbon Dünyada nadir meymun növlərindən biridir. Təxminən 5-10 kilo arasında çəkisi olmağına baxmayaraq bu meymun ağac budaqları arasında böyük çevikliklə tullana bilir. Bu heyvan əsasən Çin və Vyetnam sərhədindəki meşələrdə yaşayır. Həmin ərazilərdəki meşəsizləşdirmə onları da evsiz qoyur.
9 Sumatra pələngi
İndoneziyada yaşayan bu pələng növünün uzunluğu 2 metrdir və çəkisi isə 100 kiloya qədər çatır. Genetik olaraq digər pələnglərdən fərqlənir və özünün altnövü var. Meşəsizləşmə bu heyvanları da məhv olma təhlükəsi ilə üz-üzə qoyur.
10 Saola (Asiya təkbuynuz atı)
Bu utancaq və tənha heyvan əsasən Vyetnam və Laosda meşə və dağlarda yaşayır. Amma bu ərazilərdəki mütəmadi qeyri-qanuni ovçuluq bu heyvanları da nəsli kəsilməkdə olan məməlilərdən birinə çevirir.