Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova ürəyində olan problemə görə, kliniki ölüm keçirib və hələ də komadadır. Onun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. Amma müraciətə hələ heç bir cavab verilməyib.
Bəs qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə görə məhkumların cəzaçəkmə müəssisəsindən kənarda qısa müddətli səfərlər etmək imkanı var. Bu, məcəllənin 89-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə görə, məhkumlara yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə icazə verilir. Üstəlik bu zaman gediiş-gəliş üçün sərf olunan vaxt – iki gündən çox olmamaq şərti ilə – nəzərə alınmır.
Qanuna görə məhkumların bu məqsədlə verdiyi ərizəyə təxirə salınmadan baxılmalıdır və əgər icazə verilməzsə, bunun səbəbi əsaslandırılmalıdır. Qısa müddətli səfər üçün icazəni cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla verir.
Qısa müddətli səfərin şərtləri nələrdir?
Bu səfər zamanı məhkum ölkə hüdudlarını tərk edə bilməz. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Onun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir.
Daha öncə kimlər müvəqqəti azadlığa buraxılıb?
Keçmiş siyasi məhbus Tofiq Yaqublu 2015-ci ildə həbsdə olanda qızı Nərgiz Yaqublu vəfat edib. Həmin aprelində Tofiq Yaqubluya qızının dəfn mərasimində iştirak etmək üçün 7 günlük icazə verilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı 2012-ci ildə həbsdə ikən anasının dəfnində iştirak etmək üçün 7 gün, eləcə də digər keçmiş siyasi məhbus Rauf Mirqədirov 2014-cü ilin mayında anasının yas mərasimi üçün 7 gün müddətinə azadlığa buraxılıb.
Sonuncu dəfə isə hazırda həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlıya dəm qazından zəhərlənərək ölən bacısı, onun qızı və qardaşı qızının yas mərasimində iştirak üçün 2 günlük möhlət verilib.
Mehman Hüseynov niyə həbsdədir?
Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib. O, Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur.