Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iyulun 3-ü Yunis Səfərov adlı şəxsin sui-qəsd cəhdindən sonra yaralanıb. Hadisə barədə yayılan rəsmi məlumatların heç birində icra başçısının neçə güllə yarası aldığı, bədəninin hansı nahiyələrindən yaralandığı qeyd olunmayıb. Onun baş və qarın nahiyəsindən güllə yarası aldığı barədə məlumatlar yayılsa da rəsmi təsdiqlənməyib. Digər bir versiyada isə onun icra hakimiyyəti qarşısında sui-qəsdə məruz qalan zaman pilləkənlərdə müvazinətini itirib yerə yıxılmağı və buna görə də başından zədə aldığı qeyd olunur. Bu məlumatların da heç biri rəsmi təsdiqlənməyib.
https://www.instagram.com/p/BlNysvvDnr2/?taken-by=mikroskopmedia
Baş Prokurorluq, DİN və DTX-nın Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə yaydığı məlumatda yalnız o qeyd olunub ki, icra başçısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hazırda icra başçısının müalicəsi davam edir, lakin Azərbaycanda yox. Onun İsrailin Haifa şəhərində yerləşən Rambam dövlət tibb mərkəzində müalicə aldığı bildirilir. Vəliyevin xəstəxanadan yayılan fotosunda da yastığın üzərinə yəhudi dilində dövlət tibb mərkəzi yazılıb.
Bir az da hospital haqqında
Rambam İsrailin ən yaxşı 3-cü klinikası hesab edilir. 1938-ci ildə əsası qoyulan hospitalda 1200 həkim, 1600 tibb bacısı çalışır. Hospitalın tərkibində 36 şöbə, 10 elmi institut və 9 araşdırma laborotriyası var. İl ərzində 600 min xəstə qəbul edən hospitalın illik 1300 pasienti xarici ölkə vətəndaşlarıdır. Onlardan 1.5%-i Azərbaycan vətəndaşıdır.
[infogram id=”rambam-hospitalinda-hansi-olknin-vtndaslari-mualic-olunur-1h7v4peyxnz86k0″ prefix=”JNk”]
Klinikanın qiymətləri heç də ucuz deyil. Burada müalicə olunmaq üçün minimum 8-10 min dollardan başlayaraq 100-150 min dollara qədər pul lazımdır. Təbii ki, bu qiymətlər xəstəliyə, müalicə formasına görə dəyişir. Elmar Vəliyevin isə dəqiq hansı nahiyəsindən yaralandığı və nə üzrə müalicə aldığı məlum olmadığından onun müalicəsinə nə qədər pul xərcləndiyini müəyyən etmək olmur.
İcra başçısının müalicə xərcləri kimin öhdəsindədir?
Elmar Vəliyev iş başında olduğu vaxtda yaralandığına görə, onun müalicə xərclərini də Əmək Məcəlləsinə əsasən dövlət qarşılamalıdır. Bu hadisə icra başçısı məzuniyyətdə olduğu vaxt ərzində baş versəydi o zaman başçı öz hesabına müalicə olunmalı idi. Amma qanunda bu müalicənin ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulub. Xaricdə müalicə üçün isə xərcləri dövlət məmuru öz hesabından ödəməlidir.
Başqa kimlər Azərbaycanda müalicə olunmaq istəməyib?
İcra başçısı Elmar Vəliyev müalicə üçün xaricə üz tutan ilk və tək dövlət məmuru deyil. 2003-cü ildə səhhəti pisləşən eks-prezident Heydər Əliyev də müalicə üçün ilk olaraq Türkiyənin Gülhane xəstəxanasına, daha sonra isə ABŞ-ın Klivlend xəstəxanasına aparılmışdı.
Baş nazirin keçmiş müavini Abid Şərifov ürək əməliyyatı üçün Almaniyaya üz tutub. Bir müddət əvvəl mediada Səhiyyə Naziri Oktay Şirəliyevin də müalicə üçün Almaniyaya getdiyi yazılsa da bu xəbər rəsmi təsdiqini tapmayıb.
Dövlət məmurlarından başqa Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də ürəyinin müalicəsini əvvəl Azərbaycan və Türkiyədə, daha sonra isə Almaniyada davam etdirib.
Xalq artisti Rafiq Hüseynov xərçəng müalicəsi üçün Almaniyaya, xalq şairi Vaqif Səmədoğlu isə eyni xəstəliyə görə İsrailə üz tutub.