Bakı Apellyasiya Məhkəməsi REAL Partiyasının təmsilçiləri Azər Qasımlı və Nəriman İsmayılovu həbsdə saxlayıb. Bu gün, iyunun 4-də onların apellyasiya şikayətləri rədd edilib. Bu barədə onların vəkili Elçin Sadıqov məlumat verib.
Azər Qasımlının xanımı Samirə Qasımlı jurnalistlərə açıqlamasında bildirib ki, onun cəzasının yüngülləşdirilməsinə əsas verən hallar olsa da, bu baş verməyib. Onun sözlərinə görə, Azər Qasımlı ilə yanaşı, Nəriman İsmayılov, Elmin Həmzə və Ərəstun Baxşəliyevin həbsdə olduqları 1 həftə ərzində yaxınları ilə görüşlərinə icazə verilməyib.
“Azər Qasımlı içəridəki rejimi bir kəlmə ilə ifadə edir; gestapo rejimi. Onlar bütün gün ərzində dörd divar arasında saxlanılır, havaya çıxmağa icazə verilmir, hətta uzanmağa belə icazə yoxdur, bütün gün oturaq vəziyyətdədirlər” – deyə A.Qasımlının xanımı vurğulayıb.
S.Qasımlı insan hüquqları ilə məşğul olan təşkilatları adı çəkilən məhbusların vəziyyəti ilə bağlı maraqlanmağa çağırıb.
Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REALın təşəbbüsü ilə yürüş keçirilib.
Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.
Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib
Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.