Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir.
Əfqan Muxtarlı bunu noyabrın 7-də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı deyib.
Jurnalist deyib ki, ədliyyə nazirinə yazdığı məktubun məzmunu ona övladları ilə skayp danışığına şərait yaradılması ilə bağlı olub.
Skayp danışığı üçün etdiyi müraciətin səbəbi də əslində Nuraydır. Heç olmasa Nurayla ya da böyük qızı ilə danışmaq imkanı yaratsınlar. Mart ayından Nuray burada psixoloji terapiya qəbul edir. Atası üçün darıxır. Onu görmək istəyir. Mart ayından terapiyadadır, təəssüflər olsun ki, bu terapiya çox az nəticə verir.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, skaypla danışmaq qanunvericilikdə nəzərdə tutulmayıb. Bu səbəbdən də hər hansı məhbusun, o cümlədən Əfqan Muxtarlının skaypla danışması mümkün deyil.
Leyla Mustafayeva isə deyir ki, əsas məsələ Əfqan Muxtarlının yazdığı məktubun ədliyyə naziri Fikrət Məmmədova göndərilməməsindədir.
Həbsxana gözətçilərinin, belə deyək rəhbərliyində kim cavabdehdirsə bu hərəkəti çox qanunsuzdur. İstənilən halda skype danışığının qanuna uyğun və ya qanuna uyğun olmadığını və ya bunun baş tuta biləcəyi və ya bilməyəcəyini məktub kimə ünvanlanıbsa həmin instansiyadan cavab verilməlidir. Buna həbsxana nəzarətçiləri və ya rəhbərliyi qərar verə bilməz. Onların buna haqqı yoxdur.