11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP
Ötən gün keçirilən növbədənkənar prezident seçkisini ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib. Müşahidəçilərin əksəriyyəti seçkilərin gedişatını müsbət qiymətləndirib, pozuntu qeydə alınmadığını bildiriblər. Onların bir qisminin fikirlərini təqdim edirik.
Çexiya deputatlar palatasının üzvü Yirji Valenta: “Azərbaycana ilk dəfə səfər edirəm. Dünən müşahidəçi qismində 14 seçki məntəqəsində oldum. Seçkilər demokratik şəraitdə baş tutdu”.
Rumıniya Parlamentinin Deputatlar Palatasının müşahidə missiyasının rəhbəri Viktor Ponta: “Əlbəttə, bütün seçkilərdə olduğu kimi müəyyən məsələlərin düzəldilməsi, təkmilləşdirilməsi lazım gələ bilər. Amma ümumi şəkildə deyə bilərəm ki, seçki demokratik prinsiplərə uyğun təşkil edilmişdi. Üç məntəqədə olduq, müşahidəçilərlə söhbət etdik. Müşahidə apardığımız məntəqələr lazımı texniki avadanlıqla təmin olunmuşdu”.
Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov: “Qanun pozuntuları yox idi, xalqın əhval-ruhiyyəsi yüksək idi. Seçicilər öz iradələrini azad şəkildə ifadə edə bildilər. Seçkilərin keçirilməsi üçün yaxşı şərait yaradılmışdı. Azərbaycan xalqına tərəqqi və sülh arzulayıram. Qırğızıstan Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə təbrik edir”.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans: “Məntəqələrdə səsvermə prosesi yaxşı təşkil olunmuşdu. Biz seçki məntəqələrində olanda proseslər açıq və şəffaf keçirilmişdi”.
Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev: “Həqiqətən böyük təşkilati iş aparılmışdı. Hər yerdə gözəl ab-hava var idi. Səsvermənin normal mühitdə keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdü”.
Mərkəzi Demokrat Beynəlxalq Hərəkatına üzv Partiyalarının 24 nəfərdən ibarət nümayəndə heyəti sədri Maryo Deyvid: “Bütün namizədlərə platformalarını irəli sürmək üçün imkan verilib. Hətta seçkiləri boykot etmiş partiyaların belə birgə nümayiş keçirilməsinə imkan verilib. Seçki kampaniyası dövründə toplaşma, birləşmə, söz və vicdan kimi insan hüquqları məhdudlaşdırılmayıb”.
Baltik Assambleyasının prezidenti, Litva parlamenti nümayəndə heyətinin rəhbəri Valerius Simulik: “Hər kəs azad və sərbəst şəkildə öz namizədinə səs verirdi. Sizin ölkənizdə insanlar seçkilərdə çox fəallıq göstərirlər. Avropa ölkələrində seçici fəallığı buradan az olur. Seçki prosesi tam qanunauyğun keçirildi”.
MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev: “Qafqazda platforma, proqram deyil, nüfuzlu şəxsiyyətin olması vacibdir. Azərbaycan prezidenti də belə nüfuza malikdir. Seçkilərə çox böyük maraq var idi. Azərbaycan seçki qanunvericiliyini mükəmməlləşdirmək istiqamətində işləri davam edir. Seçki ilə bağlı səlahiyyətli orqanların böyük işini qeyd etmək istəyərdim. Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm”.
Yeni Azərbaycan Partiyasının tərəfdarları Bakının mərkəzində namizədlərinin qələbəsini qeyd edir. Foto: Əziz Kərimov / AP
Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski: “Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunub. Ümumi atmosfer sakit, bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi. Təəssüf ki, 4 siyasi qurum – Demokratik Qüvvələrin Milli Şurası, REAL, Ümid və Müsavat partiyaları seçkiləri boykot etmişdi. ECR nümayəndə heyəti bunun prosesin inklüzivliyinə təsir göstərəcəyini hesab edir, çünki bu seçiciləri iştirak etməkdən çəkinməyə sövq edir. Seçicilərin azadlığı və səsvermənin gizliliyi tam təmin olunub. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmayıb”.
Türkiyə – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq”.
GİSDİ – Azad və Demokratik Seçkilər Uğurunda Vətəndaş Təşəbbüsü Təşkilatının (Bolqarıstan) müşahidə missiyasının rəhbəri Mihail Mirçev: “Belə qənaətə gəlirik ki, seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb. Səsvermə kabinələri bütün standartlara cavab verirdi və gizli səsvermə üçün şərait yaradılmışdı. Ümumilikdə, səsvermə prosesi normal və şəffaf keçib”.
Moldova parlamenti sədrinin müavini, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vladimir Vitiuc: “Seçicilərə bərabər şərait yaradılmışdı. Vətəndaşlar öz iradələrini sərbəst ifadə etmək imkanına malik idilər. Biz seçki saxtakarlığının qarşısını alan yeniliklərin də şahidi olduq. Bu mənada Azərbaycan təcrübəsi başqa ölkələr üçün nümunədir”.
Serbiya Parlamentinin sədr müavini Veralub Arsiç: “Yüksək nəticəyə görə prezident İlham Əliyevi təbrik edir, ona işlərində böyük uğurlar arzu edirəm. Sizin ölkənizdə bayram əhvalı gördüm. Xalq öz prezidentini seçmək üçün sərbəst şəkildə, həm də fəallıqla məntəqələrə gedir, səsini verirdi. Məntəqələrdə olarkən hər hansı neqativ halla qarşılaşmadıq. Təşkilatçılıq yüksək səviyyədə idi”.
Fransa müşahidə qrupunun üzvü Mişel Teğo: “Digər beynəlxalq müşahidəçilər də heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçkilərin kənar təzyiq olmadan, normal keçdiyini deyib. Seçkilər tam şəffaf olub. Nəticənin beynəlxalq və yerli “exit-poll”ara uyğun olduğunu qeyd etmək lazımdır. Seçkilər demokratik standartların davam etdirilməsi üçün doğru istiqamətdə atılan addım idi”.
Finlandiya müşahidə qrupunun üzvü Juha Korkeaoya: “Səsvermə zamanı seçki məntəqələri yaxınlığında kampaniya aparılmırdı, məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçicilər lazımi qaydada qeydiyyatdan keçirilib seçici siyahısına daxil edilmişdi”.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (Belçika) müşahidə missiyasının üzvü Klod Monike: “Seçki günü 20 məntəqədə olduq. Müşahidələrimizə əsaslanaraq bildiririk ki, seçkilər səmərəli, yaxşı mühitdə təşkil edilib. Heç bir əsaslı pozuntular qeydə alınmayıb”.
Bosniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Pedrak Kozul: “Azərbaycanı xalqı seçki münasibətilə təbrik edirəm. Azərbaycan parlamentinə minnətdarlığımı bildirirəm ki, bizi seçki prosesini izləmək üçün dəvət edib. Seçki prosesini izləmək üçün bütün beynəlxalq müşahidəçilərə bərabər imkan yaradılmışdı. Müşahidələrimiz zamanı məntəqələrdə heç bir problemin şahidi olmadıq. Seçkilər zamanı gənclərin fəallığını daha çox müşahidə etdik. Bundan başqa, əlil insanların da seçkidə iştirak etmələri üçün imkan yaradılmışdı”.
Estoniya müşahidə missiyasının üzvü, estoniyalı deputat Denis Baroniç: “Əlbəttə, bu, çox yaxşı haldır. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçki prosesi zamanı heç bir qanun pozuntusunu olmadı. Beynəlxalq müşahidəçilər bütün prosesi şəffaf olaraq izləyə bilirdilər”.
Cənubi Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət seçki monitorinq qrupunun Albaniyadan olan üzvü Vokşi Albana: “Seçkilər demokratik və şəffaf keçib. Səsvermə məkanları yaxşı hazırlanmışdı. Müşahidə zamanı seçici siyahıları ilə bağlı heç bir problemlə rastlaşmadıq. Səsvermə sakit, kənar müdaxilə olmadan keçdi. Səslərin sayılmasında da heç bir problemlə rastlaşmadıq. Bu proses şəffaf həyata keçirildi. Bütün protokollar müşahidəçilərin ilk tələbi ilə onlara göstərilib”.
Avropa İttifaqı Regional komitə üzvlərinin Müşahidə Missiyanın üzvü Uno Silberq: “Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir maneçilik olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst, gizli səsvermə hüquqları təmin edilib”.