Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsi (OCCRP) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlı yeni araşdırma yayımlayıb. Araşdırma BƏƏ-də daşınmaz əmlak, ticarət, pul köçürmələri, qızıl bazarı, yaşayış icazəsi, viza kimi müxtəlif sahələr və bunların idarə olunması, bu sahələrdəki qanunvericiliklə bağlıdır.
OCCRP-nin qeyri-kommersiya təşkilatı C4ADS ilə birlikdə əldə ətdiyi sənədlərdə qeyd olunub ki, BƏƏ-də 54 min ünvan qeyd olunub. Burada 181 ölkədən olan 129 000 nəfərin mülkü var. 2017-ci ilə olan məlumatlara görə, Dubayda yaşayan milyonerlərin sayı artıb və onlar 5 min nəfərdir.
Daşınmaz Əmlak
OCCRP əməkdaşları Dubayda mülk sahibi olmağı araşdırıb. Ekspertlər deyir ki, burada mülk sahibi olmaq çox asandır. Bunun üçün cəmi bir neçə sualı cavablandırmaq kifayətdir. OCCRP-nin reportyoru Dubayda 7 daşınmaz əmlak agentliyinə baş çəkib və özünü müştəri kimi təqdim edib. Onların hamısı nağd pulla ödənişə üstünlük verib və bildiriblər ki, evi almazdan əvvəl heç bir tələb və ya qayda yoxdur. Mülk üçün ödəniləcək məbləğin mənbəyi agentliklərə çox da maraqlı olmayıb.
Foto: David Rodrigo / Unsplash.
Dubayda xarici ölkə vətəndaşlarına icazə verilir ki, xüsusi investisiya bölgələrində mülk sahibi olsunlar. Satışlar dövlət tərəfindən hər hansısa təsdiq tələb etmir və sənədləşmələr minimum səviyyədədir. Bu da Avropa və ABŞ-da daşınmaz əmlak bazarına girə bilməyən alıcılar üçün Dubayı daha da cəlbedici edir.
Araşdırmada qeyd olunan daha bir detal ABŞ-ın son on ildə sanksiya tətbiq etdiyi bir çox Rusiya və Avrasiya əsilli mütəşəkkil cinayətkar qruplaşmaların Dubayda mülkləri var. Bu da Dubayı Rusiya və keçmiş Sovet respublikalarından olan qanqsterlərin sığınacağına çevirib.
Qızıl bazarı
Birləşmiş Ərəb Əmirlikləri qanunvericiliyindəki “rahatlıq” ölkədə təkcə daşınmaz əmlak sahəsini yox, digər sahələri də onlara pul xərcləmək üçün asanlaşdırır. Əsasən də qızıl bazarı. BƏƏ dünya ticarətinin 25%-ni təşkil edən qızıl bazarının episentridir.
Qızıl sənayesinin böyük qismi Dubay Multi Əmtəə Mərkəzi (DMCC) azad zonasındadır ki, ekspertlərin rəyinə görə bu yer böyük həcmli qiymətli metalların “yuyulması” üçün istifadə olunur.
Afrika Kanada Əməkdaşlığının 2017-ci il hesabatına görə Dubay Qərbi Afrika, əsasən də Malidən qeyri-qanuni gətirilən qızılın əsas dayanacağıdır.
Bir vergi cənnəti kimi Dubaydakı qanunvericilik “soruşma, demə” prinsipi əsasında qurulub. Vergi Ədliyyəsi Şəbəkəsinə görə Dubay qızıl sənayesi operatorlarından razılıq əldə etdikləri şirkətlərlə bağlı çox informasiya toplamaq tələb etmir.
OCCRP əməkdaşları həmçinin Dubayda viza, yaşayış icazəsi, pul köçürmələri, ticarət və azad zonalar haqqında da araşdırma ediblər. Bununla yanaşı araşdırmanın tərkib hissəsi kimi Dubayda mülkləri olan şəxslərin də adlarının siyahısı və sahib olduqları mülkərin sayı, onların hansı ölkədən olduğu və gördükləri işlə bağlı məlumat qeyd olunub. Burada mülk sahibi olanlar arasında 15 nəfər azərbaycanlı da var.
Onlar aşağıdakılardır:
Çingiz Əsədullayev – Azəriqazbankın payçısı, 2000 və 2005-ci illər çağırışı Milli Məclisinin deputatı. Dubayda iki mülkü var.
Fərid Novruzi – Novco Groupun təsisçisi və rəhbəridir, bu şirkət Azərbaycan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Litvada brend geyim mağazaları idarə edir. Onun qardaşı Elsel Novruzi həmin şirkətin vitse-prezidenti və eləcə də Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin kürəkənidir. Dubayda iki mülkü var.
Günel Novruzi – Dövlət Miqrasiya Xidmətinin keçmiş sədri Aydın Əliyevin qızı və Novco Groupun vitse-prezidenti Elsel Novruzinin həyat yoldaşıdır. Onun adına Dubayda bir mülk var.
Fərhad Qəribov – 2005 və 2015-ci illərdə Milli Məclisin deputatı olub, 2000-ci illərdə isə Debut Bank adlı bank yaradıb. Mərkəzi Bank 2010-cu ildə bu bankın lisenziyasını ləğv edib. Buna səbəb kimi də bankın saxtakarlığa yol verməsi göstərilib. Fərhad Qəribovun Dubayda iki mülkü var.
Rüfət Katibli – SOCAR-ın Marketinq və Satış Departamentinin rəhbəridir. Dubayda 1 mülkü var.
Arif Mir Cəlal oğlu Paşayev – Vitse-prezident və birinci xanım Mehriban Əliyevanın atası. Milli Aviasiya Akademiyasının rəhbəri, eləcə də prezidentin qızları Leyla və Arzu Əliyeva ilə birlikdə Pasha Holdigin əsas payçılarından biri. Dubayda onun adında bir mülk var.
Baba Rzayev – Azərİşıq ASC-nin sədridir. Onun ailə biznesi ilə bağlı jurnalist Xədicə İsmayılın 2012-ci ildə araşdırması dərc olunub. B.Rzayevin Dubayda bir mülkü var.
Xəyal Əlizadə – keçmiş prezident Heydər Əliyevin köməkçisi Tariyel Ağayevin kürəkənidir. Xəyal Əlizadə Azərbaycanda Almaniya vətəndaşı Vüsal Şildlerin qətlində təqsirli bilindiyinə görə axtarışdadır. Onun Dubayda bir mülkü var. OCCRP onun şəxsi email adresini əldə edib. Əlizadə mülkləri barədə heç bir şərh verməyib, amma cinayət əməlinə görə axtarışda olduğunu təsdiqləyib.
Baharxanım Talıbova – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıobvun qızıdır. Dubayda 1 mülkü olan Talıbovanın adı həm də “Azərbaycan yuyan maşın” araşdırmasında da çəkilir.
Mahmud Qubatov – Azərbaycan Metereologiya İnstitutunun direktorudur. Əldə edilən məlumatlarda Mahmud Qubatov mülk satıcısı kimi qeydiyyatdadır.
Nicat Heydərov – Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. Meyvə şirəsindən daşınmaz əmlaka qədər bir çox sahəni əhatə edən holdinqlərin sahibi olan Heydərovlar ailəsi ölkənin ikinci ən nüfuzlu ailəsi hesab olunur. Nicat Heydərovun adına Dubayda ümumilikdə 5 mülk var.
Seymur Talıbov – Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğullarından biridir və 2015-ci ildə Milli Məclisin deputatı seçilib. Dubayda bir mülkü var.
Tale Heydərov – Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun digər oğlu. Avropa Azərbaycan Cəmiyyətinin sədri olan Tale Heydərovun Dubayda 4 mülkü var.
Arzu Əliyeva – Prezident İlham Əliyevin kiçik qızıdır. Dubayda 7 mülkün sahibidir. Orataya çıxan sənədlərdə qeyd olunub ki, “Palm Marina” Əliyevanın kirayələdiyi gəmilərin limanıdır.
Heydər Əliyev – İlham Əliyevin oğlu. Onun da Dubayda 7 mülkü var.
Siyahıda adı hallanan investorlar təkcə azərbaycanlılar deyil, burada 3 nəfər Ermənistandan, 6 nəfər İran, 5 nəfər Rusiyadan olan investorun adı var. Onların bir qismi cinayətdə ittiham olunan şəxs, digər qismi isə sanksiyaya məruz qalanlardır.