Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qaydalar Komitəsi bu gün qurumun 4 üzvünə, o cümlədən də Səməd Seyidova sanksiya tətbiq edib. Sanksiyaya əsasən bu üzvlər AŞPA-nın komitələrində vəzifə tutmaq, prezident və vitse-prezident seçilmək, məruzəçi və seçki müşahidəçisi olmaq hüquqlarından məhrum ediliblər.
Səməd Seyidov bu qərara münasibət bildirib və deyib ki, bu sanksiya Azərbaycan nümayəndə heyətinə heç bir mənfi təsir göstərə bilməz.
“Bunun mənfi təsiri Avropa Şurasının özünədir ki, təşkilatın içində böyük böhranın, ikili standartların və Azərbaycana qarşı qərəzin olduğunu nümayiş etdirir” – deyə S.Seyidov bildirib.
Qurumun qərarı ilə bağlı mətbuat konfransı keçirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü sanksiyanı erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, AŞPA-da belə qərarın qəbul olunması Azərbaycanı Avropa-Azərbaycan münasibətlərində Avropa tərəfindən qınağa məruz qalmış partnyora çevirmək istəyən qüvvələrin işidir.
S.Seyidov açıqlamasında bildirib ki, AŞPA-da korrupsiya iddialarını araşdıran istintaq qrupu yaradılanda o da həmin istintaqda ifadə verib və 3 saat ərzində ondan yalnız korrupsiyaya yol verməsi barədə etiraf tələb olunub:
“İstintaq qrupunun yaradılmasını, kökünü biz əvvəlcədən hiss etdik, onun yaranması ilə bağlı münasibətimizi bildirdik. Amma qərara hörmət edib bu qrup yaradılandan sonra nümayəndə heyətinin rəhbəri bu qrupa 3 saat ifadə verib. Bu müddət ərzində onlar mənə eyni sualı verib. “Sadəcə etiraf edin ki, siz burada qeyri-qanuni işlərlə məşğul olursunuz. Onda sizin başqa heç bir yerdə adınız olmayacaq”. Onların məqsədi bundan ibarət idi ki, nümayəndə heyətinin rəhbəri nəyisə etiraf etsin. Etiraf etmək mümkün deyil, çünki Azərbaycan nümayəndə heyəti öz işini yüksək səviyyədə görür”.
Parlamentari onu da vurğulayıb ki, Avropa Şurası meydan və imkandır və Azərbaycan bu meydandan çəkilməyəcək:
“Əminəm ki, Avropa Şurası dəyişəcək. 2001-ci ildə biz Avropa Şurasına gələndə onun binası üçün gəlməmişik, qanununun aliliyi və ümumbəşəri dəyərlər üçün gəlmişik. Hazırda isə bu dəyərlər alət kimi istifadə edilərək ölkələrə təzyiq vasitəsinə çevrilib.
Bu, heç də o demək deyil ki, biz bu meydanı tərk edəcəyik. Bizim bayrağımız ulu öndər tərəfindən Avropa Şurası binası qarşısında yüksəldilib. O, bir meydandır, imkandır, biz o imkandan istifadə etmişik, edirik və bundan sonra da edəcəyik. Azərbaycan həqiqətlərini ən yüksək səviyədə Avropa Şurasında çatdıracağıq”.