Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi namizədlərin İctimai TV-də növbəti debatı baş tutub. Ötən gün baş tutan debatın bu dəfəki mövzusu “Milli təhlükəsizlik və ordu quruculuğu” olub.
Mövzu ilə bağlı danışarkən prezidentliyə namizəd Zahid Oruc ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi və onun sabiq naziri Eldar Mahmudovun fəaliyyətindən danışıb və onunla əlaqədar baş prokuror Zakir Qaralova müraciət edib:
Mənim aləmimdə yalnız Eldar Mahmudovun 2005-ci ildən sonra milli təhlükəsizlik orqanlarına rəhbərlik dövrünü bu mənada təhlükəsizlik sistemimizin içərisindən çıxmaq lazımdır. Çox təəssüf doğurur bu. Yalnız ona görə ki, Heydər Əliyev təhlükəsizlik orqanlarına həm də öz ölvadı kimi baxırdı. O 10 illik dövr mənim aləmimdə qara ləkə dövrüdür və ilk növbədə Heydər Əliyevin övladına xəyanətdir.
Baxın, insanları, Azərbaycanın iş adamlarını gətir, birinci mərtəbədə müxtəlif ittihamlar yağdır, 2-ci mərtəbədə onların üzərinə müxtəlif rəqəmlər qoy, 3-cü mərtəbədə onları prokurorluq və digər məhkəmə orqanlarına göndər. Bu, heç şübhəsiz dözülməz əməllərdir.
Zahid Oruc deyib ki, bir neçə ildir davam edən məhkəmə proseslərində təqsirləndirilən generallar Eldar Mahmudovun adını hallandırsa da, o yalnız iki dəfə prokurorluq oranlarına gəlib:
“Mən indi buradan, rəsmi tribunadan baş prokuror Zakir Qaralova sual edirəm. Baş prorkurorluğun ikinci idarəsi həmin təhlükəsizlik orqanlarına nəzarət qurmur. Onlar hara baxıblar ki, bu boyda cinayətlər baş verib, ya da siz özünüz hara baxmısız? Və ya nə gözü kölgəliliyiniz var ki, bu 3 il ərzində Azərbaycan xalqına açıqlama verilməyib?
Bunu da prokuror ikinci sual kimi qəbul eləsin; Azərbaycana xaricdən yönləndirilən ayrı-ayrı informasiya müharibələri, internet təxribatları, hörmətli Əli müəllim Həsənovun – dövlət başçısının köməkçisinin dediyi kimi, siyasi İŞİD elementləri ilə mənəvi terror aparanlar həm də Eldar Mahmudovun məxfi şifrələrinə bağlıdır, bağlı deyil? Cahangir Hacıyev kimi beynəlxalq bankın vəsaitlərini xaricə daşıyanların pulları Azərbaycan əleyhinə işləyir, işləmir? Mən düşünürəm ki, bunlara cavab vermək Azərbaycan cəmiyyətinə aydınlıq gətirəcəkdir”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə mövzu ilə bağlı çıxışında bildirib ki, ölkədə təhlükəsizliyi təmin etmək üçün sadiq vətəndaşlar yetişdirmək lazımdır:
Biz sosial demokratlar hesab edirik ki, gəncləri azərbaycan vətəndaşı kimi yetişdirib onlara qayğı göstərmək lazımdır, onlara sağlamlıq vermək lazımdır. Bütün bunları alan insan böyüdükdə, azərbaycan vətəndaaşı olduqda heç vaxt öz ana vətəninə xəyanət edə bilməz. Bununla da azərbaycanın təhlükəsizliyi üçün əsas təməl – sadiq vətəndaşlar böyüyüyər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev çıxışının əvvəlində ölkədəki siyasi məhbuslardan və onun hakimiyyətə gələcəyi təqdirdə həmin şəxslərin azad ediləcəyindən danışıb. Həmçinin vəd edib ki, şəhid ailələrinin “Hərbçilərin icbari sığortası haqqında” Qanuna əsasən almalı olduğu bir dəfəlik ödəniş 11 min manat ən qısa vaxtda onlara veriləcək.
“28 yanvar 2014-cü il tarixdə Konstitusiya Məhkəməsi qərar qəbul edib ki, həmin məbləğ – 11 min manat şəhid ailələrinə ödənməlidir. Amma çox təəssüf ki, bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərar yerinə yetirilməyib”.
Ordu quruculuğu barədə fikirlərini də bölüşən prezidentliyə namizəd vurğulayıb ki, Azərbaycanda 60 min nəfərlik peşəkar ordu qurmaq lazımdır:
18 yaşlı gənclərlə biz torpaqları azad etmək istəsək itkilərimi həddindən artıq çox olacaq. Buna görə də ən aşağısı 60 min nəfərlik peşəkar ordu qurulmalıdır. Və bunun üçün Azərbaycan dövlətinin bütün imkanları var. Hərb də bir sənətdir və biz elə etməliyik bu hərb sənətinə bizim həm fiziki baxımdan , həm də intellektual baxımdan hazırlıqlı insanlarımız gəlsin. Əgər kiçik bir araşdırma aparsaq görəcəyik ki, bizim hərbi məktəblərə qəbul olunan şəxslər çox aşağı ballalarla qəbul olunurıar. Niyə? Ona görə ki, hərbçilərin dövlət tərəfindən lazımi sosial təminatı lazimı qaydada təmin olunmayıb.
“Cəbhəçilərin təşəbbüs qrupu”nun namizəd Razi Nurullayev ordunun indiki vəziyyətindən danışıb və vurğulayıb ki, ordunun qurulmasında prezident İlham Əliyevin rolu danılmazdır. O əlavə edib ki, seçicilərin ona etimad göstərəcəyi təqdirdə ordunu hər şeyi söküb sıfırdan qurmaq istəmədiyini deyib.
“Seçiləcəyim təqdirdə ordunu sıfrıdan qurmaq, hər şeyi söküb dağtmaq istəmirəm. Mənim tələbəlik illərimdə, 90-cı ilin əvvəllərində olan xaos vəziyyət bu gün də gözlərimin önündən getmir. Bunun təkrarlanması yolverilməzdir. AXC hakimiyyəti dövründə yanlış kadr siyasətləri də oldu və bu da bizim hakimiyyətimizi itirməyə səbəb oldu. Hərbi savadı olmayan Rəhim Qazıyevin müdafiə naziri olması da bu faktlardandır”.
Razi Nurullayev Dağlıq Qarabağ məsələsi ilə bağlı proqramını açıqlayıb və qeyd edib ki, o, Pakistanın nüvə silahından istifadə edəcək:
Azərbaycanın iki qardaş ölkəsi var; Türkiyə və Pakistan. Mən prezident olsam Pakistan ordusu və nüvə silahı Azərbaycanda olacaq. Mən Pakistana elə təklif edəcəyəm ki, onlar bundan imtina etməyəcək. Zatən Pakistan həmişə Azərbaycanın dostu olub. Türkiyə Minsk qrupunun həmsdər ölkəsi olmalıdır. Bunun üstündə ciddi dayanacağıq. Həmsədr ölkə prezidentləri, Türkiyə Azərbaycan və Ermənistan danışıqlar masasına oturur, 6 ay, maksimum 1 il içərisində Qarabağ tamamilə azad olunur. Əks halda Türkiyənin Suriyada keçirdiyi anti-terror əməliyyatı kimi Azərbaycan da əməliyyat keçirib Qarabağı azad edəcək.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında ölkədə yaranan ifrat kasıb və ifrat varlı təbəqənin yaranmasından danışıb və bunu daxili sabitliyə təhlükə kimi qiymətləndirib:
“Bir nazirin vətəndaşlardan oğurladığı pulla övladı dollar vannası qəbul edir, Azərbaycanda 17 min tələbə təhsil haqqını ödəmədiyinə görə universiteti yarlmçıq qoyur. Bir neçə nazirin qızı dubayda milyonlarla başa gələn əyləncə keçirir və onu virtual aləmdə nümayiş etdirir, Azərbaycanda isə dərman tapmayan gənc qızlar ölümə məhkum olur. Bir tərəfdə xaricdə, hansısa ölkənin paytaxtında, günorta bir paytaxtda, axşam bir pytaxtda yemək yeməklə gün keçirən nazir övladları olduğu bir yerdə, Azərbaycanda ailəsinə bir gündə çörək qazanmaq imkanı olmayan minlərlə insan var. Bütün bunlar hamısı onu göstərir ki, Azərbaycanda iqtisadi ədalətsizlik Azərbaycan ödvlətini, Azərbaycan milli təhlükəsizliyini çox ciddi şəkildə təhdid edir. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi işlər görülməlidir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də təklif edib ki, Azərbaycan NATO-ya üzvlük üçün müraciət etməlidir:
“İndiki halda vəziyyət Rusiya və Ermənistan üçün sülh sayıla bilər, amma bizim üçün müharibə dövrüdür və istənilən vaxt onların birləşmiş qüvvələri müharibəyə başlaya bilər. Nato-ya üzv olmaq üçün müraciət etmək lazımdır. Təkcə NATO ilə hansısa müqavilələr imzalamaq, tərəfdaşlıq etmək kifayət deyil. NATO-nun imkanlarından istifadə etməliyik”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxışının əsas hissəsini informasiya müharibəsinə həsr edib və bildirib ki, Azərbaycan daxilində satqınlar var və ona görə də Azərbaycan informasiya müharibəsində uduzur:
“Bu ölkənin idarə eləyənlərin, hökümət üzvlərinin əksəriyyəti vaxtilə dövlət başçısına, onun atasına xəyanət edib. Vaxtilə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını kəsən, indiki “Qaçqınkom”un sədri, rəhmətlik Şadman Hüseynə, keçmiş baş prokuror Əli Ömərova “bu Heydər Əliyevi Azərbaycana nəyə dəvət edirsiz?” deyən Əli Həsənovun “Qaçqınkom”da nə işi var? Onun Cəbrayıldan olan dostları, qohumları Azərbaycanın ünvanına Avropada oturub od püskürür. Niyə onları çağırıb demirlər ki, sən də mənim yerlimsən, cəbrayıllısan, niyə bu işlərlə məşğul olursan? Ölkənin milli təhlükəsizliyi bu gün təhlükə altındadır”.
Prezidentliyə namizəd deyib ki, ona “ASALA”nın Avropada bəzi azərbaycanlıları öldürəcəyi barədə məlumat daxil olub:
Hökümətin üzvlərinin balaları xaricdə milyardlarla pul xərcləyir. Onlar niyə bu gün dövlətin təəssübünü çəkmir? Ölkə başçısı təhqir olunur, niyə buna cavab verən yoxdur? Hanı bizim milli təhlükəsizlik orqanları?
İndi ASALA, Ermənistanın terror təşkilatları o Avropada olanları öldürmək istəyir, bizə məlumat daxil olub. Onları öldürəcəklər, sonra atacaqlar bizim üstümüzə ki, bunlar öldürdü. Ölkədə qarışıqlıq salacaqlar.
Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov çıxışının ikinci hissəsində hökumətlə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan hökuməti haqqında faktlara əsaslanmayan fikirlər səsləndirilib:
“Mən məcburam ki, bunların bəzilərinə cavab verim. Azərbaycanın daxilində Azərbaycanın təhlükəsizliyi ilə bağlı risklərin olması barədə fikirləri qətiyyətlə rədd edirəm. Digər tərəfdən Azərbaycanda prezidentin formalaşdırdığı komandanı bütünlüklə pisləmək və hər şeyin bu komandanın pis şləməyi ilə əlaqədar olduğunu iddia etmək də hesab edirəm ki, əsasszdır. Belə olanda prezidentlə prezidentin yaratdığı komanda arasında ziddiyyət yaratmaq meyli açıq-aşkar görünür. Azərbaycanda əgər uğurlar varsa, bunlar prezidentin rəhbərliyi altında prezidentin formalaşdırdığı komandanın işi ilə əldə olunub. O ki, qaldı azğın və uğursuz məmurlara,onlarla bağlı hamıdan əvvəl, heç biz bundan xəbər tutmadan prezident özü adddım atır”.