Bu gün Bakı Apelyasiya Məhkəməsində müsavatçı fəal Azad Həsənovun birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri haqda qərarından verdiyi şikayətə baxılıb.
Qapalı keçirililən məhkəmədə fəalın şikayəti təmin edilməyib.
Bu barədə məlumatı Meydan TV-yə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Nə baş verib: Mühacirətdə olan Azad Həsənov ölüm ayağında olan atasını görmək üçün oktyabrın 10-da Azərbaycana gəlib və 11 oktyabrda səhər saatlarında həbs olunub.
Azad Həsənov kimdir: Müsavatçı fəal 2003-cü ildən partiyanın fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.
Hansı maddə ilə ittiham edilir: Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.