Britaniya hökuməti mayın 1-də Kayman və Vircin adalarındakı şirkətlərin sahibləri üzərindən məxfiliyin qaldırılmasına razılaşıb.Bu addım korrupsiya və vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Meydan Tv xəbər verir ki, hökumət planına görə, bu, 2020-ci ilin sonunadək həyata keçiriləcək.
İlham Əliyevin Böyük Britaniya Baş naziri Tereza Mey ilə görüşü. Foto: president.az
“Christian Aid” təşkilatının əməkdaşı Simon Kirkland deyib ki, bu, çirkli pulların yuyulmasına və vergidən yayınmalara qarşı mübarizə aparan fəalların çoxdan gözlədiyi qərardır.
Britaniya Vircin Adalarının (BVA) hökumət başçısı Orlando Smit deyib ki, o bu xəbərlərdən “dərindən narahat olub” və Londonun yeni şəffaflıq siyasətini “dərindən qüsurlu” hesab edir.
O bildirib ki, belə bir qərar nəinki əraziyə olan etimadı, hətta Britaniya hökuməti ilə gələcək münasibətləri sual altında qoyur, BVA əhalisinin konstitusiya haqlarını nəzərə almır.
Xarici işlər nazirinin müavini Alan Duncan deyib ki, hökumət iki millət vəkilinin qanuna təklif etdiyi dəyişiklikləri qəbul etməyə hazırdır. Bu dəyişikliklərə görə, ofşor ərazilərdəki şirkətlərin əsl sahiblərinin adlarından ibarət mərkəzi reyestr jurnalistlər və ictimaiyyət üçün açıq olmalıdır.
Bu dəyişiklikləri təklif etmiş müxalif millət vəkili Margaret Hodge deyib ki, yeni qanunlar bir sıra rejimlərin və onların müəmmalı və çirkli pullarının gizlədilməsi və yuyulmasının qarşısını alacaq.
Dəyişikliklər qəbul olunarsa, Man və Normand adalarına (Channel Islands) tətbiq olunmayacaq, çünki Britaniya parlamenti bu ərazilərə qanun diqtə etmək səlahiyyətinə malik deyil.
Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin 2016-cı ildə apardığı araşdırmaya görə, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin də Böyük Britaniyada milyonlarla dollarlıq mülklərin sahibidirlər.
Panama sənədləri göstərir ki, 2015-ci ilin yanvarında prezidentin qızları daha bir Vircin adaları şirkətini – Exaltation Ltd.-i qeydiyyatdan keçiriblər. Bu şirkət vasitəsilə qiyməti 1 milyon dollardan baha olan daha bir Britaniya mülkü alınıb. Leyla və Arzunu təmsil edən başqa bir London hüquq firması – Child & Child onların yüksək ictimai vəzifə tutan fiqura (politically exposed persons or “PEPs”) yaxın və yaxud onun ailə üzvləri olduğunu göstərməyib.