Avropa İnsan Hüquqları Məhkəməsi hüquqşünas İntiqam Əliyevin işi üzrə qərar verib. Vəkil Fariz Namazlının verdiyi məlumata görə, məhkəmə Avropa İnsan Haqları Konvensiyasının saxlanma şəraiti, azadlıq hüququ, şəxsi həyata müdaxilə və hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi maddələrinin pozuntusunu tanıyıb.
İntiqam Əliyevə mənəvi zərərə görə 20 000 avro, məhkəmə xərclərinə görə isə 6150 avro kompensasiya ödənilməlidir.
Nə baş verib: İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Sahibkarlıq, mənimsəmə, vergidən yayınmada ittiham olunan hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. O, ittihamları rədd edib və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirib. 2016-cı ilin martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib.