AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Məmməd İbrahimin gözündə ciddi problem yaranıb.
Bu barədə onun oğlu Turan İbrahim məlumat verib. Mikroskop-a danışan məhbusun oğlu deyib ki, Məmməd İbrahimin bir gözündə görmə pisləşib sonra torlanma olub.
“13 iyunda rəhbərliyə bildirilsə də həkim gəlməyib. İyunun 14-dən isə problem ciddiləşməyə başlayıb və həmin gözündən daimi qara su axır. Hələ də atamı müayinədən keçirməyiblər”.
Məmməd İbrahim 2015-ci ilin sentyabr ayında saxlanılıb. Xuliqanlıqla ittiham edilən AXCP funksioneri barəsində 2016-cı ilin 15 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.
Beynəlxalq təşkilatlar Məmməd İbrahimi siyasi məhbus kimi tanıyıb. Özü də həbsini siyasi sifariş hesab edir.