“Yahoo News”un baş araşdırmaçı muxbiri Maykl İsikof və “Mother Jones” jurnalının Vaşiqnton bürosunun rəhbəri Devid Korn birlikdə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti arasındakı əlaqələr barədə kitab yazıb. Bu gün işıq üzü görəcək kitab “Rus ruleti: Putinin Amerikadakı müharibəsinin iç üzü və Donald Trampın seçilməyi” adlanır.
Kitabda Trampın təkcə Putinlə deyil, eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov və onun atası, oliqarx Araz Ağalarovla yaxın münasibətləri barədə də məlumatlar yer alıb.
“Twelve Books” nəşriyyatının çapa hazırladığı kitabdan bəzi hissələr “Yahoo News”da dərc olunub. Onların bir qismini təqdim edirik.
2013-cü il noyabrın 9-u günorta idi və Moskvada olan Donald Tramp narahat idi. Bu, onun Rusiya payaxtında olduğu ikinci gün idi və arsız biznesmen, həm də reality şou ulduzu axşam Moskvanın Krokus Siti Hol səhnəsində gecənin gözəlini elan edəcəyi qasırğa kimi iş qrafikində idi; 86 ölkədən qızların iştirak etdiyi və dünyada təxminən 1 milyard televiziya tamaşaçısının izlədiyi Kainat gözəlinin təqdimatı olacaqdı.
Tramp bu müsabiqəni NBC ilə birlikdə 17 il əvvəl almışdı. Bu müsabiqənin ən vacib tərəflərindən biri hər il milyonlarla dollar gəlir gətirməyi və Tramp üçün məşhur playboy imicini formalaşdırmağı idi. Bununla yanaşı Tramp Rusiya paytaxtında yeni və böyük biznes imkanları axtarırdı, on illərdir buna çalışsa da nail ola bilməmişdi ki, Moskvada yüksək səviyyəli layihələr reallaşdırsın. “Kainat gözəli” müsabiqəsində çalışanlar da təsdiqləyib ki, Trampın bu zaman iş qrafiki təkcə müsabiqə deyildi, o, biznes qurmaq arzusunda idi.
Hələ ki, həmin gün günorta Trampı bir sual düşündürürdü; Vladimir Putin harada idi?
5 ay əvvəl “Kainat gözəli”nin həmin il Moskvada baş tutacağını elan etdiyi dəqiqədən etibarən Rusiya prezidenti ilə görüş fikri beyninə yerimişdi. İyun ayında Trampın atdığı tvit: “Sizcə Putin Noyabrda Moskvadakı “Kainat gözəli” müsabiqəsinin təqdimatına gələcək? Əgər gələcəksə, mənim yeni dostum ola bilər?”
Moskvada olanda Tramp Kremldən Araz Ağalarovun çatdırdığı mesaj aldı. Araz Ağalarov Putin və Trampa yaxın olan oliqarxdır ki, həm də müsabiqənin Rusiyadakı təşkilatçısı idi. Mesajda deyilirdi: “Cənab Putin Cənab Trumpa görüşmək istəyir”. Bu, Trumpı həyəcanlandırdı. Amerikalı biznesmen düşündü ki, Rusiya liderinin müsabiqədə iştirakı ehtimalı güclüdür.
“Putin gəlir?” O soruşdu.
Kremldən heç bir söz yox idi və bu artıq qəddar təsir bağışlayırdı. Ağalarov yeni mesajı çatdırdı; Putinin sağ əli və mətbuat katibi Dmitri Peskov hər an zəng edə bilərdi. O, çox az adamın Putinə Peskov qədər yaxın olduğunu deyəndən sonra Tramp bir az sakitləşdi. Əgər kimsə Putinlə görüşü təşkil edə bilərsə, bu ancaq Peskov ola bilər.
Britaniya əsilli yazar Rob Qoldston ona demişdi ki, əgər sənə Peskovdan zəng gəlirsə, bu, Putindən zəng gəlməyi kimidir”.
Amma vaxt keçirdi. Şou tezliklə başlayacaqdı və Tramp müsabiqədən sonra şəhəri tərk edəcəkdi.
Nəhayət ki, Ağalarovun telefonuna zəng gəldi. Bu, Peskov idi və Ağalarov telefonu Trampa ötürdü.
Trampın Moskvaya “Kainat gözəli” müsabiqəsi üçün səfəri əsas məqam idi. Moskvada parlaq “Trump Tower” tikdirməyə çalışmaq onun uzun illərini alıb. Bu səfəri ilə o, bununla bağlı razılığa çox yaxınlaşmışdı.
O, Moskva səmasında özünün məşhur adını markalaşdırmağa və qlobal oliqarx statusunu daha da parlatmağa çox yaxın idi.
Trampın “Kainat gözəli” yarışmasının Moskvada keçirilməsinin səbəbi olan qəribə cütlük: Rob Qoldston və Emin Ağalarov
İri çəkili Qoldston Facebook sosial şəbəkəsində özü ilə əylənən fotolarını paylaşıb, özünün səliqəsiz və iri çəkili olmağını əyləncə mərkəzinə çevirən biridir. O, hətta bir dəfə Nyu York Tayms qəzetində “Gonbul kimi səyahət eləməyin hiylələri və yolları” başlıqlı yazı da yazmışdı. PR firmasının həm-təsisçisi olan Qoldstonun prioriteti azərbaycanlı müğənni Emin Ağalarovun ehtiyaclarına xidmət etmək idi.
Emin gənc, yaraşıqlı və varlı idi. O, beynəlxalq ulduz olmaq istəyirdi. Atası Araz Ağalarov Rusiyada kommersiya və yaşayış binaları tikən milyarder idi və həmçinin ABŞ-da da mülkü var idi. Uşaqlığını Rusiyada keçirən Emin ABŞ-ın Nyu Cersi ştatının Tenafli şəhərində böyüyüb. Geyimi, stili və səsi ilə rok`n rolun kralı Elvis Preslini imitasiya etməyə çalışırdı. Müğənniliklə yanaşı Emin atasının şirkətlərini də idarə edirdi. Daha sonra o, adı korrupsiyada hallanan Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evləndi. Paytaxt Bakıya köçəndən sonra o, tezliklə “Azərbaycanın Elvisi” adlandırılmağa başladı.
2013-cü ildə Qoldston Emini medianın daha çox diqqət mərkəzində saxlamaq istəyirdi, xüsusən də Amerikada. Dostu Eminə belə bir təklif etdi; bəlkə Emin “Kainat Gözəli”nin təqdimatında çıxış edə bilər?! Eyni zamanda Qoldston və Emin üçün onun sonuncu klipində çəkiləcək cazibədar qadın lazım idi və onlar ən gözəl qadını seçmək istəyirdilər. Aydın görünürdü ki, onu “Kainat gözəli”ndən tapa bilərlər.
“Kainat gözəli” müsabiqəsinin Moskvada keçirilməsini də Emin təklif etmişdi. Müsabiqənin baş tutduğu və 7 000 oturacağı olan kompleks atası Araz Ağalarov tərəfindən tikilib.
Azərbaycan əsilli Araz Ağalarov “Putinin inşaatçısı” kimi tanınır. 1 milyard dollarlıq sərvət toplayan Araz Ağalarov Moskvada oliqarxlar üçün içində süni çimərlik və şəlalə olan yaşayış kompleksləri də tikib.
Vladivastokda 2012-ci ildə keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq sammiti üçün kütləvi infrastrukturun qurulması – konfrans zalları, maşın yolları və evlərin tikintisini Putin, Ağalarova həvalə etmişdi. Ağalarov bu layihəni rekord vaxtda bitirmişdi. Həm bu layihənin, həm də Rusiyada keçiriləcək dünya kuboku üçün futbol stadionu və Moskva ətrafında magistral yol çəkilməsi işlərini başa çatdırmaqla Ağalarov Putinin daha da rəğbətini qazandı. 2013-cü ildə isə prezident ona “Şərəf ordeni” verdi.
Putinə yaxın olan milyarder Şuqart ilk dəfə Trampa yarışmanı Moskvada keçirməyi təklif edəndə bu ideya ona maraqlı göründü. Nəhayət ki, Rusiya bazarına girmək üçün ona yol açılmışdı. Və Ağalarov yarışmanın təşkilatçılığını eləməyə razılaşmışdı.
Amma müqaviləyə Emin də daxil edilməli idi. Trampın “Kainat gözəli” şirkəti zəmanət verdi ki, Emin şou ərzində iki mahnı oxuyacaq. O və Qoldston inanırdı ki, bu yolla onlar məqasədlərinə çatıb Amerika pop marketinə girə biləcəklər.
Hətta bundan öncə də bu razılıq Emin üçün qazanc idi. Bu ərəfədə Emin mahnılarından birinə klip çəkdirdi və may ayında Moskvada Ağalarov ailəsinə məxsus klublardan birində bu klipin təqdimatını keçirdi və rusiyalı məşhurlar təqdimata axın etdi. Şuqart isə tədbirə qatılmaq üçün uçurdu.
Müsabiqəyə qədər Tramp, Araz və Emin Ağalarovlar arasındakı münasibətlər getdikcə daha da yaxınlaşdı.
Moskvadakı tədbir Tramp üçün böyük potensial idi. İndi onun Rusiyanın digər oliqarxları və prezident Putinlə əlaqəsi olan milyarder partnyoru var idi.
“Tramp üçün “Kainat gözəli” tədbiri Tramp brendini daha da genişləndirmək və adını binalara vermək idi” – “Kainat gözəli” əməkdaşı deyib.
Əgər kimsə Rusiyada böyük danışıqlar etmək istəyirsə, xüsusən də amerikalılar, bu, ancaq Putinin istəyi ilə ola bilərdi. “Biz hamımız bilirdik ki, bu tədbirə Putin razılıq verib” – “Kainat gözəli” rəsmisi sonlara belə deyib.
***
Tramp kazino sahibi Fil Rafinlə onun şəxsi təyyarəsi vasitəsi ilə Rusiyaya uçdu və noyabrın 8-i Moskvaya çatdı.
“Kainat gözəli” rəhbərləri ilə Ağalarovlar arasında qısa görüş baş tutdu. Sonralar Şiller konqres müfəttişlərinə deyəcəkdi ki, bir rus Trampın yığıncağında ona yaxınlaşıb və Trampın otel otağına həmin gecə 5 qadın göndərməyi təklif edib. Bunun rus ənənəsi, yoxsa Rusiya kəşfiyyatının planı olub-olmadığını bilməyən Şiller bu təklifi qəbul etməyib.
***
“Kainat gözəli”nin hər təqdimatında səhnə arxasında Tramp üçün xüsusi otaq hazırlanırdı. Bu otaq onun bütün tələblərinə uyğun olmalı idi. Məsələn, onun sevimli çərəzləri “Nutter Butter” və “Tic Tac” və dietik kola. Divarda narahat edici fotolar olmamalı və otaq mütləq təmiz olmalı idi. O tələb edirdi ki, otaqda sabun və qatlanmış (bükülmüş yox) dəsmal olmalıdır.
Bu otaqda həmçinin bir neçə gün əvvəl münsiflər heyətinin ön seçimlərdə seçdiyi finalçıların video görüntüləri olurdu. Burada sonuncu dəfə Tramp münsiflər heyətinin qərarını gözdən keçirirdi. O, tez-tez bəyənmədiyi finalçıları dəyişdirib öz bəyəndikləri ilə əvəz edirdi.
“Kainat gözəli”nin heyətində işləyənlərdən biri deyirdi:
Əgər finalçıların arasında rəngli dərisi olan qadınlar çoxdursa, mütəq dəyişirdi. Tram hesab edirdi ki, tünd dəri rəngli finalçılar çox etnikdir. Onun xüsusi qalib qadın tipi var idi, qalanlar isə sadəcə çox etnik idi. O, Olivya Kulpo, Dayanara Tores kimi şərqi avropalı qadın tipinə üstünlük verirdi.
***
Həmin gecə Araz Ağalarov Krokus Siti Holda özünün 58-ci ad gününü qeyd etdi. Müxtəlif VİP qonaqlar dəvət edilmişdi. Trump isə artıq Şuqart və Şillerlə birlikdə oturmaqdan yorğun idi, onlarla kifayət qədər çox vaxt keçirmişdi. Bu zaman Qoldston ona Emindən dəvət çatdırdı. Pop ulduz daha bir mahnısı üçün klip çəkməyə hazırlaşırdı və Trampa səhnələrdən birində çəkilməyi təklif edirdi. Tramp razılaşdı, amma bir şərtlə ki, çəkiliş səhər tezdən 7:45-08:10 arasında olmalı idi. Təbii ki, Qoldston razılaşdı və bu çəkiliş Trampın sadəcə 20-25 dəqiqə vaxtını alacaqdı.
***
Müsabiqədən sonra Trump Putinlə görüşəcəyinə ümid edirdi. Günorta saatlarında Peskov yenidən Ağalarovun telefonuna zəng etdi və Trumpla danışmaq istədiyini dedi. Bundan sonra məlum oldu ki, Trump Rusiya lideri ilə görüşə bilməyəcək. Çünki Niderland kralı və kraliçası Rusiyada idi və prezident Kremldə onlarla görüşməli idi. Görüşün baş tutması üçün onlar Trumpı Rusiyada baş tutacaq Olimpiya oyunlarına dəvət etdilər. Trump isə dindar mühafizəkar kəsim arasında güclü nüfuzu olan Billi Qrahamın 95 yaşını qeyd etmək üçün keçirilən tədbirdə iştirak etməyə Amerikaya qayıtlmalı oldu.
Birləşmiş Ştatlara qayıdandan sonra Trump belə bir tvit atdı: “Rusiyadan yenicə qayıtdım və çoxlu şeylər öyrəndun. Moskva çox maraqlı və heyranedici yerdir!”. Növbəti gün o, Twitterdə Araz Ağalarova belə yazdı: “Sən və ailənlə çox gözəl həftəsonu keçirdim. Sən fantastik iş görmüsən. Trump Tower – Moskva növbətisidir. Emin möhtəşəm idi”.
@AgalarovAras I had a great weekend with you and your family. You have done a FANTASTIC job. TRUMP TOWER-MOSCOW is next. EMIN was WOW!
— Donald J. Trump (@realDonaldTrump) November 11, 2013
***
2014-cü ilin fevralında İvanka Tramp “Trump Tower” layihəsinin detallarını Emin Ağalarovla müzakirə etmək üçün Moskvaya uçdu. “Biz fikirləşdik ki, “Trump Tower” Agalarov Towerin yanında olsun – iki böyük ad bir yerdə – həqiqətən də gözəl layihə olardı” – Emin sonralar deyəcəkdi.
Amma beynəlxalq hadisələr araya girdi. İvanka Trampın səfərindən bir neçə həftə sonra Obama administrasiyası və Avropa Birliyi Rusiyaya Krımın ilhaqı və Ukraynaya hərbi təcaüzünə görə sanksiya tətbiq etdi. Bu, Rusiyanın onsuz da zəifləyən iqtisadiyyatına daha bir zərbə idi.
Sanksiyalar Trampın Rusiyadakı layihəsini maliyyələşdirəcək Sberbankı da əhatə edirdi. Ona görə də sərmayə bloklanmışdı.
Belə olan halda Trampın Moskvada tikməyi planlaşdırdığı “Trump Tower” layihəsi çökdü. Trumpın şirkətinin məlumatına görə, İvanka Trump Eminlə Moskvadakı görüşündən sonra müqaviləni biznes səbəblərinə görə ləğv etdi.
Buna baxmayaraq Trampın Rusiya və Putinlə münasibəti davam etdi. Onun hələ də Kremlə sıx bağlılığı olan oliqarx Araz Ağalarovla əlaqəsi var.
***
2015-ci ilin yanvarında, Putinin Rusiyaya hücumundan təxminən 1 il sonra Emin Ağalarov və Qoldston “Trump Tower”dəki ofisində Trampın qonağı oldu. Heç vaxt icitmaiyyətə açıqlanmayan bu görüş 2016-cı il seçki araşdırmaları zamanı ortaya çıxdı.
On yeddi ay sonra, 2016-cı ilin iyununda Qoldston Rusiya nümayəndə heyətinin başçısı kimi “Trump Tower”ə geri döndü və Trampın seçkiqabağı kampaniyası zamanı Hilari Klintonu aşağılayacaq məluamtları təqdim etməyi təklif etdi.
cover fotosu: Victor Boyko / Getty Images