Mavi bayraq nədir və niyə Azərbaycanın heç bir çimərliyinə bu bayraq verilmir?

Foto: news.gtp.gr

1

Blue flag, yəni mavi bayraq haqqında

Blue flag, yəni mavi bayraq Ətraf Mühit Maarifləndirmə Fondunun (FEE) çimərliklərə verdiyi sertifikatdır. Qeyri-hökumət təşkilatı olan FEE-yə 60 ölkə üzvdür və onun tərkibində 65 təşkilat var. Bu təşkilatın beynəlxalq münsiflər heyəti hər il çimərlikləri müxtəlif kriteriyalara əsasən qiymətləndirir və onların bəzilərini mavi bayrağa layiq görür. Həmin bayraq çimərliyin diqqət çəkən hissəsinə qoyulur və bundan sonra da həmin il ərzində mavi bayraq almış çimərliyin yoxlanışı davam edir. Əgər çimərlik növbəti mövsüm üçün standartlara cavab verməzsə, o zaman bayraq ondan geri alınır.

Blue flag sertifikatı ilk dəfə 1987-ci ildə Avropa Birliyinə üzv ölkələr arasında yaranıb və tədricən üzv olmayan ölkələrin də təklifi ilə bu sertifikat bütün dünya ölkələrinə tətbiq edilməyə başlayıb. Çimərlikdə yoxlanma aparılması, onun standartlara uyğunluğunun gözdən keçirilməsi üçün təşkilata könüllü müraciət etmək lazımdır.

Sertifikatın rəsmi internet səhifəsində hər il mavi bayraq almış çimərliklərin siyahısı dərc olunur. Mükafat yaranandan bəri onilliklərdir ki, İspaniya bu siyahıda mavi bayraqlı çimərliklərinin sayına görə liderlik edir. Bu il həmin çimərliklərin sayı 590-dır.

2

Mavi bayraq almaq üçün tələb olunan kriteriyalar nələrdir

Fondun çimərliklər üçün 4 əsas qrup üzrə 27 kriteriyası var. Bu qruplar aşağıdakılardır:

  • Ətraf mühitlə bağlı maarifləndirmə və informasiya. Bu qrupa çimərliyin yerləşdiyi ərazinin ekosistemi, suyun keyfiyyəti, Mavi bayraq proqramı barədə məlumatların nümayiş etdirilməsi daxildir.

  • Suyun keyfiyyəti. Bu qrupa daxil olan kriteriyalara görə çimərlik ərazisinə sənaye və məişət tutllantıları axıdılmamalıdır. Çimərlik yaxınlığındakı mərcan qayalıqlarının monitorinqi də bu qrup kriteriyalara daxildir.

  • Ekologiyanın qorunması. Bura çimərliyin təmizliyi, orada lazımi sayda zibil qutularının yerləşdirilməsi, ev heyvanlarının çimərliyə beynəlxalq qanunlara uyğun olaraq gətirilməsi, çimrəlik ərazisində nəqliyyatın məhdudlaşdırılması və s. bu kimi tələblər daxildir.

  • Təhülkəsizlik. Bu qrup kriteriyalara cavab vermək üçün çimərlikdə lazımi sayda xilasedicilər olmalı, orada ilk yardım üçün ləvazimatlar yerləşdirilməli, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməlidir.

3

Azərbaycan çimərliklərində blue flag

Azərbaycanda hələ ki, heç bir çimərlik mavi bayraq almaq üçün tələb olunan standartlara cavab vermir. Mədəniyyət naziri Əbülfəz Qarayev ötən il bildirib ki, ölkədə çimərliklərin bu səviyyəyə çatdırılması üçün nazirlik iş görür. Lakin Azərbaycan bu il də çimərliyi mavi bayraq alan ölkələr sırasında yoxdur.

Siyahıda ilk 5-likdə İspaniya, Yunanıstan, Fransa, Türkiyə və İtaliyadır. Qonşu Gürcüstanda da heç bir çimərlik mavi bayraq ala bilməyib.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin