AXCP sədrinin müavini Gözəl Bayramlıya Kürdəxanı İstintaq Təcridxanasında təzyiq edildiyi bildirilir. Bu haqda AXCP rəhbərliyi və G.Bayramlının yaxınlarından məlumat yayılıb.
AzadlıqRadiosu yazır ki, aprelin 28-də Gəncə İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən G.Bayramlıdan dövlət başçısına əfv ərizəsi yazmaq tələb edilib.
Gözəl Bayramlının yaxınları deyir ki, tələb uğursuzluqla bitdikdən sonra Gözəl Bayramlını cəzalandırmaq üçün 10 saat müddətində Kürdəxanıda soyuq yerdə ac-susuz saxlayıblar. Sonra 4 saylı Cəzaçəkmə Müəssisəsinə göndəriblər.
Gözəl Bayramlı özü isə mübarizə əzminin möhkəm olduğunu, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.
“G.Bayramlının təcridxanada əfv ərizəsindən ötrü hansısa işgəncəyə, təzyiqə məruz qalması haqda deyilənlərin heç bir əsası yoxdur”. Bu sözləri isə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
- G.Bayramlı ötən il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət sonra uzadılıb.
- Rəsmi açıqlamada deyilənə görə Gürcüstandan qayıdarkən Bayramlının əşyaları arasında bəyan edilməyən 12 min dollar pul tapılıb. Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar.
- Bu ilin yanvarında xanım siyasətçi 3 il həbs cəzası alıb.
- Xanım siyasətçi həbsinin siyasi sifariş olduğunu deyir.