Bakıda müntəzəm marşrut xəttində adı “qara siyahı”ya salınan sürücülər başqa marşrutda sürücü kimi fəaliyyət göstərə bilməyəcək.
Trend yazır ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O deyib ki, işdən qovulan sürücülərin təlimlərə cəlb edilərək yenidən işə qəbul olunmasına icazə verilməsi müəyyən qaydalar çərçivəsində baş tuta bilər:
“Məsələn, əgər həmin sürücü təlimdən keçmək üçün müraciət edərsə, onun törətdiyi hadisənin ağırlıq dərəcəsi müəyyənləşdiriləcək. Bakı Nəqliyyat Agentliyi bu cür məsələlərə liberal mövqedən yanaşır. Biz maksimum çalışmışıq ki, hər hansı hadisə törədən sürücünü cəzalandırmaq əvəzinə ilk əvvəl maarifləndiririk. Bakı Nəqliyyat Agentliyi bu məsələyə maksimum humanist yanaşır. Lakin, bu o demək deyil ki, agentlik hansısa daşıyıcıya güzəştə gedəcək”.